Aşıq Əli: "Əri o qadını güllələyib yola atmışdı"

19-03-2018, 10:37           
Aşıq Əli: "Əri o qadını güllələyib yola atmışdı"
Kulis.az el sənətkarı, ustad aşıq Əli Quliyevlə müsahibəni təqdim edir.

- Deyirəm, söhbətimizə ustad Ədalət Nəsibovdan başlayaq... Keçən il biz onu itirdik. Siz necə yaşadınız bu itkini?


- Deyir, ustad görməyənin işi xam qaldı. Kim olursan ol, ustad yanında olmalısan. Dünya korifeylərinə bax, hamısının ustadı olub. Məşhur bir deyim də var: səndən hərəkət, məndən bərəkət! Allah-tala da öz töhfəsini zəhmət çəkib öyrənənə verir. Almaz cilalanmalıdır. Cilalamaq nədir? Gedib, öyrənmək. Mən də Ustad Ədalətin yanında oldum. Onunla mənim qədər yaxın ünsiyyətdə olan sənətkar yoxdur.

- Xanlar Məhərrəmov da onun yanına gedib sizinlə.

- Gedib. Mənim qədər heç kəs olmayıb. Nəyə görə? Xasiyyətimiz uyğun idi. Bizimki tuturdu. Bizimki çölçülük olub amma. Ev şəraitində elə də oturmamışıq. Onun yanından tez aralandım. Qaçdım. 8 yaşımdan Allah bu sazı mənə bəxş elədi, amma qabağa Ədaləti saldı. Qismət belə imiş.

- Yaşca da böyük idi.

- Bəli. On beş yaş. Mən ondan əslində özümə qaçmışam. Öz yoluma qaçmışam. Sazın idarəçilik tərzi var. Məndə bu tərz yığcamlaşdı. İçim məni Ədalətdən itələdi. Saz ayrıdı, söz ayrıdı. Çalğı ayrıdı, oxumaq ayrıdı.

- Sazları da ayrıdı. Oxumaq sazı, çalğı sazı...

- Bəli. Mənim də iki sazım var. Ədalətdə də elə idi.

- Çalğı sazı daha zil köklənir.

- Tamamilə doğrudur. Oxumaq sinəyə, çalmaq ürəyə köklənir. Özün bilirsən ki, Tovuz aşıq sənətinin konservatoriyasıdır. Sözdə Göyçə olduğu kimi, sazda biz idik. Çalğını bilirdim, sözü də öyrənməli idim. Ona görə Tovuzda başqa ustadlara da qulluq elədim. Ad çəkmək istəmirəm...

- Amma mən birini deyə bilərəm: Sinədəftər Səlim...

- Bəli. Biri o idi. Allah qəni-qəni rəhmət eləsin. Çox dolu, yüklü adam idi.

- Sonra, füzulişünas Sabir Əliyevlə yaxın olmusunuz...

- Bəli, bəli... Gəncədə olurdu. Böyük adam idi. Aşıq Vəli vardı, Qara Vəli deyirdilər, Nəcəf əmimin (Əlimərdanlı Aşıq Nəcəfi nəzərdə tutur – Ş.A.) şəyirdi olmuşdu, ondan da çox şey öyrənmişəm.

- Ədalət Nəsibovla son görüşünüz necə oldu?

- Kiçik oğlumun tək oğlu var, ona sünnət toyu edirdik. Mənə zəng elədi rəhmətlik. Dedi, ayə, məni niyə çağırmamısan? Çağırmasan, özüm gələcəm. Murad adlı bir dostumuz var, gördüm bunnan gəldi. Oturduq, gözəl də bir gün oldu. Axırıncı görüşümüz bu idi. Bəzm aləmi... Aradan on gün keçmiş, eşitdim Türkiyəyə gedib, müalicəyə. Xəbərim yox idi. O da mənim kimi ağrısını deməzdi. Bilmirdim. Aradan on beş gün keçmişdi, dedilər, burda onkologiyaya gedib-gəlir. Əməliyyata razı olmayıb. Deyib, gedirəmsə də, salamat gedim. Mən də ürək eləyib yanına gedə bilmədim. Dedim, bir az yaxşılaşsın, gedərəm. Bu da olmadı. Ölüm xəbəri gəldi. Əvvəlcə inanmadım. Zəng elədim, öyrəndim ki, düzdü. Qazaxa dəfnə getdim. Amma çox incidim.

- Niyə?

- Gördüm, cənazəni gah ora aparırlar, gah bura. Gah eşiyə çıxardırlar, gah içəri gətirirlər. Etiraz elədim, dedim, günah eləyirsiz, ruhunu incitməyin.

- Sazla basdırılıb...

- Hə. Saz müqəddəsdir. Sazla olar.

- Nə əcəb siz çalmadınız sazı?

- Dedilər, ürək eləmədim. Heç Mədəniyyət evində də çıxış eləyə bilmədim. Bildim, qəhərlənəcəm.

- Necə sənətkar idi sizcə?

- Təkrarsız sənətkar idi və elə o cür də qalacaq. Onun həm texnikası vardı, həm ürəyi. Barmağı da, avazı da, havacatı da, şeir deməyi də - hər şeyi ürəyin hökmüylə edirdi. Həyatı da ürəkli yaşadı. Bir dəfə bazarda 10 kiloluq vedrədə alma satan bir qadına yaxınlaşdı, hamısının pulunu verib aldı, almaları da vedrəli-zadı zibil qabına atdı. Yeməli deyildi. Heç kim alası deyildi. Dedi, buna görə burda məəttəl qalma. Get işinin-gücünün dalınca.



- Deyirlər, onun çaldığı havaları heç kim o gözəllikdə ifa edə bilməyib. Amma belə bir fikir də var ki, siz “Dilqəmi”ni, rəhmətlik Xanılar Məhərrəmov da “Baş sarıtel”i ondan əskik çalmamısınız.

- Allahın bəxşi! Bu olmasa heç nə edə bilməzsən. Elin sözü əzəl-axır düz olur. Elə deyilirsə, demək, düzdür. Bir dəfə özü mənə dedi ki, Allah “Yanıq Kərəmi”ni mənə, “Diləqmi”ni sənə bəxş elədi. Zapisdə də var. Yuxuda Dilqəm məni otuzdurub bu havanı çaldırıb.

- Sizə buta verib.

- Buta verib, bəli. Üç dəfə görmüşəm. Üçündə də bu havanı çaldırıb mənə. Birində Tovuzda - Sultan körpüsünün yanında gördüm. Qədimi körpüdü. Vahiməli, möcüzəli yerdi. Telli xanım həmişə ordan gəlib-gedirmiş. Uzun saçları varmış. Əsl adı Dostu xanımdı. O da Dilqəmə buta verilmişdi. Eşq-hüsn məsələsi...

- Gileylənirsiz həmişə sənətin bu günündən. Ədalətdən sonra lap çətin olar.

- Mən getsəm, bir budaq gedərdi, Ədalətlə gövdə getdi. Əlbəttə çətindir.

- Bu qalstuklu aşıqlardan sizə həyan olmaz.

- Olmaz. Aşıq nədi o geyim-keçim nədi? Aşıq nədi saçı “polboks” vurdu nədi?

- Sizcə, çox mühafizəkar deyilsiniz ki?

- Necə olmayım? Əgər yeni gələn köhnədən yaxşı deyilsə, nə etməliyəm?



- Anadoluda da eyni proses getdi. Klassik saz unuduldu.

- Anadoluda oldu, burda da olur. Yəqin Qiyamət əlamətidir. Qiyamət nədir? Həqiqətdən uzaqlaşmaq. Biz sənətin həqiqətlərini unuduruq.

- Qiyamət demişkən, o itin ad günündə saz çalan aşığı tanıyırsınız?

- Tanımıram.

- Eşitdiniz bu söhbəti?

- Televizordan eşitdim.

- Neylədiniz?

- Neyləyəcəm. Heç kimi qınamadım. Zamanı qarğadım ki, gör sənəti nə hala salıblar.

- Sizcə itə saz çalmaq, şeir yazmaq olmaz?

- Olmaz. İtə, tülküyə hələ indiyədək müsbət şeir yazıldığını görməmişəm. Üstəlik, bu şeir yazmayıb e, itin məclisinə gedib. Ad günündə çalıb-oxuyub.

- Müsbət it obrazı var axı.

- Var. Əshabi-Kəhf əhvalatı da var. Amma nə aşıq, nə klassik şeirimizdə müsbət it obrazı yoxdu.

- O aşığa nə cəza verərdiniz?

- Heç nə. Bircə şərtlə ki, bir də əlinə saz almasın.

- Aşıq Ələsgərin yaşı ilə bağlı bir qalmaqal oldu. Guya 105 yox, 70-80 il yaşayıb.

- Eşitdim. Səni and verirəm Allaha bir də bu söhbəti eləmə. Belə biabırçılıq olmaz.

- Tamam... Keçək ustadın “Maral” şeirinə. Deyirlər, Səməd Vurğun məşhur “Ceyran” şeirini ondan götürüb.

- Səməd Vurğun Aşıq Ələsgəri bitdə-bitdə bilib. Ola bilməzdi ki, elə bir şeiri ona təsir eləməsin. Yanaşı oxuyanda hər şeyi görürsən.



- Bir də belə bir ehtimal var ki, “Maral” qoşması məlum heyvana deyil, Maral adlı qadına yazıb. Əri qətlə yetiribmiş...

- Tamamilə doğrudur. Bu bir kədərli bir əhvalatdır. Mənə Göyçənin Zod kəndində danışdılar. Qadında günah yoxmuş. Kəndxudanın arvadı imiş. Koxanın ona gözü düşür. Kəndxudanı iş dalınca uzaq kəndə göndərib zorla onun evinə girir. Qapıya da adamlarını qoyur. Qadının balaca uşağı varmış. Koxanı görüb. Qadın özünü cəmləyir ki, başına gələnlər bilinməsin. İki gün sonra eşikdə uşaq atasının yanında oynayan vaxt birdən yadına düşür, deyir, ay dədə, evimizə bir kişi gəlmişdi, anamı vurdu. Kim? Məsələ açılır və kəndxuda tüfənglə arvadını vurur, uşaq qorxusundan qonşuya qaçır. Qadını yaralı halda bulağa gedən yola atırlar. Aşıq Ələsgər də onu orda görür.

Təbib olsam yaraların bağlaram
Sinəm üstün düyünlərəm, dağlaram
Ələsgərəm o səbəbdən ağlaram
Ananı baladan aralı gördüm.

- Zalım ovçu onu alıb nişana
Dəyib yaman güllə boyayıb qana...

Səməd Vurğundasa belədir:

Ovçu insaf eylə keçmə bu düzdən
O çöllər qızını ayırma bizdən...

Ovqat bənzərliyi çoxdur.

- Çoxdur. Bir fərq var ki, Aşıq Ələsgər şeiri Maral adlı qadına yazıb.

- O zaman Səməd Vurğun söhbətin əslini bilməyib.

- Bilib. Sadəcə, o qeyri-adi istedadı ilə hər şeydən istədiyini çıxara bilirdi.

- Bir müəmmalı məqam da var. Siz bilərsiniz. Aşıq Hüseyn Bozalqanlının öləndən sonra dirilməsi...

- Olub. Onu tutmuşdular. Nəriman Nərimanovla bir kazarmada yatıb. Çox qoçaq kişi idi Hüseyn babam. Öləndə arvadlar başının üstündə çığırıb, ayılıb. İki gün yaşayıb. Sonra ölüb. Qəbri qazılı qalıb. Həmin günü yağış yağırmış. Kimsə gəlir deyir, qəbirə yağış yağır, neyləyək? Hüseyn babam deyir, qəbirə yağış yağması yaxşı əlamət deyil, Allah məni çox yaşatmasın. Həmin andaca da canını tapşırır.

- Ustad, siz həm də dəhşət futbol azarkeşisiniz. İlk baxışdan adama qəribə gəlir. Saz, futbol...

- Elədir. Gəncliyimdən azarkeşəm. Bu dünyada məni sakitləşdirən üç şey var: saz, futbol, bir də qəlyan... Bunlar olmasa yaşamaq çox çətin olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.