"Orta səviyyəli müğənnilərin və düşük şou əhlinin ekranlarda meydan sulaması..."

30-08-2018, 09:55           
"Orta səviyyəli müğənnilərin və düşük şou əhlinin ekranlarda meydan sulaması..."
Moderator.az-ın əməkdaşı dünən axşam telekanalların "xəbərlər" proqramına baxıb qeyzlənəndən sonra filologiya elmləri doktoru, professor Qulu Məhərrəmliyə aşağıdakı suallar müraciət edib:
"Xahiş edirəm bir peşəkar televiziya tənqidçisi kimi məmləkət əhlinin əsəblərini tarıma çəkən telekanallardakı xəbərlər proqramında, xüsusən ATV nin "Son xəbər" və XəzərTV nin "Xəzər xəbər" proqramlarında verilişin içində dəfələrlə anons verilməsinə münasibət bildirəsiniz. Bu gün ATV - dəki "Son xəbər"də özüm saydım, Nəsimi rayonunda heroin satan "bibi" ləqəbli qadının polislər tərəfindən yaxalanmasının 6 dəfə anonsu verildi. Axı bu, tamaşaçının hüquqlarının pozulması və zövqünün korlanmasıdır. Telekenallarımızın reytinq dalınca qaçmalarının cəmiyyət olaraq nəyi qazanıb nəyi itirdiyimizi bu ölkədə hansı qurum saf-çürük etməlidir sizcə?


Q. Məhərrəmlinin cavabını təqdim edirik:

”Son dövrlərdə telekanallarımızın ümumi səviyyəsinin aşağı düşməsini, forma və məzmunca sönükləşməsini, geniş auditoriyanı maraqlı verilişlərlə cəlb edə bilməməsini, orta səviyyəli müğənnilərin və heç bir estetik dəyər daşımayan düşük şou əhlinin ekranlarda meydan sulamasını və bunların da nəticəsində bayağılığın artmasını təəssüf hissi ilə qeyd etməliyik. Pis olan odur ki, adətən, müəyyən ciddilik səviyyəni saxlayan xəbər proqramları da tədricən deformasiyaya uğrayır. Universal səciyyə daşıyan bu proqramlarda çox vaxt məlumatlar günün mənzərəsini yarada bilmir, mövzu kasadlığı, coğrafi məhdudluq, reportyor işində və məlumatların ümumi düzülüşündə (tərtibatda) ciddi nöqsanlar var.

Dediyiniz anons məsələsi, əslində proqram içində tamaşaçını cəlb etmək, onun diqqətini fəallaşdırmaq üçün yaxşı elementdir. Əvvəllər Xəzər TV, ANS, ATV-nin xəbər proqramları bundan məharətlə istifadə edirdilər. Təəssüf ki, iki səbəbdən bu anonslar indi qıcıqlandırıcı elementə çevrilib. Birincisi, nəyi anons etməyi bilməmək, ikincisi isə bu anonsları tez-tez və yersiz vermək. Məsələn, dediyiniz narkotik satan “bibi” xəbəri 5-6 dəfə anonsu veriləsi məlumat deyil və bir mövzuda bu sayda anons səsləndirmək olmaz. Ümumiyyətlə, xəbər içində anons, yalnız fövqəladə və eksklüziv hadisələr haqqında olmalıdır. Təəssüf ki, xəbər proqramını hazırlayan bizim gənc həmkarlar bunu nəzərə almırlar. Xüsusən, Xəzər Xəbərdə, sanki xəbəriçi anons xəstəliyinə tutulublar, əhəmiyyətsiz mövzularda, ümumiyyətlə, nədən gəldi anons verirlər. Xəbər infoteyment və əyləncə üzərində qurulmaz. Çünki bu proqram növünün ciddi ölçüləri var və tamaşaçıları qıcıqlandırmamaq üçün həmin ölçüləri gözləmək vacibdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.