ERMƏNİSTANDA SƏFALƏT: ÇÖRƏK BAHALAŞIR, ƏLİLLƏR PENSİYALARINI ALA BİLMİR...

7-08-2018, 20:29           
ERMƏNİSTANDA SƏFALƏT: ÇÖRƏK BAHALAŞIR, ƏLİLLƏR PENSİYALARINI ALA BİLMİR...
"Azərbaycanı Ermənistanla bağlı yalnız bir məsələ maraqlandırır. Bu da düşmənin işğal etdiyi torpaqlarımızdan qoşunlarını çıxarmasıdır”.

Bu barədə "Sherg.az”a Ermənistanda sosial-iqtisadi vəziyyətin ağırlaşmasından, bu sahədə çətinliklərin getdikcə artmasından danışarkən millət vəkili Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu tip məsələlər Ermənistanın daxili işidir:

"İqtisadiyyatı inkişaf edib-etməyəcək, sosial rifah lazımi səviyyədə olacaq ya olmayacaq, Ermənistan hakimiyyəti dəyişəcək ya dəyişməyəcək kimi məsələlər Azərbaycan üçün maraqlı deyil. Tarixin müəyyən kəsimində, təsadüfən müstəqillik qazanmış dövlət özünün bütün siyasətini Azərbaycana qarşı qəsbkarlıq üzərində qurdu. Torpaqlarımızın bir hissəsinin 30 ilə qədər işğalda saxlanması, Türkiyəyə qarşı ərazi iddiaları, erməni millətçiliyinin dünyaya təbliğ edilməsi və s. sonda 2016-cı ilin aprel hadisələrinə gətirib çıxardı.

Yeni hakimiyyət hazırda köhnə dövrün cinayət işlərini üzə çıxarır. Çox istərdik ki, Serj Sarkisyan, Robert Koçaryan və digərləri Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin cəzasını alsınlar. Başqa xalqlara qarşı cinayət törədən şəxslər heç vaxt öz xalqını xoşbəxt edə bilməz. Ermənistan hazırda keçmişinə qiymət verməklə məşğuldur.

Qonşu dövlətlərə qarşı torpaq iddiası irəli sürən Ermənistan inkişaf edə bilməz. Əvvəlki hakimiyyət bunu qulaq ardına vurdu. İndiki rəhbərlik məsələni başa düşüb, iş görəcəksə, Ermənistanda inkişaf olacaq. Əks halda düşmən ölkədə vəziyyət pisləşməkdə davam edəcək”.

Qeyd edək ki, Ermənistanda sosial, iqtisadi vəziyyət gündən günə pisləşir və aksiyalar artmaqda davam edir. Bu dəfə isə Ermənistanın Gözdən Əlillər Cəmiyyətinin üzvləri etiraz aksiyası keçiriblər. Onlar illər uzunu təşkilatın malının mənimsənilməsinə və qurumdakı korrupsiya faktına görə təqsirli bilinənlərin cəzalandırılmasını tələb edirlər. Bundan əlavə İrəvanın bəzi mağazalarında bir kiloqram çörəyin qiyməti 10 dram (0,02 ABŞ dolları) miqdarında artıb, digər un məmulatlarının qiymətində isə 20 dram (0,04 dollar) artım olub. Bütün bunları dəyərləndirən ekspertlər yaxın vaxtlarda düşmən ölkədə yenidən aksiyaların keçiriləcəyini ehtimal edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.