“Elçibəy barədə yazılan yazı pulla ölçülməməlidir” – Novella Cəfəroğlu ilə müsahibə

25-06-2018, 10:20           

Teleqraf.com-un suallarını Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırıb:
- Novella xanım, mərhum Prezident Əbülfəz Elçibəyin 80 illik yubileyini necə qeyd elədiniz?
- Bəyin məzarını ziyarət elədim, neçə gündür insanlar bir yerə yığılıb Bəydən danışır, silahdaşları, tələbələri onun qoyduğu yoldan söz açır. Məqalələr yazıldı, ümumi görülən işlərdən razıyam. Bütün bunların hamısı Bəyə hörmətdir. Millət Bəyi ürəkdən sevir. Onun adına nə küçə, nə heykəl lazımdır. Hesab edirəm ki, ona ürəklərdə olan heykəl qoyulan heykəllərdən daha yaxşıdır.

- Əbülfəz bəyin doğulduğu Kələkidə doğum günü münasibətilə ənənəvi bayram tədbiri keçirilir. O tədbirlərdə heç iştirak etmisiniz?
- Uşaqlar həmişə gedirlər, mən getməmişəm. Bu il Naxçıvana gedəcəyəm. Əbülfəz bəyin qardaşı Murad kişinin nəvəsinin toyunda iştirak edəcəyimə söz vermişəm.

- Məqalələr yazıldığını qeyd elədiniz, Elçibəylə bağlı yazı müsabiqəsi ətrafında yaranan söz-söhbətə münasibətiniz necədir? Bəziləri deyir vaxtilə Elçibəyi söyənlər indi tərif yazıb mükafat udur. Bu söyləntilərə reaksiyanız necədir?
- Hesab edirəm ki, Bəy barədə yazılan yazı pulla ölçülməməlidir. Bəy pul məsələsini sevən deyildi. Mənim də qaliblərin pulla mükafatlandırılması xoşuma gəlmədi, narahat oldum ki, məqalələr məhz puldan ötrü yazılıb. Amma müsabiqədə iştirak edənlər, sağ olsunlar, hamısı çox gözəl yazmışdı. Təklif elədim ki, yazıları kitab şəklində çap edək. Söz-söhbətin olması normaldır, həmişə olur. Məncə, Bəy barəsində hamının yazı yazmağa mənəvi haqqı var, söyənlərin də, sevənlərin də. Bəy elə adam idi ki, onu sevməyəni də sevirdi. Bəydə bu ustalıq vardı, böyüklüyü onda idi, sevməyəni də, sevəni də bağrına basırdı. Heç mükafat fondunun necə müəyyənləşdiyini bilmirəm, o işin içində deyiləm, Bəylə bağlı müsabiqədə isə pul olmamalı idi. Yazıların hamısını oxumuşdum, bir-birindən yaxşı yazılar idi.

- Təşkilat Komitəsinin üzvü olsanız da, yazıların qiymətləndirmədə iştirak etməmişdiniz?
- Mən yazıçı deyiləm axı, münsiflər heyətində çox şərəfli insanlar təmsil olunurdu. Jürilərin düzgün qiymət vermədiyini düşünmürəm. Məndən olsaydı, yazı yazanların hamısına pulsuz-zadsız mükafat verərdim. Yazılar ürəkdən, məhəbbətlə yazılmışdı.

- Novella xanım, ümumiyyətlə, Elçibəylə tanışlığınız nə zamana təsadüf edir? Onunla tanışlığınızı necə xatırlayırsınız?
- Kələkidə geoloji kəşfiyyat ekspedisiyasında işləyirdim. Bəy də ərəb ölkələrindən gəlmişdi. Birinci dəfə dayısıgildə görüşdük, mən gənc idim, qohumlarım məni Bəyin dayısı Fərrux kişiyə tapşırmışdılar. Bəy də oraya gəlmişdi, orada tanış olduq. Milləti, dili sevməyi mənə Bəy öyrətdi. Mən rusdilli idim, Azərbaycan dilində danışa bilmirdim, bir sözü Azərbaycan, beşini rusca deyirdim. O Bəyə çox pis təsir eləmişdi. Türk olmağımı, Atatürkü, Məhəmməd Əmin Rəsulzadəni Bəy mənə tanıtdı. O vaxt rus dissidenti idim, Bəyin o xoşuna gəldi ki, mən dissident olsam da, düzgün dissentlik etmirəm. Rus dissidentiydim, öz tərəfinə çəkib məni Azərbaycan dissidenti elədi.

- Sonra da ailəvi dostluq etməyə başladınız...
- Mən ailə qurandan sonra yoldaşımla tanış oldu və çox yaxın dosta çevrildilər. Mən onlar danışanda başa düşmürdüm, Sovet hökumətinin dağılacağını deyəndə ağlayırdım. Deyirdim kosmosa uçan, bu qədər tankı olan hökumət necə dağıla bilər? Stalini söyəndə xoşuma gəlirdi, çünki bizim ailəmizə çox pisliklər edib, amma Lenini söyəndə ağlayırdım, deyirdim Lenin baba yaxşıdır. Rus dissidenti olsam da, düşünürdüm ki, Leninə dəymək olmazdı. Yoldaşımla Bəyin müzakirə etmək üçün ortaq mövzuları çox idi. Yəhudi milləti öz dilində danışa bilmirdi, Sovet hökumətində yəhudilərə öz dillərində danışmağa icazə vermirdilər. Elçibəy deyirdi ki, mənim də millətimə Güney Azərbaycanda öz dilində danışmağa yasaq qoyublar. Bu məsələlərdə çox geniş fikir mübadiləsi aparırdılar. Bəy çox milli adam idi, amma ona radikal millətçi deyə bilmərəm. Hər tərəfdən çox gözəl dostları vardı. Moskvadan bizim dostlarımız gəlirdi, yəhudilərlə dostluq edirdi, bir yəhudi dostumuz vardı Elçibəy haqda “Mənim Robespyerim”adlı kitab da yazdı. Furman adlı politoloqla dost idi. Dostları çox rəngarəng idi. Moskvada gedib jurnalistləri Kələkiyə gətirmişdim.

Ayrı-ayrı qəzetlərdə çalışan 6 jurnalist gəlmişdi, Furman da onların içində idi. Bir xanım jurnalist dedi ki, mənim onunla işim yoxdur. Burada kimləsə görüşmüşdü, onun fikri ilə görüşmək istəmirdi. Gəlmişdi deyə görüşməliydi, dedi 5 dəqiqəyə çıxacağam. Oturub onu gözlədik, gördük vaxt keçir, 5 dəqiqə 3 saata çatdı, gülməyə başladıq. Furman soruşdu ki, nəyə gülürsən, gülə-gülə dedim, Əbülfəz bəy onun iynəsini vurdu. Onun yanına 5 dəqiqəlik gedən jurnalist çıxanda dedi, “eto velikiy çelovek”, çoxsaylı şəxslərlə müsahibə alsa da, bu qədər dərin bilikli insan görmədiyini söylədi.

- Deməli, Kələkiyə qayıdandan sonra Elçibəylə tez-tez görüşürdünüz.
- Biz tez-tez görüşürdük. Danışmağa çox şey var, yazırıq görək ortaya nə çıxacaq, inşallah eşidərsiniz.

- Memuar yazırsınız?
- Xırda-xırda epizodlardan qeydlər edirəm. Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin üzvləri neçə dəfə getmişdi, Natella xanım gündə 3 dəfə Naxçıvana uçub partiyadakı uşaqları Bəylə görüşdürürdü. Biz Bəyi orada tək qalmağa qoymadıq.

- Türkiyədə olanda görüşünə getmişdiniz?
- Telefonla danışırdıq, neçə dəfə getmək istədim, amma Bəyi o vəziyyətdə görmək istəmədim. Gedə bilərdim, amma istədim Bəyi yola saldığım kimi xatırlayım. Bəyin xəstəliyini 5-6 nəfər bilirdik. Çox üzgün idim, onu gedib o vəziyyətdə görə bilməzdim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.