Baş həkim Azər Maqsudov:“Plastik qablara yığılmış su xroniki zəhərlənməyə səbəb ola bilər”

4-06-2018, 00:00           

Yay istirahət, gəzinti, bol meyvə-tərəvəz fəsli olmaqla yanaşı gəlişi ilə bir sıra problemlər də gətirir. Ən çox ilan və həşərat sancmaları, mövsüm zəhərlənmələri məhz yaya təsadüf edir.

Bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov AZƏRTAC-a müsahibəsində bildirib.

Həkim ilan sancmaları barədə danışırkən deyib:

-İlan sancan şəxsin buna verəcəyi reaksiya onun yaşından və orqanizminin müqavimətindən asılıdır. Lakin, ilk növbədə, ilan dişlədiyi yeri bir az yuxarıdan çox sıx olmamaq şərtilə bağlayıb 30-40 dəqiqə ərzində tibbi yardım məntəqəsinə çatdırmaq lazımdır. Tibbi yardım məqsədilə yaranın allergik reaksiya verməməsi üçün zərərçəkənə ağrıkəsici, antihistamin və zəhəri neytrallaşdırmaq üçün zərdab vurulur. Zəhərə qarşı istifadə edilən polivalent zərdab gürzə, əfi ilan və kobraya qarşı çox təsirli vasitədir. Doğrudur, kobra bizim region üçün xarakterik olmasa da, ildə bir–iki dəfə cənub bölgəsində onun sancdığı insanlar olur.

-Yayda təkcə ilan sancmaları ilə deyil, digər həşəratların sancmaları ilə də üzləşənlər olur. Bu barədə nə deyə bilərsiniz?

-Yay fəslində ilandan başqa bəzən sarı və qara əqrəb, həmçinin qara qurd sancmasından da şikayətlər daxil olur. Qara qurd hörümçəyin bir növü olan kiçik ölçülü həşəratdır. Əslində son 7-8 ildə ticarət əlaqələri nəticəsində xarici ölkələrdən bizim ölkəmizə gəlib. Son vaxtlar İl ərzində təxminən 15-20 dəfə onun sancması ilə üzləşirik. Onun dişlədiyi xəstə adətən çox böyük qorxu hissi keçirir, sancma nəticəsində şiddətli ağrı olur, qızartı nahiyəsi genişlənir, qan təzyiqi aşağı düşür, ürək ritmi sürətlənir, əvvəl taxikardiya, sonra brodikardiya əlamətləri müşahidə olunur. Zərərçəkəndə başgicəllənmə əmələ gəlir, yardım göstərilməsi gecikəndə hətta huşunu itirmə halları da ola bilər. İlkin tibbi yardımdan sonra zərərçəkmişin vəziyyəti tədricən normallaşır.

Əqrəb sancmaları da çox təhlükəlidir, xüsusilə qara əqrəbin zəhəri daha kəskin xarakter daşıyır. Ümumiyyətlə, bir mövsüm ərzində təxminən 100-120 dəfə ilan, 20-30 dəfə isə sarı və qara əqrəb sancmasından müraciətlər daxil olur.

-Həşərat sancmaları ilə yanaşı, yayda tez-tez qida zəhərlənmələri də narahatlıq doğurur. Hansı qida məhsulları daha çox zəhərlənmələrə səbəb olur?

-Meyvələr arasında ən çox çiyələkdən zəhərlənmə halları baş verir. Ümumiyyətlə, çiyələk elə meyvədir ki, onu çox saxlamaq, soyuducuya qoymaq tərkibini dəyişir. Bu səbəbdən çiyələkdən mümkün qədər ehtiyatla istifadə etmək lazımdır. Görünüşcə iri olan meyvələrə üstünlük vermək də düzgün deyil. Mənşəyi bilinməyən göbələklər də çox zaman zəhərlənmələrə səbəb olur.

-Bəzən hətta sudan zəhərlənmə halları da baş verir. Bunun səbəbi nədir?

-Bu, əsasən plastik qablara doldurulmuş sudan istifadə zamanı yaranır və xroniki zəhərlənmə ilə nəticələnir. Məsələ burasındadır ki, plastik qab gün altında qalanda onun içərisində olan suyun tərkibi dəyişir. Ona görə də tanınmış şirkətlər öz məhsullarını şəffaf və ya tünd şüşə qabda istehsal edirlər. Plastik qablarda olan su gün altında qalanda onun tərkibi dəyişir və qəbul ediləndən bir müddət sonra orqanizmdə toksiki maddələrin toplanmasına səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.