Mehriban Əliyeva: "Bax bu, həqiqətən də mənə real inam, real güc verən amildir."
1-03-2017, 10:25
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 27-də “Rossiya 24” kanalına müsahibə verib.
teref.az Azərtac-a istinadən müsahibəni təqdim edir.
- Mehriban xanım, Sizi Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm. Bir həftədən az vaxt keçib. Fevralın 21-də Prezident İlham Əliyev Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin etmək barədə qərarını elan etdi. Biz bu kadrları - Təhlükəsizlik Şurasının kadrlarını gördük. Bəs Sizə bu təklif necə gəldi? Hansısa ailə şurası olubmu? Siz bunu nə qədər müzakirə etmisiniz? Bəlkə Siz dərhal razılaşmamısınız, uzun müddət düşünmüsünüz? Bu, necə olub?
- Denis, mən ilk növbədə, təbriklərə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən hadisə yenicə baş verib. Mənim üçün çox həyəcanlı hadisədir. Mən bu barədə təbii ki, rəsmi xəbər elan olunmazdan bir qədər əvvəl xəbər tutmuşdum. Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.
- Siz dərhal razılaşdınız?
- Əlbəttə ki, biz bu barədə danışmışdıq, diskussiya aparmışdıq, ölçüb-biçmişdik və mənim əsas şübhələrim üzərimə qoyulan məsuliyyəti nə qədər doğruldacağımla bağlı idi. Ümid edirəm ki, mən öhdəsindən gələcəyəm. İnanmaq istəyirəm ki, öhdəsindən gələcəyəm.
- Azərbaycan üçün vitse-prezidentlik yeni təsisatdır. Həmçinin Birinci vitse-prezident vəzifəsi. Bu, mahiyyətcə ölkədə əhəmiyyətinə görə ikinci vəzifədir. Sizin vəzifə öhdəlikləriniz – nə ilə məşğul olacaqsınız?
- Bilirsiniz, iş belə gətirib ki, artıq uzun illər ərzində mən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirəm. Mən artıq bir neçə ildir ki, ölkəmizin 700 minə yaxın vətəndaşını birləşdirən ən böyük partiyanın - Yeni Azərbaycan Partiyasının sədr müaviniyəm. Mən artıq 12 ildən çoxdur ki, milli parlamentin deputatıyam. Yeri gəlmişkən, düşünürəm ki, fəaliyyətimin bu sahəsi gələcəkdə mənə çox kömək edəcək. Çünki bu, seçicilərlə, insanlarla ünsiyyətin, problemlərin həllinə necə nail olmağın, hər hansı bir problemin həlli yollarının tapılmasının böyük təcrübəsidir. Bununla yanaşı, mən 13 ildir ki, Heydər Əliyev Fonduna rəhbərlik edirəm. Bu, qeyri-hökumət təşkilatıdır. O, təkcə Azərbaycanda deyil, bütün regionda ən iri fonddur. Fondun fəaliyyəti o qədər əhatəlidir ki, biz bu illər ərzində ölkə miqyasında iri və mühüm layihələr həyata keçirmişik. Bu da çox böyük təcrübədir.
Təbii ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək. Əlbəttə ki, tamamilə yeni təsisatdır və mən bu vəzifənin, yaxud, bu vəzifəni tutan şəxsin əsas rolunu Prezidentin komandasının üzvü və sadiq həmməsləki kimi görürəm. Konkret vəzifələri isə əlbəttə, ölkə rəhbərliyi və cari məqamın tələbləri müəyyənləşdirəcək.
- Sizə artıq hansısa tapşırıqlar verilibmi?
- Düşünürəm, dediyim kimi, bundan əvvəl icra etdiyim fəaliyyətin tutumu yəqin ki, daha geniş olacaq. Yəqin ki, iş birmənalı daha çox olacaq. Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram.
- Siz deyirsiniz ki, özünüzü Prezident komandasının bir hissəsi kimi hiss edirsiniz. Buna baxmayaraq, biz Sizinlə, necə deyərlər, hökumət binasında, Prezident Administrasiyasında, Baş nazirin olduğu yerdə söhbət etmirik. Biz Sizinlə başqa ofis binasındayıq. Niyə? Siz prinsipial olaraq, oraya köçməyəcəksiniz, yoxsa hələ iş yeri hazırlanır?
- Xeyr, burada, əlbəttə ki, heç bir prinsipial qərar yoxdur. Düşünürəm ki, bu, prinsiplərin göstəriləcəyi sahə deyil. Sırf texniki səbəblərə görə. Belə ki, hadisə yenicə baş verib. Bu bina mənim iş yerimdir. Burada həm Fondun ofisi, həm də sıx əməkdaşlıq etdiyimiz digər ictimai təşkilatların ofisləri yerləşir. Yəni, mən buna hansısa birinci dərəcəli məsələ kimi baxmıram. Əlbəttə, vaxtı çatdıqca yəqin aydın olacaq. Əgər Prezident Administrasiyasının binasında işləmək zərurəti olarsa, niyə də yox.
- Prezidentin və Birinci vitse-prezidentin pasportlarında eyni soyad olanda və bu insanlar nikahdadırlarsa, düşünürəm ki, bu, hamının xoşuna gəlməyə bilər. Sizin təyinatınızdan sonra ünvanınıza təbriklərlə yanaşı, Prezidentin bu qərarının tənqidi də olub. Azərbaycanın müxalifət axını bunun əleyhinə çıxış etdi. Onlar Əliyevləri Prezident hakimiyyəti kursunu gücləndirməkdə ittiham etdilər. Oxşar bəyanatlar bəzi xarici dövlətlərdən də gəldi. Təyinatınızın tənqidçilərinə və əleyhdarlarına Siz nə cavab verərdiniz?
- İlk növbədə, bu imkandan istifadə edərək, məni təbrik edib dəstəkləyən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz, bu, mənim üçün son dərəcə böyük rol oynayır. Çünki mən indiyə qədər sosial şəbəkələrdən minlərlə sadə insandan, bizim həmvətənlərimizdən, bəzən də Azərbaycanın hüdudlarından kənardakı həmvətənlərimiz olmayanlardan da çox səmimi arzularla, təbriklərlə dolu məktub və teleqramlar alıram. Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax bu, həqiqətən də mənə real inam, real güc verən amildir.
Tənqidə gəlincə isə mən ona tamamilə normal yanaşıram. Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil. Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var. Bu illər ərzində, təəssüf ki, ölkəmiz dəfələrlə haqsız, qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə rastlaşıb və yəqin bizdə artıq özünəməxsus immunitet yaranıb. Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazıram, ona tamamilə açığam və həssasam. Mən öz işimdə və fəaliyyətimdə təkmilləşməyə hazıram. Mən həmişə deyirəm ki, hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətlisi elə budur, hansısa şəxsi xırda ambisiyalarına görə sən öz ölkənə, əslində, xalqına qarşı müxalifətdə olmağa hazırsan. Bax, bu, dəhşətlidir. Buna görə də bu halda yenə də mənim vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra, hətta ən çox tənqid edən təbəqələrin obyektiv tənqidi üçün əsasları daha da azalsın. Mən çalışacağam buna nail olum.
- Dediyiniz kimi, Sizin fəaliyyətiniz və təyinatınızdan sonra gələn təbriklər dalğası mənə elə gəlir ki, bir-birinə bağlıdır. Çünki Siz Azərbaycanda inanılmaz dərəcədə sevilirsiniz. İlk növbədə, adamlarla söhbətlər əsnasında belə qənaətə gəlmək olar ki, Siz bir çox məmurlardan fərqli olaraq, quru insan deyilsiniz. Məmur peşəsinin tələbi isə sərtlikdir və bəzən “yox” demək bacarığıdır. Dövlət qulluğuna keçməklə indi Siz dəyişəcəksinizmi?
- Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli – bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar. Azərbaycan kiçik ölkədir və baş verənlərin hamısı gec-tez aydın olur. Buna görə də bu mənada mən öz fəaliyyətimi çox dəyişmək fikrində deyiləm. Şəfqət təkcə gözəl söz deyil. Əsl şəfqət real işlər - real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipiallıq, həmin iradə lazımdır. Ən əsası və ən dəhşətlisi biganəlik və laqeydlikdir. Bax, belə olmamalıdır! Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə bu, həmişə doğru yoldur.
- Azərbaycanın kiçik ölkə olması və insanların hər şeyi aydın görməsi barədə söhbətə gəlincə, bəlkə məhz elə buna görə kömək haqqında Heydər Əliyev Fonduna gələn məktublar Prezident Administrasiyasına gələnlərdən daha çoxdur. Yəqin, Sizə buna görə müraciət edirlər.
- Bu, elədir. Biz bu və ya digər problemin həllinə kömək göstərmək barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz Fondun fəaliyyətinin bu sahəsini qabartmırıq və təbliğ etmirik. Çünki bəzən şəxsi xahişlər, bəzən də insanların səhhətindəki problemlərlə bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz, həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Bilmirəm, yəqin təbii ki, Administrasiyada da bu məktublar nəzərdən keçirilir. Bu məktibların haraya və necə daxil olması ilə bağlı hansısa xüsusi mexanizm var. Bizdə bu mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb.
- Fondun uğurları lap çoxdur. Müvafiq olaraq, artıq kömək alan, yaxud ola bilər ki, müraciət edəcək insanlar düşünə bilərlər ki, Siz dövlət qulluğuna keçəndən sonra Fondun işindən uzaqlaşmaq təhlükəsi var. Fondun gələcək taleyi barədə nə deyə bilərsiniz?
- Sözsüz ki, Fond həm sizin dediklərinizi, həm də böyük təcrübə topladığını, nüfuzlu olduğunu, insanların ona inamını nəzərə alaraq, öz fəaliyyətini davam etdirməlidir. Buna görə də Fondun fəaliyyəti tam həcmdə davam etdiriləcək.
- Siz işinizi davam etdirəcəksiniz?
- Mən davam etdirmək fikrindəyəm. Bundan başqa, sizə deyim ki, xüsusilə iri layihələrin icrasında iş təcrübəmiz var. Biz dövlət qurumları ilə birgə işləmək təcrübəsinə malikik: Fond, dövlət qurumları və özəl sektor. Çox uğurludur. Yeri gəlmişkən, ən uğurlu layihələrdən biri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. Fond bunun təşəbbüskarı olub. Fondun dəstəyi ilə məktəblər tikilib. Təqribən 500-ə yaxın məktəb özəl sektorun köməyi və Fondun dəstəyi ilə inşa edilib. Sonradan bu təşəbbüs dövlət tərəfindən davam etdirildi və son beş ildə ölkədə üç mindən çox məktəb binası inşa və təmir olunub. Buna görə də düşünürəm ki, burada problem yaranmamalıdır. Əksinə, bu, layihələrin Fond tərəfindən gerçəkləşdirilməsi üçün yeni stimul olacaq və yeni imkanlar açacaq.
- Siz artıq dediniz, amma mən hər halda təkrar edəcəyəm ki, Fondun prezidenti vəzifəsi heç də Sizin yeganə vəzifəniz deyil. Siz Azərbaycanın Birinci vitse-prezidenti olmaqdan başqa, həm də Azərbaycan parlamentinin deputatısınız. Siz Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidentisiniz, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfirisiniz. Bütün bunları necə çatdırırsınız? Siz gündə neçə saat işləyirsiniz?
- Yeri gəlmişkən, yaxşı sualdır. Denis, düzgün tarazlıq tapmaq çox vacibdir. Çünki bəzən çox işləmək lazım gəlir. Elə vəziyyətlər olur ki, xeyli gec - saat 9-da, 10-da gəlirsən. Lakin mən həm bu illər ərzində, həm də indi öz vəzifəmi yerinə yetiməyi çatdırmaq üçün həmin tənasübü tapmağa çalışıram. Əlbəttə ki, mən ilk növbədə, öz həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim beş nəvəm var və həyatımın bu sahəsinə göstərdiyim diqqətin ikinci plana keçməsini qətiyyən istəmirəm. Qətiyyən yox. İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də buna nail olacağam. Siz tamamilə doğru dediniz ki, mən deputatam. Lakin qanunvericiliyə görə, mən öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki, əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir.
- Siz işdə və evdə eyni insansınız, yaxud yox?
- Bəli, mən prinsipcə həmişə eyni adamam. Mən dəyişməyə ehtiyac görmürəm. Siz indi sual verdiniz və mən nəsə fikrə getdim, elə vəziyyət olubmu ki, mənim bir növ dəyişməyimə ehtiyac olsun? Xeyr. Ümumiyyətlə, hər hansı rola girmək gərəksizdir. Taleyimə təşəkkür edirəm ki, lazım olmayıb. Mən gurultulu sözlər demək istəmirəm. Mən səmimi insanam, olduğum kimiyəm. Mən şəraitdən, vəziyyətdən asılı olaraq dəyişmirəm. Bəli, müəyyən reqlament, müəyyən öhdəliklər var. Əlbəttə, aydındır ki, mən onlara riayət etməliyəm. Mənim şəxsi prinsiplərim var. Həyat prinsiplərim evdə də, işdə də eynidir. Düşünmürəm ki, bundan sonra dəyişəcəyəm. Yəqin ki, artıq belə olacaq.
- Sizin tanışlarınız bizə danışıb ki, qadınlara xas olan heç nə Sizə yad deyil və Siz soba arxasına asanlıqla keçə bilən əla evdar xanımsınız.
- Bu, belədir. Məmnuniyyətlə. Mən xörək bişirməyi çox sevirəm. Əgər siz mənim necə dincəldiyimi soruşursunuzsa, bu, mənim gözəl istirahət edə biləcəyim sahədir. Ləziz xörəklər bişirmək bir növ həm də yaradıcı işdir. Mən bunu sevirəm, edirəm və bacarıram. Ola bilər, bu, bir qədər təvazökar səslənmir, amma ümid edirəm ki, hazırladığım yeməkləri dadanlar mənim sözlərimi təsdiqləyərlər. Mən demək olar ki, bütün milli Azərbaycan xörəklərini bişirə bilirəm, Avropa yeməklərini bişirməyi xoşlayıram. Bu, tamamilə normaldır. Əvvəla, hesab edirəm ki, bunu hər bir qadın bacarmalıdır. Amma əgər bunu sevirsənsə, niyə də yox.
- Sizin ağladığınız hallar olurmu?
- Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Siz yenə də çox maraqlı sual verdiniz. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarımın üstündə bu insanı itirdim. Yəqin ki, ən acı göz yaşlarımı o vaxt axıtmışam. İndi xeyli yaşa dolduqdan sonra mən təhlil edib anlayıram ki, bu, çox ağır idi, amma mənim bundan aldığım dərs indi də mənə həyatda kömək edir. Bu itki, yəqin ki, məni çox bərkitdi.
- Siz həyat yoldaşınızla birgə haradasa olanda və sonra evə qayıdanda iş və siyasət barədə söhbətlər davam edir, yoxsa öz evinizin qapısını örtən kimi yalnız ev qayğılarından danışırsınız?
- Yox, əlbəttə, əgər ölkənin həyatında istər müsbət, istər mənfi hər hansı ciddi, ölkə üçün mühüm hadisə baş veribsə, onları həmin məqamda müzakirə edə bilərik. Sözsüz ki, biz bunları müzakirə edirik. Deyəndə ki, iş belə gətirib, onu nəzərdə tuturdum ki, mən həyat yoldaşı olmaqdan başqa, həm də yaxşı həmməsləkəm. İnanmaq istəyirəm ki, mən yaxşı həmməsləkəm. Sadəcə, dinləmək lazımdır. Çünki, axı necə gəlib demək olar ki, biz kadrı, mövzunu dəyişmişik. Yox, hər şey təbiidir.
- Siz hansı dildə danışırsınız?
- Biz Azərbaycan dilində, hərdən də rus dilində danışırıq. Bizim evdə hər iki dildən istifadə olunur. Mənim oğlum məktəbə gedəndə Azərbaycan dilində pis danışırdı. Amma o, Azərbaycan məktəbinə getdi. İndi o, rus dilini də, Azərbaycan dilini də mükəmməl bilir. Universitetdə isə o, ingilis dilində təhsil alır.
Yəni, bu da sizin toxunduğunuz çox vacib mövzudur. Rus dili mövzusu çox aktualdır. Azərbaycanda rusdilli təhsil tam həcmdə saxlanılıb. Sovet İttifaqı dağılana qədər fəaliyyət göstərən bütün məktəblər saxlanılıb. Bundan başqa, Bakı Slavyan Universiteti, Rus Mədəniyyət Mərkəzi, Rus Dram Teatrı var və yəqin ki, siz küçədə elə Azərbaycan dili qədər rusca danışıqlar eşidirsiniz. Hesab edirəm ki, bu, bizim millətin, ölkəmizin sərvətlərindən biridir. Rus dilini qətiyyən itirmək olmaz. Çünki rus dili təkcə dil deyil, həm də ədəbiyyat, mədəniyyətdir. Bu, nəhəng mədəni amildir. Çox gözəldir ki, gənclər həm də ingilis dilində danışırlar. Bunu yalnız alqışlamaq lazımdır. Dillərlə bağlı vəziyyət belədir. Mənim bu məsələni diqqətə çatdırmağımın səbəbi odur ki, təəssüf, əksər postsovet respublikalarında vəziyyət tamamilə başqadır. Hətta təəcüblüdür ki, ölkə rəhbərlərində bunun nə dərəcədə pis tendensiya olmasına dair anlayış yoxdur. İlk növbədə, millətin özü üçün gərəksiz tendensiyadır. Bu mənada biz fəxr edirik ki, ümumi mədəni irsimizi qoruyub saxlaya bilmişik.
- Müsahibəyə görə təşəkkür edirik.
- Sağ olun.