“Atam həqiqəti üzən deyən insan idi, vəzifəpərəst deyildi”
5-09-2018, 09:54
Bir neçə gündən sonra tanınmış bəstəkar Xəyyam Mirzəzadənin 40 mərasimi keçiriləcək. Modern.az saytı bəstəkarın oğlu, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüşərək, atası ilə bağlı müsahibə alıb.
- Artıq 40 günə yaxındır ki, atanız həyatda yoxdur. İstərdik ki, Xəyyam müəllimlə bağlı düşüncələrinizi bölüşəsiniz...
- Öncə demək istərdim ki, atamın yoxluğu həm ailəmiz, həm də Azərbaycan xalqı üçün böyük itkidir. Danışmaq çox çətindir. 40 günə yaxındır ki, aramızda yoxdur. Onun həyatda olmaması övladı olaraq bizim üçün çətindir. Onu həftədə bir dəfə ziyarət etməyə alışmışdıq. Ən azı gün ərzində bir dəfə telefonla danışırdıq. Atam həm də çox mürəkkəb xarakterə malik insan idi. Heç də mülayim xasiyyəti yox idi. Bəziləri onu kobud, bəziləri isə mülayim insan kimi tanıyırdı. Ola bilər ki, bu müddət ərzində onun yoxluğunu hələ tam anlamırıq. Elə bilirik ki, o, bizimlədir. Çalışıram ki, imkan daxilində hər gün anamgilə gedim. Hazırkı şəraitdə prosesləri izləyirəm və hiss edirəm ki, onun ruhu bizimlədir. Reallıq odur ki, insan ömrü daimi deyil. Xəyyam Mirzəzadənin isə əsərləri daimi qalacaq.
- Xəyyam Mirzəzadənin bəstələdiyi əsərlər bu gün üçün də aktualdır. Bir çox filmlərin musiqisini o yazıb. Övladı olaraq sizə ən yaxın bəstəsi hansıdır?
- Mənə daha yaxın bəstəsi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi və Oqtay Ağayevin ifa etdiyi “Yadındamı, ötən günlər...” mahnısıdır. Bu mahnının 50-dən artıq yaşı var. Xalq onu bu gün də sevərək dinləyir. Bəzən hansısa restorana gedərkən bu mahnının səsləndiyini eşidirəm. Bu, mənim üçün ən böyük hədiyyədir. Təkcə mənim üçün yox, ailə üzvlərim üçün də belədir. Digər sevdiyim bəstə “Yeddi oğul istərəm” filmində səslənən musiqidir. Sözsüz ki, atamın daha maraqlı əsərləri, mahnıları, simfoniyaları var. Amma ruhuma daha yaxın bunlardır. “Yadındamı, ötən günlər...” mahnısı o vaxtlar da şlyager olub, indi də şlyagerdir. Bəziləri elə düşünə bilər ki, Pərvin Mirzəzadə atası kimi danışır. Elə deyil. İndi də yazılan gözəl bəstələr var. Sadəcə, əksər bəstələrin yaşama müddəti 3 ya da 5 ildir.
- Xəyyam Mirzəzadənin mürəkkəb xarakterə malik , hətta acıdil olduğunu onu yaxından tanıyanlar da etiraf edir. Bu mürəkkəblik nədə idi? Ailəsi olaraq nələri qəbul etmişdiniz ki, Xəyyam müəllim buna kəskin reaksiya verə bilər?
- Baxmayaraq ki, atamız böyük bəstəkar olub, amma onun xüsusi qanunları vardı. Bizimlə heç vaxt mülayim olmayıb. Mülayimlik odur ki, kiminsə nazını çəkirsən. Amma Xəyyam Mirzəzadə ailədə kimsənin nazını çəkməyib. Mən belə, övladlarımın nazını çəkirəm. Amma atamda bunlar olmayıb. Onun qanunları da çox sərt idi. Desəydi ki, filan yerə getmək lazımdır, biz mütləq gedəcəkdik. Onunla heç vaxt mübahisə etməmişik. Ağa-ağ, qaraya-qara deyən insan olub. Onun yeməklə bağlı kaprizləri vardı. Dadlı yeməkləri sevirdi. Təxminən 10 il öncəyə kimi yeməkləri özü bişirirdi və bizi də dəvət edirdi. Onun bişirdiyi ən məşhur yemək piti idi. Yaxşı piti bişirməyi Şəkidə öyrənmişdi. Cız-bızı özü bişirirdi. Yaxud da zəng edirdi ki, “balıq bişirmişəm, gəlin”.
Onun digər bir qanunu hamamla bağlı idi. Həftədə bir dəfə İçərişəhərdəki hamama getməli idi. Onun sonuncu dəfə hamama gedişi ölümündən təxminən 30 gün qabaq olub.
Atam İçərişəhərdən xüsusi zövq alırdı. Deyirdim ki, “ay papa, evdə hər şərait var. Nə var hamama gedirsən?”. “Sizin çimməyiniz çimmək deyil. Əsl hamam mən getdiyimdir”-cavabını verirdi. Düz 75 il idi ki, həmin hamama gedirdi. Hamamdan, kisəçilərdən ləzzət alırdı. Təxminən 3 saat hamamda olurdu. Son dövrlərdə atama təsir edən məqamlar vardı. Dostlarının, tələbələrinin dünyadan köçməsinə çox üzülürdü. Onun ən yaxın dostu Kamran İmanovdur. Onunla tez-tez görüşürdü.
- Xəyyam Mirzəzadənin heç bir vəzifəyə təyin olunmamasını da mürəkkəb xasiyyəti ilə əlaqələndiriblər. Hətta, iddia olunur ki, onu yuxarı dairələrdə sevməyiblər. Bu doğrudurmu?
- Ola bilər ki, sevməsinlər. Ətraflı nəsə deyə bilmərəm. Amma Xəyyam Mirzəzadə heç zaman iş adamı olmayıb. Açığı deyim ki, atam vəzifəpərəst deyildi. Azərbaycan Dövlət Konservatoriyasında kompozisiya kafedrasının müdiri olub. Öz ərizəsi ilə ordan ayrılıb. Zamanında müəyyən vəzifələrə təkliflər olsa da, içində vəzifəyə meyl olmayıb. O, vəzifə adamı deyildi. Hər zaman öz azadlığını qoruyub saxlayan insan idi.
1990-cı illərdə ölkədə vəziyyət çox ağır idi. Onu Türkiyəyə dəvət etmişdilər. “Yaxşı əməkhaqqı alacaqsız, evlə təmin olunacaqsız” kimi təkliflər olmuşdu. Amma atam vətəni dar məqamda qoyub getməyi heç vaxt düşünmədi. Onun xüsusi vətən sevgisi vardı. Xəyyam müəllim Azərbaycanın müstəqillik qazanmasına, onu qoruyub saxlaya bildiyimizə çox sevinirdi. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə sənətə, incəsənətə yüksək qiymət verilməsindən həmişə razılıq edirdi. Bu işi daha sonra İlham Əliyev davam etdirdi. Atam prezident təqaüdçüsü idi. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdu. Ona mənzil bağışlanmışdı. Atama dövlət tərəfindən göstərilən qayğı güman ki, ömrünü də xeyli uzatdı.
- 90-cı illərə toxundunuz. Hamı üçün çətin dövr idi. Dediyiniz kimi, çətin məqamda ölkəni tərk etmək barədə düşünməyib. Yaradıcılığında durğunluq məqamları olmuşdumu?
- 1990-cı illərdə baş verən hadisələr onun yaradıcılığına təsirsiz ötüşmədi. Demirəm ki, biz acından ölürdük. Sadəcə, bu hadisələr onun yaradıcılığında müəyyən fasilələr yox, problemlər yaradırdı. İşıqlar sönürdü, çörək növbəsi vardı. Vaxt olub ki, 10 əsər əvəzinə, 1 əsər yazırdı. Heç vaxt ruhdan düşmədi. Deyim ki, müstəqillikdən sonra gələn 15-18 il ərzində daha çox əsər yazmışdı. Atam Sovet dövründə teatrdan, kinodan gələn pullarla dolanırdı.
Köhnə Bakının görünüşünü əks etdirən açıqcaları toplamışdı. Bu açıqcalar inqilabdan öncə çap olunmuşdu. Təəssüflər olsun ki, 1990-cı illərdə atam həmin açıqcaları satmalı oldu. Həmin vaxt vəziyyət çox mürəkkəb idi. Açıqcaları satıb özünə maşın aldı. 1993-cü ilə qədər olan dövrdə çox itkilərimiz oldu. Bəzi qüvvələr hakimiyyətdə idi. Amma onlar heç nə edə bilmədilər.
- Xəyyam müəllim, 52 ildən sonra Bəstəkarlar İttifaqının üzvü olmaqdan imtina edib. O, 52 il ərzində bir çox insanların sədrliyinə şahidlik edib. Qara Qarayev, Tofiq Quliyev və digərləri. Amma Fizəngiz Əlizadə sədrliyə gələndən sonra getmək qərarını verdi. Nə baş vermişdi?
- Şəxsi məsələlərə qarışmaq fikrim yoxdur. İndiki sədrlə aralarında nə olubsa, şəxsi işləridir. Firəngiz xanımın şəxsiyyətinə toxunmaq fikrində deyiləm. Fikrimcə, Xəyyam müəllim müasir zamanda Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının mövcudluğunu gərəkli hesab etmirdi. Bu cür qurumların vaxtının keçdiyini deyirdi. Onun düşüncəsinə görə, həmin təşkilıatların mövcudluğu indiki dövrün tələblərinə cavab vermir.
- Xəyyam müəllimin çevrəsində kimlər olub?
- O, dahi bəstəkar olub. Gözümü açıb evimizdə Qara Qarayevi, İmran Qasımovu, Tokay Məmmədovu, Rəsul Rzanı və digərlərini görmüşəm. Evimizdə kimlərin olduğunu sadalasam, uzun siyahı alınar. Həm rəssamlarla, həm də heykəltəraşlarla dostluq edib. Fuad Salayev, Ömər Eldarov onun dostu idi. Yadımdadır ki, bir dəfə atam evə bir rəsm əsəri gətirdi. Nə olduğunu soruşanda “gözəl bir rəssam var. Adı Səttar Bəhlulzadədir. Bunu o, mənə bağışlayıb” dedi. Sonra gördüm ki, adi karandaşla çəkilmiş sadə şəkildir. Atam heç vaxt şəkil almazdı. Şəkilləri ona dostları bağışlayardı.
- Qadınlarla arası necə idi? Mürəkkəb xarakteri qadınlarla yola getməsinə imkan verirdimi?
- Çox əla münasibəti vardı. Qadınları çox sevirdi. Onu da deyim ki, anam onu heç qısqanmırdı. Evimizə xanım bəstəkarlar, müğənnilər də gəlib. Flora Kərimovanı da, rəhmətlik İlhamə Quliyevanı da, Zeynəb Xanlarovanı da görmüşəm. Atam həmişə deyirdi ki, Zeynəb kimi Leyli yoxdur. Atam çox müğənnilərlə çalışmayıb. Son 30-40 ildə hansısa müğənni üçün mahnı yazmayıb.
Bir dəfə İlhamə xanımla qonşu masalarda əyləşmişdik. Mən içəri daxil olanda İlhamə xanımla da görüşdüm. Təbii, o, məni tanımadı. Ondan soruşdular ki, “tanıdız?..”. İlhamə xanım da “xeyr” cavabını verdi. Xəyyam müəllimin oğlu olduğumu biləndə “o mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Papaya deyərsən ki, vaxtilə oxuduğum bəzi mahnılarını yeni aranjimanda oxumaq istəyirəm” söylədi. İlhamə xanımın sözlərini atama deyəndə eləcə gülümsündü. Bəlkə də, aralarında nəsə olub, amma mən bunu deyə bilmərəm. İş ondadır ki, evimizdə bu cür söhbətlər olmayıb. Ailədə çox ciddi adam olub. Müəyyən yaşa qədər atamızın yanında içki içməmişik. Axşam saat 10-dək evə gəlməliydik, tələbi beləydi. O, öz mövqeyini müdafiə edən, həqiqəti üzən deyən insan idi.
- Xəyyam Mirzəzadənin mürəkkəb xarakterə malik olması müxalifət tərəfindən hörmətlə qarşılanıb. Bir növ müxalifətdə olanlar onu daha çox seviblər. Özünün reaksiyası necə idi?
- O, hamı ilə ünsiyyət saxlayırdı. Müxalifət nümayəndələrinin bəziləri ilə də salamı vardı. Həm də dediyiniz kimi, onu sevirdilər. Atam bir dəfə onlara demişdi ki, “siz nə istəyirsiz? Atın üzərində bir nəfər üçün yer var. Sizin üçün yer yoxdur. Bir dəfə hakimiyyətə gəldiz də...”. Demirəm ki, Xəyyam Mirzəzadə tam olaraq hər şeydən razı idi. Amma öz sözünü həmişə deyirdi.
- Həmçinin, Xəyyam müəllimin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə yaxın əlaqəsi olub. Münasibətləri necə yaranmışdı?
- Deməli, biz Bəstəkarların evində yaşayırdıq. O vaxtkı Hüsü Hacıyev küçəsi indiki “Azərbaycan” prospekti adlanır. Yanımızda yazıçıların da binası vardı. Orada çox görkəmli yazıçılar olan Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Elçin Əfəndiyev, Qasım Qasımzadə, İsa Məlikzadə də yaşayırdı. Yazıçılar binasının aşağı mərtəbəsində Yazıçılar poliklinikası vardı. Yazıçılar da, bəstəkarlar da, kinematoqrafçılar da orada qeydiyyatda idilər. Atam dünyadan köçənə qədər orada qeydiyyatda olub. O vaxtlar İsa Qəmbərin qayınatası orada baş həkim idi. Atamla İsa Qəmbərin münasibətləri oradan başlamışdı. Amma atamın siyasi görüşlərinə nəzər salanda Müsavatdan, AXCP-dən çox fərqlənirdi. Atam həmişə deyirdi ki, bizə stabil dövlət lazımdır. Əsas məqsədimiz Qarabağı qaytarmaqdır. Bu işdə hamımız bir olmalıyıq. Atam həmişə düşünürdü ki, müxalifətdəkilər doğru hərəkət etmirlər. O zamankı AXC hakimiyyətdə olanda atamı heç kim axtarmırdı. Elə ki hakimiyyətdən getdilər, həmin vaxt atam da yadlarına düşdü. Atam bunu zamanında cavablandırıb. “Hakimiyyətdə olanda heç yadınıza da düşməmişəm. İndi nə oldu?”.
- Amma Akif İslamzadə bir ara müxalifətin cərgəsində göründü..
- Atam həmişə Akifə gözəl səsli sənətçi kimi baxırdı. Təəssüf ki, bir müddət səs tellərində problem yaranmışdı. Həmişə Akif İslamzadəyə müxalifətçi kimi yox, sənətkar kimi qiymət verib. Atam bəstəkar Cavanşir Quliyevlə, Flora Kərimova ilə də dostluq edib. Bir söz deyim. Xəyyam müəllim müxalifətdə idi, ancaq bu, onların düşündüyü müxalifət deyildi. O, sənətdə müxalifətçi idi.
- Xəyyam Mirzəzadənin pianosu güman ki, evinizin ən əziz əşyasına çevrilib.
- Əlbəttə. Atamın pianosu yox, royalı olub. Ən gözəl bəstələri həmin royalda yazıb. Həmin royal anamın cehizidir. Onlar ailə həyatı quranda atam bəstəkar idi. Sadə pianosu vardı. Evlənəndə anam mebel əvəzinə royal gətirmişdi. Həmin royalın 55 yaşı var. Royal xüsusi kabinet üçün nəzərdə tutulub. Son illərdə ayaqlarında problem yaranmışdı deyə, gəzə bilmirdi. Sağlığında nahara evə gedirdim. Əslində nahar bəhanə idi. Valideynlərimi görməyə gedirdim. İçəri daxil olanda musiqi səsindən qulaq tutulurdu. Evdə ancaq klassik musiqiyə qulaq asırdı. Bizim evimizdə divardan asılmış 2 şəkil vardı. Biri müəllimi, böyük ustadı Qara Qarayevin, digəri isə babamın şəkli idi. O, Qara Qarayevə dahi insan kimi baxırdı. Onun üçün Qarayevdən artıq avtoritet yox idi. Bir maraqlı məsələni qeyd edim: Qara Qarayev kimdən küsürdüsə, atam da həmin adamdan mütləq küsməli idi. O, barışanda atam da barışırdı.
- Maraqlı məqama toxundunuz. Nə hikmətdirsə, yaradıcı insanlar bir-birilə yola gedə bilmir. Sanki bir-birlərini həzm edə bilmirlər. Xəyyam müəllimin sənət dostları ilə münasibəti necə idi?
- Çox gərgin idi. Məsələn, atamla Mayestro Niyazi həmişə küsülü olub. Yadımdadır ki, Qara Qarayevin dəfn mərasimi idi. O vaxtlar 17 yaşım vardı. Gördüm ki, atamla Niyazi yanaşı dayanıblar. Atam bizi tanış etdi. Halbuki, münasibətlərinin gərgin olduğunu bilirdim. Sonradan eşitdim ki, Qara Qarayev də Niyazi ilə küsülü olub və sonra barışıb. Elə atam da ondan sonra Niyazi ilə barışıb.
Digər bir əhvalatı danışım. Böyük bəstəkar vardı. Onunla eyni binada yaşayırdıq. Amma atam 10 il həmin bəstəkarla danışmayıb. Yaşadığımız binanın 80%-də xalq artistləri məskunlaşmışdı. Yadımdadır ki, atamın ən yaxşın dostu Nazim Əliverdibəyov idi.
- Bəs Arif Məlikovla Xəyyam müəllimin münasibətləri necə olub? Arif müəllim də dahi bəstəkardır...
- Heç yaxşı olmayıb. Atamla küsülü olublar. Bir-birilə heç vaxt yola getmədilər.
- Xəyyam müəllimin dəfninə Arif müəllim qatıldımı?
- Yoldaşı zəng edib başsağlığı verdi. Onlar eyni yaşdadırlar. Arif müəllim isə ağlaya-ağalaya başsağlığı verdi. Bilirsiz, yaradıcı insanlar bir-birilə yola getməsə də, həmişə obyektiv olublar. İncəsənət qısqanclığı tamam başqa aləmdir.
- Çox vaxt yaradıcı insanların dini görüşləri də fərqli olur. Məsələn, müsəlman birisi asanlıqla digər dini ayinləri yerinə yetirə bilir. Maraqlıdır, bu məsələdə Xəyyam müəllim hansı konstruktiv mövqeyi sərgiləyirdi?
- Dinə münasibəti çox yaxşı idi. Hər il mütləq fitrə, zəkat verirdi. Müqəddəs yerləri ziyarət etməyi sevirdi. Məşhəddə, Kərbəlada olub, Suriyada siddi Zeynəbi ziyarət edib. Bütün dinlərə həmişə hörmətlə yanaşıb. Sizə deyim ki, Bakıdakı rus kilsəsinin bəzi keşişləri onun yaxın dostu olub. Amma dindar kimi, oruc tutub namaz qılmayıb.
- Bu dərəcədə mürəkkəb xarakterə malik bir insanın sonradan evinə təşrif buyuran yad qızlarla, yəni gəlinlərlə arası necə idi?
- Çox yaxşı idi. Mənim həyat yoldaşımla daha çox zarafat edirdi. Yoldaşım da onu çox istəyirdi. Həmişə yoldaşıma deyirdi ki, “çayı sən dəmlə. Qaynanan sənin kimi dəmləmir”.
- Ananız Xəyyam müəllimin gəlinə olan bu münasibətini qısqanırdımı?
- Sözsüz ki, qısqanırdı. Anamla 55 ildən çox birgə yaşayıblar. Atamla anam bir-birini çox sevirdi. Ol bilsin ki, aralarında konflikt olub. Amma bu, evdən kənara çıxmayıb. Deyə bilmərəm ki, ideal cütlük olublar, can deyib-can eşidiblər. Amma mürəkkəblik hər ikisində olub. Qardaşım da, mən də gec ailə həyatı qurmuşuq. O, həmişə nəvə görməyəcəyindən narahat idi. Amma Allah ona uzun ömür verdi və nəvələrini də görə bildi. Övladlarım nənələrini və o biri babasını adla çağırırdılar. Yalnız atama “baba” deyə müraciət edirdilər. Atama dahi insan kimi baxırdılar. Bir məsələ də var. Nəvələr etdiyini zamanında biz etsəydik, kim bilir nələr etmişdi.
- Xəyyam müəllim, həmişə vəzifə təkliflərindən imtina edib. Sonra iş elə gətirdi ki, övladları vəzifə tutdu. Məsələn, siz diplomat kimi bu gün yüksək vəzifə tutursuz. Siz bəstəkar olmadınız, diplomatiyanı seçdiniz. Maraqlıdır, Xəyyam müəllim övladlarını vəzifədə görməkdən məmnun idimi?
- Qardaşımla birgə qərara gəldik ki, bizdən bəstəkar olmayacaq. Düşündük ki, zəif bəstəkar olmaq əvəzinə, daha yaxşı işlə məşğul olaq. Diplomat olmaq istəyimi deyəndə ilk vaxtlar təəccüblənmişdi. Sonralar səfir rütbəsi aldım. Prezident tərəfindən yüksək orden-medalla təltif olunanda hiss edirdim ki, ona ləzzət edir. O bizi alim görmək istəyirdi. Babam Hadı Mirzəzadə Bakı Dövlət Universitetinin professoru idi. Amma atam bizi heç vaxt vəzifədə görmək arzusunda olmayıb. Heç vaxt inanmazdı ki, mən səfir ola bilərəm. Amma bu gerçək oldu. Sonradan ona xoş gəlirdi ki, bütün səfirlər mənim ətrafımdadır. Çünki Dövlət Protokol İdarəsinin rəisiyəm. Onlar mənimlə görüşürlər, nəsə soruşurlar. Ona zəng edib deyəndə ki, “cənab prezident tərəfindən mənə ən yüksək diplomatik rütbə verilib. Mənə “zati-aliləri” deməlisən”. Cavabı belə olurdu: “Sən nə danışırsan, başın xarabdı?!”.
Hətta ona deyəndə ki, “bəlkə müraciət edəsən, səni xaricə göndərsinlər?”. Ölkədə çoxlu işlərin olduğunu əsas gətirir və deyirdi ki, “Heç olmasa mənim imkanım var ki, harasa gedirəm. Amma o qədər imkansız insanlar var ki, heç yerə gedə bilmirlər. Yaxşı olar ki onlar müraciət etsinlər”. Övladı olaraq harasa müraciət etməyimizlə bağlı bizə də icazə vermirdi.