“O villanın ərazisini Sərdar Cəlaloğluna Rəsul Quliyev verib” – Hacı Əbdül ADP sədrini İFŞA ETDİ
7-09-2018, 07:37
“Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Bilgəhdə yeni tikdirdiyi villasından danışıb.
O, “Hürriyyət”-ə bildirib ki, Sərdar Cəlaloğlu zaman-zaman əqidəsini satmaqla milyonlara sahib olub:
“Bir müddət çox siyasətçi elə bilirdi ki, Sərdar Cəlaloğlu nəhayət ki, haqq yoluna gəlib və bundan sonra öz əqidədaşlarını satmaz.
Ancaq o zaman da tam əmin idim ki, Sərdar Cəlaloğlu bunu bacarmaz. O dəyişməyib. Zaman mənim nə qədər haqlı olduğumu sübut etdi.
Baxın, bu adam heç yerdə işləmir, partiyasında özündən savayı heç kəs yoxdur, ancaq bu gün şəhərin mərkəzində evləri, partiyasının qərargahı, bağ evləri var. Mən həmin fotolara baxdım, o villa yeni tikilir.
Yəni, Sərdar Cəlaloğlu xalqı aldadıb yalandan deyə bilməz ki, bunu keçmişdə tikmişəm və sairə. Həmin villada hazırda ustalar işləyir.
Yəqin ki, o torpaq sahəsini Rəsul Quliyev Sərdara verib. Çünki Rəsul Quliyevin Bilgəhdə hektarlarla torpaq sahələri vardı”.
Hacı Əbdül Əbdülov deyib ki, Sərdar Cəlaloğlunun hazırda da hakimiyyətə işləməsi heç kəs sirr deyil:
“Sərdar Cəlaloğlu eyni vaxtda bir neçə cəbhəyə işləməyi bacaran adamdır. Yadıma gəlir ki, o Rəsul Quliyevə işləyən zaman başqa tərəflərə də çalışırdı. Baxmayaraq ki, Sərdar Cəlaloğlu özünü elə göstərir ki, onun guya Rəsul Quliyevlə, Avropadan Azərbaycan əleyhinə iş aparan qardaşı Qurban Məmmədovla əlaqələrinin olmadığını göstərməyə çalışır. Ancaq bu inandırıcı deyil. İnanıram ki, Sərdar Cəlaloğlunun bu gün də həm Qurbsan Məmmədovla, həm də Rəsul Quliyevlə əlaqələri var.
Bunu həm hakimiyyət, həm də həqiqi müxalifət də bilir. Sərdar Cəlaloğlu onlara işləmək üçün hər ay hakimiyyətdən pul alır.
Həmçinin, Qurban Məmmədov da hakimiyyətin adamıdır. Ona görə də real müxalifət Sərdarı və qardaşı Qurban Məmmədovu müdafiə etmir”.
Hacı Əbdül Əbdülov qeyd edib ki, Sərdar Cəlaloğlunun REAL sədri İlqar Məmmədova qarşı açıq çıxışları hakimiyyətin göstərişi ilə edilir:
“Bilirsiniz, Sərdar Cəlaloğlu tez-tez rəngini dəyişən adamdır. İndiyədək onu bu vərdişindən çəkindirə bilmədiksə, bundan sonra da mümkün olmayacaq. Satqınlıq, əqidəsini dəyişmək artıq onun peşəsinə çevrilib”.