Dövlət Xidmətinin rəisi devalvasiyadan sonra sığortaçılar üzləşdiyi əsas problemləri açıqlayıb - Müsahibə

28-07-2015, 14:41           
Dövlət Xidmətinin rəisi devalvasiyadan sonra sığortaçılar üzləşdiyi əsas problemləri açıqlayıb - Müsahibə
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilovun "APA-Economics"ə müsahibəsi.

- Namiq bəy, iyulun 2 və 3-də Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirildi. Forumun moderatorlarından biri də Siz idiniz. Təbii ki, təcrübə mübadiləsi olduqca əhəmiyyətlidir. Bu forumda da bir sıra xarici mütəxəssislər iştirak edirdi... Əldə olunan nəticələr Sizi qane edirmi?

- Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Sığorta Forumu ölkəmizdə keçirilən 6-cı forum idi. Forumlar müddətində Azərbaycana sığorta sahəsini təmsil edən peşəkar mütəxəssislər cəlb olunur. Bu kimi mütəxəssislər müvafiq təqdimatlar, master-klasslar keçirir. Və bu forumlarda sığorta sahəsini təmsil edən beynəlxalq mütəxəssislərlə yanaşı, Azərbaycanda bu sahənin peşəkarları sayılan şəxslər iştirak edir ki, onlar da sığorta sahəsi ilə bağlı öz fikirlərini, təcrübələrini bölüşürlər. Azərbaycanda keçirilən bu forumların əsas məqsədi beynəlxalq mütəxəssislərlə ölkəmizdə bu sahəni təmsil edən peşəkarlar arasında təcrübə mübadiləsinin aparılmasıdır. Bütün bunlar isə bizim sığorta bazarına əlavə bilik, təcrübə gətirir. Hətta, mən özüm belə, hər dəfə bu cür forumlardan yeni ideyalar əldə edirəm. Təcrübə mübadiləsi nəinki rəsmi panellər zamanı, o cümlədən, qeyri-rəsmi ünsiyyət zamanı da aparılır. Bütün bunlar Azərbaycanda sığorta bazarının inkişafına qulluq edir. Bu il forumun əsas mövzularından biri sığortaçıları daha çox maraqlandıran beynəlxalq təkrarsığorta bazarındakı vəziyyətlə bağlı idi. Eyni zamanda, kənd təsərrüfatı sığortası, əmlak sığortası, əmlakın katastrofik risklərdən sığortası məsələləri də müzakirə olunub. Bununla yanaşı, sığorta bazarında əsas yer tutan avtomobil sığortasına da forum zamanı xüsusi panel həsr olunub. Burada təcrübəli beynəlxalq mütəxəssislər iştirak edirdi. Onlar avtomobillərə dəymiş zərərin qiymətləndirilməsi, Azərbaycanın "Yaşıl Kart" sistemində iştirakı, xaricdə baş verən sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı fikirlərini bölüşdülər, o cümlədən, digər ölkələrin icbari avtomobil sığortası bazarında, xüsusilə, bu dəfə Qazaxıstandan gələn mütəxəssis orada bu sahədə baş verən problemlər, həmçinin, gələcək planlarla bağlı məlumat verdi. Digər panellər isə həyat sığortasına, banklarla sığorta şirkətləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin, banklar vasitəsilə sığorta məhsullarının satılmasına həsr olunmuşdu.

- Forumda Azərbaycanın sığorta sahəsinə yeni nəfəs gətirəcək "Audatex" şirkətinin təqdimatı baş tutdu. İlk öncə şirkətin iyul ayında fəaliyyətə başlayacağı açıqlansa da, sonradan bu prosesdə deyəsən ləngimə başladı...

- Mənə elə gəlir ki, bu texniki məsələlərlə bağlıdır. Çünki, bildiyiniz kimi, bu sistemin hər hansı yeni bir ölkədə, məsələn, Azərbaycanda fəaliyyətə başlaması üçün müəyyən işlər görülməlidir. Bu işlər ondan ibarətdir ki, ilk növbədə, sistem Azərbaycan dilinə tərcümə olunmalıdır. İkincisi və ən vacibi, sistemə Azərbaycan bazarında formalaşmış ehtiyat hissələrinin qiymətləri daxil edilməlidir. Təsəvvür edin ki, Azərbaycanda neçə marka avtomobil, hər birində nə qədər model, onların da hər birinin nə qədər ehtiyat hissəsi var. Bunların da hər birinin öyrənilib sistemə daxil edilməsi müəyyən vaxt aparır. Şirkətdən bildirilib ki, sistem təxminən oktyabrda fəaliyyətə başlayacaq.

- "Audatex" mükəmmələ yaxın bir sistemdir. Sizcə şirkətin fəaliyyətə başlaması Azərbaycanın sığorta sahəsində nə kimi köklü dəyişikliklərə səbəb olacaq?

- Doğrudan da, bu, mükəmməl bir sistemdir. Lakin sistemin 100% bütün problemləri həll edəcəyini gözləməməliyik. Təbii ki, hansı bir çox problemlər öz həllini tapacaq. Əsas problem hər hansı standarta uyğun qiymətləndirmənin həyata keçirilməsindədir. Məsələn, hər hansı zədə almış avtomobilin təmiri üçün müxtəlif avtoservislər müxtəlif qiymət təklif edir. Halbuki, avtomobil eynidir, zədə eynidir, təmir üçün eyni ehtiyat hissələri, o cümlədən, eyni usta işi həcmi tələb olunur. Bütün bunlar istər sığortaçılarla sığorta olunan arasında, istərsə də sığortaçılarla avtoservislər arasında daim mübahisələrə səbəb olur. "Audatex" və bu kimi digər sistemlərin mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu cür yanaşmanı eyniləşdirir, standartlaşdırır. Və qiymətləndirmənin kim tərəfindən aparılmasından asılı olmayaraq, standart qiymət müəyyən olunur. Qiymətlərdə fərqin olması da mümkündür. Bu isə o zaman olur ki, hər hansı servis sığorta şirkəti ilə əməkdaşlıq edir, və ya sığorta şirkətinə bildirir ki, siz hər ay bizim servisdə müəyyən sayda təmir sifariş etsəniz, ehtiyat hissələrinə müəyyən qədər endirim edəcəyik. Başqa bir misal, avtomobili istehsal edən şirkət həmin avtomobillə bağlı bütün təmir işləri üzrə normativlər müəyyən edir. Məsələn, avtomobilin köhnə faralarını çıxarıb yenisi ilə əvəzləmək yarım saat vaxt aparır. Yəni, səriştəli usta bu işi yarım norma saata yerinə yetirər. Nəticədə, neçə saata görülməyindən asılı olmayaraq hesablama eyni əməliyyata görə eyni norma saatla hesablanır. Bəzən avtoservislər arasında yaranan qiymət fərqi ondan ibarət olur ki, bir servis bir norma saat üçün 15 manat, digəri isə 20 manat müəyyən edir. Bu kimi fərqlər ola bilər. Mənə elə gəlir ki, bu sistem geniş yayılsa, bu, nəinki sığorta sahəsinə, eyni zamanda avtomobil təmiri sahəsinə də müsbət təsir göstərəcək. Çünki, avtomobil təmiri üçün yalnız sığorta şirkətləri deyil, vətəndaşlar da müraciət edir. Əgər hər hansı servis bu sistemlə işləyirsə, bu zaman o öz müştərisinə şəffaf qiymətlər təqdim edəcək.

- Forumda çıxış edən maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, sığortaya dair şikayətlərin sayında azalma müşahidə olunur. Nazirin sözlərinə görə, buna şikayət və müraciətlərin baxılması mexanizminin təkmilləşdirilməsi ilə əlaqələndirmişdi. Bu sahəyə cavabdeh olan şəxs kimi Sizdən soruşmaq istərdim ki, şikayətlər nə qədər azalıb?

- Sığorta sahəsi inkişaf etdikcə, şikayətlərin yoxa çıxmasını gözləmək düzgün olmazdı. Bizim üçün vacib olan şikayətlərin mahiyyətinin nədən ibarət olmasıdır. İctimaiyyət bu sahəyə diqqətin artığını, nəzarətin gücləndiyini gördükdən sonra, əksinə, bir müddət şikayətlərin sayı artdı. Bu artım da xüsusilə əsassız şikayətlərin sayında özünü göstərdi. Məsələn, "1993-cü ildə mənə müəyyən qədər ödəməli idilər, amma az ödədilər" tipli şikayətlər gəlməyə başladı. Bizdə belə bir statistika var idi ki, 2013-cü ildə əgər əsaslı şikayətlərin sayı 33% təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 17% idi. Bizim şirkətlər qarşısında ilk tələbimiz ondan ibarətdir ki, sığorta hadisələri qanunvericiliyə uyğun formada tənzimlənməlidir. İkincisi, vətəndaşların şikayətlərinə, müraciətlərinə ən qısa zamanda reaksiya verilməlidir. Sığorta ödənişini vətəndaşa ödənilmədiyi halda, bunun səbəbi təmkinlə izah olunmalıdır ki, vətəndaş da səbəbini bilsin. Əgər bu iş qanunvericiliyə uyğun görülərsə, şikayətlərin sayı da azalacaq. Bundan başqa, sığorta hadisələrinin tənzimlənməsi daha operativ olmalıdır. Elə hallar olur ki, vətəndaş müraciət edir, onun müraciətindən imtina edilmir, amma vətəndaşa da müraciətinə baxılıb baxılmaması barədə heç bir məlumat verilmir. Bəzi şirkətlər isə elə sistem qurub ki, şikayətə baxılması ilə bağlı müəyyən mərhələdən digərinə keçdikcə sığorta olunana SMS vasitəsilə məlumat verilir. Bizə şikayət göndəriləndə isə, biz bunu sığorta şirkətinə göndəririk, sığorta şirkəti bizə cavab göndərir ki, artıq ödəniş həyata keçirilib. Və yaxud bizə şikayət məktubu çatana, biz onu sığorta şirkətinə göndərənə qədər artıq ödəniş edilir. Səbəb isə budur ki, vətəndaşa müraciətlə bağlı, və yaxud müraciətə baxılıbsa, onun hansı mərhələdə olması ilə bağlı heç bir məlumat verilmir. Bizim tələbimiz ondan ibarətdir ki, sığorta olunana etdiyi müraciətlə bağlı vaxtında məlumat verilsin və vətəndaş bilsin ki, onun müraciəti kənarda qalmayıb, əgər işə baxılırsa, hansı prosedurlar həyata keçirilib və s.

Son aylar ərzində görülmüş tədbirlər nəticəsində şikayətlərin sayında azalma müşahidə olunur. Belə ki, cari ilin aprel ayı ərzində Xidmətə 193 sayda müraciət daxil olub, onlardan 65-i təkrar, 128 yeni müraciət olub, may ayı ərzində daxil olan 138 sayda müraciətdən 51-i təkrar, 87-si yeni müraciət olduğu halda, iyun ayı ərzində bu müraciətlərin ümumi sayi 147, onlardan 72-si təkrar olub və yeni müraciətlərin sayı azalaraq 75 təşkil edib.


- Sizdən ilin I yarısını qiymətləndirməyi xahiş etmək istərdim. Məhz ilin I yarısında manatın devalvasiyası baş verdi. Bu proses sığorta sektoruna necə təsir etdi?

- Sığortaçıların həm aktivləri, öhdəlikləri, həm də devalvasiya zamanı nağd pul vəsaitləri də manatla idi. Yəni, sığorta şirkətləri heç bir məzənnə riskinə məruz qalmayıb. Sığortaçıların şikayət etdiyi əsas məsələlərdən biri sığorta hadisələrinin tənzimlənməsi xərclərinin bir qədər artmasıdır. Bu da avtomobil ehtiyat hissələrinin idxal olunması ilə bağlıdır. Devalvasiyanın sığorta sahəsinə digər təsiri devalvasiyadan sonra banklar tərəfindən kreditləşmə məsələlərinin xeyli azalmasındadır. Bu da sığorta şirkətlərinin potensial bazarının daralmasına gətirib çıxarır. Lakin bu proses müxtəlif sığorta şirkətlərinə müxtəlif cür təsir edir. Məsələn, elə sığorta şirkəti var ki, hər hansı banka və həmin bankla əlaqəli hansısa bir avtodillerə bağlıdır. Yəni, "Mono müştəri, mono məhsul" prosesi... Başqa sözlə, bank kredit verə bilməyəndə maşın satmaq çətin olur. Maşın satışı azalanda, sığortalanma da azalır. Belə şirkətlərə devalvasiyanın təsiri daha çox olub. Bütün bunlara baxmayaraq, istənilən iqtisadi şəraitdə sığortaya həmişə tələbat var. Lakin sığortanın növündən asılı olaraq bu tələbat dəyişir. Yəni, mövcud şəraitə uyğun sığorta məhsulları hazırlanmalı və təklif olunmalıdır. Məsələn, icbari sığortaya əlavələr oluna bilər ki, bu əlavələr faydalı olsun, amma bahalı olmasın.

Bəzi şirkətlər isə uzunmüddətli avtomobil sığortası ilə bağlı problemlərlə üzləşir. Bu barədə dəfələrlə danışılır ki, avtomobil sığortası birillik olmalıdır, sonra müddət artırılmalıdır. Çünki, devalvasiya, inflyasiya səbəbindən avtomobil sığortasının uzunmüddətli aparılması sığortaçını əlavə risklərlə üz-üzə qoyur. Bunun üçün biz həmişə sığorta şirkətlərinə məsləhət görürük ki, avtomobil sığortası birillik müqavilə bağlasınlar. Lakin, bəzi sığorta şirkətləri bankların tələblərinə cavab vermək üçün 3-5 illik, yəni, kreditin müddətinə uyğun olaraq sığorta müqaviləsi bağlayırlar. Bu gün bu sahədə müəyyən problemlər var. Lakin, bu da gələcək üçün bir dərsdir. İkincisi, sığorta şirkətlərinin sığorta ehtiyatları var ki, bu da onlara öz öhdəliklərini yerinə yetirməyə kifayət edir. Bundan başqa, sığorta şirkətlərinin məcmu kapitalı var. Bu məcmu kapital onun üçündür ki, ehtiyatlar kifayət etmədikdə, sığortaçı vəsaiti hesabına öz öhdəliklərini yerinə yetirə bilsin. Ola bilsin ki, hansısa şirkətlər qarşısında kapitalın artırılması məsələsi qaldırılacaq. Yəni, mənə elə gəlir ki, bu vəziyyətlə bağlı şikayətlənmək mənasızdır. Çünki, istənilən fəaliyyət növündə şirkət qarşısında duran risklər çeşidi var. Bunlara valyuta riskləri, qanunvericiliyin dəyişməsi riski, nüfuz riski və s. daxildir. Bu risklər üzərində daim işləmək lazımdır. Mənə elə gəlir ki, bundan sonra sığorta şirkətləri risklərin idarə edilməsi məsələsinə daha ciddi yanaşacaqlar.

- Devalvasiya prosesindən sonra bir neçə sığorta şirkətinin bazardan getmə riski artdı. Sizcə yaxın perspektivdə, məsələn, ilin sonunadək, bazarı neçə oyunçu tərk edə bilər?

- Artıq ilin ortasıdır. Şirkətin əgər kapitalla bağlı problemi olarsa, ona altı aya qədər müddət verilir. İstənilən halda bu kimi prosesləri proqnozlaşdırmaq mümkün deyil. Məsələn, praktikada belə bir şey olub ki, şirkətlərdən biri artıq ləğvə doğru gedirdi. Lakin yeni bir investor gəlib, kifayət qədər kapital yatırıb və şirkət indiyə qədər fəaliyyətini davam etdirir.

- Sığorta sahəsinin inkişafına mənfi təsir edən amillərdən biri də insanların könüllü sığortaya pul xərcləmək istəməməsidir. Bu stereotipi qırmaq üçün nə dəyişilməlidir?

- İnsanlar belə düşünür ki, sığortalamağa ehtiyac yoxdur, çünki nə də olsa, dövlət yardım edəcək. Bizim hər şeyimiz sığortalıdır, sığortaçımız da dövlətdir. Ona görə də çox vaxt insanlarımız sığortaya biganə yanaşaraq pul xərcləmək istəmirlər. Bu yanaşma aradan maarifləndirmə yolu ilə qaldırılmalıdır. Maarifləndirmə isə sığortaçılar tərəfindən operativ, keyfiyyətli sığorta xidmətlərinin göstərilməsi ilə həyata keçirilə bilər. Bu gün insanlarda sığortaya inam artıb. Hətta insanlar çox vaxt dəymiş zərərdən də artıq pul əldə etməyə çalışırlar. Yəni, cəmiyyət bu gün sığortaya pul mənbəyi kimi baxır. Hətta təcrübədə belə bir şey olub ki, vətəndaş evinin 7 kvadratmetrlik eyvanı uçub və bu eyvanın təmiri üçün 7500 manat məbləğində pul tələb edir. Sığorta şirkəti də hesablayıb ki, bu eyvanın təmirinə cəmi 500-600 manat dəyərində pul lazımdır. Ümumilikdə isə, könüllü avtomobil sığortası əldə etmək üçün müraciətlərin sayı ötən ildən başlayaraq azalıb. Buna təsir edən amillər isə kredit şərtlərinin məhdudlaşdırılması və “Avro-4” standartına keçid nəticəsində ixrac olunan avtomobillərin sayının azalmasıdır.

- Sığorta agentlərinin vergi öhdəlikləri ilə bağlı qarışıqlıq yaranıb. Bildiyimiz kimi, əvvəllər onlar 4% vergi ödəyirdisə, daha sonra onlara 20% vergi tətbiq olunmağa başlandı. Maraqlıdır ki, bu proses agentlərə heç bir xəbərdarlıq olunmadan baş tutdu...

- Bu sualları Vergilər Nazirliyinə vermək lazımdır. Əgər kimsə düşünürsə ki, onun hüquqları pozulub, məhkəmə instansiyaları vasitəsilə bu problemi həll edə bilər. Edənlər də var. Vergi bizim sahə olmadığı üçün şərh verə bilmirəm.

- Sığorta agentlərindən söz düşmüşkən, onların bir çoxu iddia edir ki, “Atəşgah” sığorta şirkəti haqsız rəqabət aparır. Hətta iddia olunur ki, adıçəkilən şirkətin İcbari Sığorta Bürosunun bazasına çıxış imkanı var. Bu iddiaların əsası varmı?

- Bunun İcbari Sığorta Bürosuna heç bir aidiyyatı yoxdur. Məlumat toplamanın müxtəlif yolları var. Məsələn, insanlar avtomobili texniki baxışdan keçirməyə gedəndə orada sığorta haqqında məlumat var, və yaxud banka avtomobil üçün kredit almağa gedir, orada sığorta haqqında məlumat var. Yəni, ola bilsin ki, hansısa şirkətlər bu məlumatları toplamağı bacarır. Və bazar rəqabəti şəraitində bu məlumatlardan istifadə edirlər. Burada qanunsuz bir şey yoxdur. İkincisi, sual yaranır ki, niyə hansısa sığorta şirkətinin nümayəndəsi icbari sığortanın vaxtının bitməsinə bir gün qalmışadək öz müştərisinə məlumat vermir? Belə fərz edək ki, siz öz avtomobilinizi hər hansı sığorta şirkətində sığortalamısınız və sığortanın vaxtının bitməyinə bir gün qalıb. Həmin sığorta şirkətindən sizə heç kim vaxtın bitməyi barədə əvvəldən məlumat vermir. Və digər şirkətin nümayəndəsi sizin icbari sığortanın vaxtının bitməyi barədə sizə məlumat verir və təklif edir ki, o şirkətlə müqavilə bağlayasınız. İcbari sığortada qiymətlər, şərtlər eynidir, ona görə insanlar üçün fərq etmir hansı sığorta şirkətində sığorta olunur. Əsas odur ki, hansı sığorta şirkəti bu prosesi sizin üçün daha rahat edir və təbii ki, siz də daha rahat olanını seçirsiniz. Yəni, insanlar bu il bir sığorta şirkətində sığorta etdiriblərsə, gələn il həmin sığorta şirkətinə müraciət etmək məcburiyyətində deyillər. Sığorta şirkəti məhz özü müştərisini itirməmək üçün ona əvvəldən məlumat verməli, tədbir görməlidir. Əgər bunu o yox, digər bir şirkət edirsə, bazar rəqabəti şəraitində bu cür yanaşmada qeyri-qanuni, qəbahətli bir şey yoxdur.

Ümumiyyətlə, sığorta agentləri ilə bağlı problemlər mövcuddur. Hal-hazırda əsas planlardan biri kağız avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin ləğv edilərək elektronlaşdırılmasıdır. Yəni, bundan sonra icbari avtomobil sığortası da elektron formada olacaq. Bu da insanlara sığorta şəhadətnaməsini daha asan yolla evdə oturaraq internet vasitəsilə, və yaxud ödəniş terminalları vasitəsilə əldə etməyə imkan verəcək. Həmçinin, şəhadətnamələrin internet və yaxud ödəniş terminalı vasitəsilə alınması bizə onların qiymətini də daha ucuza endirməyə şərait yaradacaq.

- İcbari Sığorta Bürosunun rəhbəri Elxan Quliyev Sığorta Forumunda bildirdi ki, ölkə üzrə istismar olunan avtomobillərin 45%-i icbari sığortaya cəlb olunmayıb...

- Bizdə avtomobillərin sayı ilə bağlı mövcud statistika reallığı əks etdirmir. Çünki statistikada təqdim olunan rəqəmlər arasında mövcud olmayan, amma qeydiyyatdan çıxarılmayan avtomobillər var. Yəni, o avtomobillər ola bilsin ki, sovet dövründən qalıb, çürüyüb, istifadəyə yararsızdır, lakin hələ qeydiyyatdan çıxarılmayıb. Bu rəqəm 45% ola bilməz. Çünki, mövcud olan avtomobillərin sayını biz il ərzində texniki baxışdan keçən avtomobillərin sayı ilə müəyyənləşdiririk. Çünki, texniki baxış olmadan, avtomobil sürmək mümkün deyil. Ola bilər ki, avtomobillərin 5-10%-i texniki baxışdan keçməsin. Həmin avtomobillər alınıb, lakin şəxsi qarajlarda qalır, istifadə olunmur və s. Yəni, sığorta olmadan avtomobilin texniki baxışdan keçirilməsi mümkün deyil. Sığortalı avtomobillərin sayının 45% olması o deməkdir ki, deməli, texniki baxışdan keçən avtomobillərin sayı da 50-60%-dir. Bu isə real deyil. Çünki, texniki baxışa çox ciddi nəzarət var. Və texniki baxış olmadan avtomobil idarə etmək cərimə ilə nəticələnir. Ona görə də bu rəqəmlər bizə real görünmür. Çünki, texniki baxışdan keçən avtomobillərin sayı ilə rəsmi statistikada yer alan sığorta olunan avtomobillərin sayı arasındakı fərq kifayət qədərdir. Məsələn, 700 mindən çox avtomobilin texniki baxışdan keçirildiyi bildirildiyi halda, statistikaya görə isə 1 milyon 200 min avtomobil qeydiyyatdan keçib. Belə çıxır ki, 500 min avtomobil texniki baxış olmadan yol hərəkətində iştirak edir? Deməli, bu qədər maşın yol hərəkətində iştirak etmir, lakin qeydiyyatdan çıxarılmayıb. Bu da bir digər problemdir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından yayınma ilə bağlı cərimələrin artırılması nəzərdə tutulurmu?

- Bu məsələ hələ 2012-ci ildə qaldırılıb. Hələ o vaxt fiziki şəxslər üçün cərimə 10 manatdan 50 manata qaldırıldı. Hazırda isə xidmət tərəfindən belə bir təşəbbüs yoxdur.

- Növbəti sual kənd təsərrüfatı sığortası ilə bağlıdır. Nəhayət ki, bu sahədə irəliləyiş müşahidə olunur...

- Azərbaycanda kənd təsərrüfatı sahəsinə subsidiyaların ayrılmasına baxmayaraq, bizdə kənd təsərrüfatının sığortası sahəsi inkişaf etməyib. Çünki, sığorta şirkətləri bu sahəyə maraq göstərmirlər. Məlumdur ki, kənd təsərrüfatının sığortası çox risklidir. Riskli olmaqla yanaşı, bu gün Azərbaycan sığortaçılarının kənd təsərrüfatı ilə bağlı beynəlxalq təkrarsığorta bazarına çıxışları çox məhduddur. Çünki, beynəlxalq bazarlar üçün tanış olmayan ərazidir, portfellər kiçikdir və s. Heç bir təkrarsığortaçı isə bu kimi riskləri öz üzərinə götürməz. Bunu həyata keçirmək üçün gərək biz yeni mexanizmlər yaradaq. Ona görə beynəlxalq təcrübə öyrənildi, Kənd təsərrüfatı Nazirliyi ilə birlikdə araşdırmalar apardıq və qərara gəldik ki, bu məsələləri sığorta daxılı vasitəsilə bu məsələləri həll edək. Bu mexanizmin işə salınması üçün iki əsas lazımdır; ilk növbədə bununla bağlı qanunvericilik olmalıdır. İkinci məsələnin texniki tərəfidir. Yəni, nəzərə alsaq ki, Azərbaycanda 9 iqlim qurşağı mövcuddur, bu zaman hər bir iqlim qurşağında yerləşən rayon üzrə risklərin qiymətləndirilməsi aparılmalı və buna uyğun olaraq, sığorta tarifləri müəyyənləşdirilməlidir. Bu isə, heç də asan iş deyil. Əlavə olaraq, bu sahədə fəaliyyət göstərən, xüsusi hazırlanmış mütəxəssislər lazımdır. İlk növbədə, həmin risk sahələrinə həm sığortadan əvvəl, həm sığorta müddətində baxış keçirmək, sığorta hadisəsi baş verdiyi zaman isə həmin əraziyə gedib dəymiş zərərin qiymətləndirməsini aparmaq üçün. Bu günə qədər tələb olunmadığı üçün Azərbaycanda bu sahədə mütəxəssis yoxdur. Məhz bu sahədə, o cümlədən, sığorta məhsullarının hazırlanması sahəsində bizə texniki yardım lazımdır. Bununla bağlı bir müddətdir ki, İFC (İnternational Financial Coorporation) ilə müəyyən danışıqlar aparırıq. Bundan başqa, sonuncusu ötən il olmaqla İFC burada 2 dəfə həm sığortaçılar, həm də kənd təsərrüfatı mütəxəssisləri üçün seminarlar keçirib. Artıq texniki yardımın göstərilməsi haqqında müəyyən sazişə gələndə, saziş yekunlaşsa, təlim proseslərinə, qiymətləndirmələrə başlaya bilərik.

- Bir sıra iri sığorta şirkətlərinin rəhbərləri bildirir ki, həyat sığortası ilə məşğul olmağa hazırdır. Hazırda bazarda 3 həyat sığortaçısı fəaliyyət göstərir. Dövlət Sığorta Nəzarəti Xidməti bazarda 4-cü həyat sığortaçısını görmək istəyirmi?

- Hələ ki, lisenziya üçün müraciət edən yoxdur. Yəni, elə bir hal da yoxdur ki, kimsə həyatını sığortalamaq istəsin, lakin imkan tapa bilməsin. Bu gün kapital tələbi də yüksəkdir və həyat sığortası şirkəti yaratmaq üçün 10 milyondan çox pul yatırmaq arzusunda olanlar yoxdur.

- Maliyyə naziri Samir Şərifov da bildirib ki, sığorta sektorunda kapitallaşma ilə bağlı problem yoxdur. Minimum kapitala dair tələbin artırılması planlaşdırılırmı?

- Biz ötən il təkrarsığorta və həyat sığortası üzrə kapital tələbini artırdıq, qeyri-həyat sığortası sahəsində də kapital tələbi kifayət qədər böyükdür. Ona görə də, hələ ki, bununla bağlı heç bir təşəbbüsümüz yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.