“Müsavat rəhbərliyi ilə görüşdüm, mənə dəstək vermədilər”

3-04-2018, 09:53           
“Müsavat rəhbərliyi ilə görüşdüm, mənə dəstək vermədilər”
Prezidentliyə namizəd Sərdar Cəlaloğlu: “Pənah Hüseyn isə mənə dedi ki...”

Prezidentliyə qeydə alınmış namizəd, ADP sədri Sərdar Cəlaloğlu özünün seçki kampaniyasına dəstək məqsədilə bir sıra müxalif partiyalarla danışıqlar aparıb.

Bu barədə “Yeni Müsavat”a Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, bəzi partiyaların sədrləri ilə görüşlər müsbət nəticələnsə də, bəziləri ilə danışıqlarda müsbət cavab almayıb: “Əvvəllər əməkdaşlığımız olmuş müxalifət partiyalarından AXCP istisna olmaqla, demək olar ki, hamısı ilə bu və ya başqa şəkildə danışıqlar apardım. Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşdüm, dəstək istədim. Lakin Müsavat Partiyası mənə dəstək verməkdən imtina elədi. KXCP sədri Mirmahmud Mirəlioğlu ilə görüşdüm. O dedi ki, bu məsələyə partiyanın Ali Məclisi baxacaq. Lakin bu günə qədər konkret cavab yoxdur. AXP sədri Pənah Hüseynlə görüşüm olub. Pənah bəy isə dedi ki, AXP-nin seçkidə iştirak etməmək barədə qərarı var, amma qeyri-rəsmi şəkildə sizə dəstək verərik. Ümid Partiyasının sədri İqbal Ağazadə isə özü könüllü şəkildə bəyan edib ki, mənə dəstək verəcək. ALDP sədri Fuad Əliyev imzalarını toplayıb yekunlaşdırdıqdan sonra namizədliyini mənim xeyrimə geri götürdüyünü rəsmən elan edib. ALDP mənim seçki təşviqatımda açıq şəkildə iştirak edir. Digər partiyalara da şəxsən müraciət eləmişəm. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev namizədliyimlə bağlı bugünlərdə müsbət mövqe ortaya qoyub. AĞ Partiyanın sədri Tural Abbaslı şəxsən mənə səs verəcəyini qəzetə açıqlamasında bildirib. Mən AXCP-yə dəstək üçün müraciət etmədim. Çünki onların dəstəyinə ehtiyacım yoxdur, dəstəklərini istəmərəm. Amma müttəfiqlik edə biləcəyim, Azərbaycanın gələcəyi ilə bağlı bizimlə oxşar mövqeyə olan partiyaların hər birinə müraciət eləmişəm. Bəzi partiyalar dəstək verəcəklərini şifahi deyiblər. Lakin hələ heç birinin bu barədə rəsmi bəyanatını görməmişəm. Yalnız İqbal Ağazadə və Fuad Əliyev vədlərini əməli olaraq yerinə yetirmək istiqamətində addımlar atıblar. Məsələn, Ümid Partiyası həm mənim imzatoplama kampaniyamda iştirak edib, həm də bölgələrdə keçirdiyim görüşlərin təşkilində yaxından iştirak edib. Hətta Gəncədə seçicilərlə görüşümü Ümid Partiyası təşkil edib. Dəstək belə olmalıdır. Ən azından bir rəsmi bəyanat olmalıdır. Mən seçkidən sonra əməkdaşlıq məsələlərində bütün bunları nəzərə alacağam. Bir halda ki, sən seçkidə mənə dəstək verməmisən, çox mühüm bir siyasi aksiyada hətta müraciət etsəm belə mənim yanımda olmamısan, mən sabah niyə sənin yanında olmalıyam?! Məsələyə bu cür yanaşacağam”.

S.Cəlaloğlu qeyd etdi ki, konstitusiyaya görə, seçkidə iştirak etməyən partiyalar partiya üzvü olmayan vətəndaşların səsvermə hüquqlarını məhdudlaşdıra bilməz: “Hansı partiya bunu edirsə, qanunu pozmuş olur. Çünki konstitusiya partiya nizamnaməsindən üstün hüquqa malikdir. Konstitusiyada açıq yazılır ki, vətəndaşların seçmək və seçilmək hüququ var. Tutaq ki, Müsavatın hansısa üzvləri bu hüququndan istifadə edib səs verəcəksə, Müsavat Partiyası onun haqqında tədbir görə bilər? Qətiyyən. Ona görə də Müsavat rəhbərliyi istəsəydi bəyan edərdi ki, partiya olaraq seçkidə iştirak etmir, amma üzvlərindən kimlərsə səsvermə hüququndan istifadə edəcəksə gedib Sərdar Cəlaloğluna səs versinlər. Yaxud da Azərbaycan xalqına belə bir müraciət də edilə bilərdi ki, biz partiya olaraq seçkidə iştirak eləmirik, amma namizədlərdən Sərdar Cəlaloğluna səs verin. Yəni dəstəyi ifadənin müxtəlif yolları var. Sadəcə olaraq, bunu etmədilər. Biz tez-tez birlikdən danışırıq, hökumətlə niyə bacara bilməməkdən gileylənirik. Bax ona görə bacarmırıq ki, özümüzə lazım olanda başqalarından dəstək alırıq, başqalarına isə lazım olanda dəstək vermirik”.

“Seçkidə namizədliyinizi irəli sürməzdən öncə İsa Qəmbərlə görüşdüyünüzü və onun namizədliyini müdafiə edəcəyini ona çatdırdığınızı açıqlamışdınız. Müsavat seçkiyə getmədiyi üçün İsa Qəmbər namizədliyini vermədi. Siz namizəd oldunuz. Dəstək üçün İsa Qəmbərlə görüşünüz olub?” sualına S.Cəlaloğlu belə cavab verdi: “İsa Qəmbərin səhhətində problemlər olduğu üçün bir müddət Türkiyədə oldu. Türkiyədən gələndən sonra zəng etdim əlaqə saxlaya bilmədim. Pənah Hüseynə dedim ki, İsa bəyin yanına gedib gəlirsənsə, vəziyyəti münasibdirsə gəlim görüşək. O da dedi ki, həkimlər bir müddət görüşlər keçirməməyi tövsiyə edib. Ona görə də hələ ki görüşüm olmayıb. Görüşsəm də İsa bəydən siyasi dəstək istəmək məqsədim yoxdur. Sadəcə olaraq, hal-əhval tutmaq üçün görüşmək istəyirəm. Mən seçkidən öncə İsa bəyə də, digər partiya sədrlərinə də Azərbaycanda seçkidə müxalifətin böyük sferada iştirakı üçün hər cür fədakarlığa hazır olduğumu bildirmişəm.

Mən İsa Qəmbəri həmişə Azərbaycan dövlətinin və xalqının maraqlarına görə müdafiə eləmişəm. Kimi də müdafiə edirəm, bunu nəzərə alıb müdafiə edirəm. Yəni o adamı şəxsi maraqlar üçün yox, bütünlükdə apardığı siyasətin dövlətin maraqlarına uyğun olduğu üçün müdafiə edirəm. Ona görə də zamanında tutaq ki, İsa Qəmbərin namizədliyini müdafiə etdiyimə, bunun üçün həbsə düşdüyümə, işgəncələrə, məhrumiyyətlərə məruz qaldığıma görə onlara qətiyyən minnət qoymuram. Mən vaxtilə ADP-nin binasını AXCP-nin istifadəsinə vermişdim. 6 ay bizim qərargahda fəaliyyət göstərdilər, 2 il təşkilat şöbələri burada fəaliyyət göstərdi. Öz kabinetimi onların istifadəsinə verib çıxıb gedirdim. Əli Kərimli bütün tədbirlərini bizim partiyada keçirirdi. Bunları da heç kəsə minnət eləmirəm. Amma görün indi bunlar hansı mövqe nümayiş etdirirlər. Cəmil Həsənli elmlər doktorudur, müəllimdir, çıxıb mitinqdə prezidentliyə namizədləri şərəfsiz adlandırır. Deyir ki, “debatda iştirak edən səkkiz şərəfsiz...” Beləliklə, qanunu açıq-aşkar pozur. Prezidentliyə namizədin toxunulmazlıq statusu var. Mən bu təhqirə görə onu məhkəməyə verə və cəzalandırılmasına nail ola bilərəm. Ən azından bunu nəzərə almırlar. Azərbaycanda siyasətçilərin siyasi münasibətlərində çox ciddi problemlər var. Etik çərçivələr qorunmur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.