Qırmızı ordunun Azərbaycandan aldıqları - işğalçı ordunun 100 illiyi barədə iki rəy

24-02-2018, 09:51           
Qırmızı ordunun Azərbaycandan aldıqları - işğalçı ordunun 100 illiyi barədə iki rəy
Dilavər Əzimli: “Bu ordu ilə bağlı nə izlər varsa, hamısı tarixdən silinməlidir”; Sabir Rüstəmxanlı: “23 fevralın Azərbaycanda kişilər bayramı kimi qeyd olunmasının mənası yoxdur”
Fevralın 23-də Rusiyada Qırmızı ordunun yaradılmasının 100 illiyi yüksək səviyyədə qeyd olundu. Vaxtilə SSRİ-yə daxil olan müttəfiq respublikalarda da bu gün bayram edilirdi. Arayış üçün bildirək ki, bu ad - Rusiya Sovet Federativ Sosialist Respublikası və SSRİ-nin 1918-46-cı illərdə silahlı qüvvələrinin rəsmi adı olub. Sonralar sovet ordusu adlandırılıb. Fəhlə-Kəndli Qızıl ordu adı ilə təqdim olunub.

Maraqlıdır ki, Azərbaycanda hələ də kommunist təfəkkürü ilə yaşayan bəzi Rusiya meylli şəxslər tərəfindən 23 fevral bayram kimi qeyd olunmaqla yanaşı, həm də kişilər günü kimi qeyd olunur. Rusiya meylli olmasalar da, bu günün mahiyyətini bilmədən 23 fevralı kişilər günü kimi keçirənlər də var.

Məlumdur ki, Qırmızı ordu 1920-ci il 28 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyduğu zamandan etibarən ölkəmizin başına gətirilən bir çox bəlalarda yaxından iştirak edib. Amma bununla yanaşı, Azərbaycan ordusunun formalaşmasında Qırmızı ordunun da müəyyən rolunun olduğu deyilir. Arqument kimi də ən azından sovet dövründə hərbi qulluğa yararlı azərbaycanlıların bu ordunun tərkibində qulluq etmələri, bir sıra döyüşlərdə məhz bu ordunun tərkibində çıxış etmələri göstərilir.


Lakin Qırmızı ordunun Azərbaycana müsbət nəsə verdiyi barədə fikirlər heç də birmənalı deyil. VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu ordunun Azərbaycan üçün bəzi müsbət tərəfləri olub: “1920-ci ildə Qırmızı ordu tərəfindən Azərbaycanda qan tökülüb, bu danılmaz faktdır. Amma sonrakı dövrdə müəyyən xidmətləri də olub. İnsanlarımız bu ordunun sıralarında olublar, müharibədə igidliklər göstəriblər. 23 fevralın Azərbaycanda kişilər bayramı kimi qeyd olunmasının heç bir mənası yoxdur. Hesab edirəm ki, ilin bütün günləri elə kişilər və qadınlar bayramı olsa, daha yaxşı olardı. İnsanlar özlərini hər an lazımlı hiss edər, vətənin də xidmətində daim dayanarlar”.


Tarixçi-alim Dilavər Əzimli Qızıl ordunun işğalçı ordu olduğunu xatırlatdı: “Bu ordu Azərbaycana paltarsız gəlmiş və Cümhuriyyətimizin İtaliyadan gətirdiyi geyimləri ələ keçirmişdi. Bolşevik ordusu başıpozuq idi. Onların qarşısına yalnız işğal etmək məqsədi qoyulmuşdu. Bakını ələ keçirdikdən qısa müddət sonra burada kütləvi qətliamlar həyata keçirdilər. 1917-ci ildən sonra Azərbaycanda baş verən hadisələr buna canlı misaldır. Hər dərədə, təpədə və başqa yerlərdə onların törətdikləri qətllərin izləri qalır. Bu ordu ömür boyu erməniləri himayə edib. O zamandan etibarən burada yeni nəsil formalaşdırmağa başladılar. Azərbaycan ordusunun onlarla son döyüşü Gəncədə oldu və çox qəhrəmancasına vuruşdular. Azacıq kömək olsaydı, bu başıpozuq ordunu məğlub etmək olardı. Məhz o döyüşlərdən sonra istədiklərinə nail oldular. Azərbaycan ordusunun generallarını, zabitlərini o zaman güllələdilər. Formalaşdırdıqları yeni nəsil qəbul etdi ki, 23 fevral şərəfli gündür. İnsan psixologiyasına daxil olan bu təfəkkürü dəyişmək də uzun bir prosesdir. Bu gün insanlar hələ də o təfəkkürdə qalırlar. Doğrudur, Qırmızı ordunun təcrübəsi bizlərin də işinə yaradı. Amma unutmaq olmaz ki, Azərbaycan müstəqillik əldə edəndən sonra yaradılan milli ordumuzun zabitlərinin 70-80 faizi rus qafalı idi. Onlar ordumuzun içərilərinə girdilər, alternativ funksiya yerinə yetirməyə başladılar.

Nəticədə milli maraqları satdılar. Çünki onlar rus qafası ilə böyümüşdülər. Azərbaycan ordusunda aprel döyüşlərindən sonra baş verən son həbsləri xatırlatmaq istəyirəm. Məhz rus qafasında olanlar məlum satqınlığı etdilər. Sovet ordusunda Azərbaycan və əsasən də, Orta Asiyadan hərbi xidmətə gedənləri fəhlə batalyonlarına yazırdılar ki, fəhlə kimi işləsinlər. Bunu sovet ordusunda qulluq edən bir şəxs kimi deyirəm. Deyirdilər ki, burada işləyib pul alırsınız, evə gedəndə də pul aparırsınız. İnsanları bu yolla şirnikləşdirirdilər. Çalışırdılar ki, Azərbaycan da daxil, bir sıra ölkələrdə zabitlər yetişməsin, müharibəyə hər an hazır olan insanlar olmasın. Tam əminliklə deyirəm ki, Mərkəzi və Orta Asiyadan, eləcə də, Azərbaycandan hərbi xidmətə gedənlərin əksəriyyəti fəhlə batalyonlarına düşürdülər. Şəxsən mən o vaxt tələb etdim ki, fəhlə batalyonuna məni salmasınlar.

Buna da nail olmuşdum. Qırmızı Ordunun məhz bu siyasətinin nəticəsini biz 1987-ci ildən etibarən ermənilərlə başlayan münaqişəmizdə hiss etdik. O orduda nə qədər güclü xidmət etsən də, sonda üstünlüyü ruslara verirdilər. Azərbaycanın hər yerində öz ordularını yerləşmişdilər. Ölkəmizlə bağlı hər zaman planları var idi. Elçibəy iqtidarının ən böyük qələbəsi o idi ki, bu ordunu Azərbaycandan çıxardı. 23 fevralı Azərbaycanda işğalçı ordunun yubileyi kimi qeyd etmək daha doğru olardı. Əgər bu ordunun yarandığı günü Azərbaycanda bayram kimi qeyd edənlər varsa, bunların hamısı rus qafalı insanlardır. Bunlar milli duyğulardan uzaqdırlar. Bu günü ümumiyyətlə, tarixdən silmək lazımdır. Milli ordumuzun 26 iyun kimi yarandığı bir gün var. Bu gün bizlər üçün müqəddəs olmalıdır. Qırmızı ordu ilə bağlı nə izlər varsa, hamısı tarixi səhnədən silinməlidir. Azərbaycanda onları xatırladan heç bir şey qalmamalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.