Millinin futbolçusu: "Penaltini vura bilərdim, lakin baş məşqçimiz Ziya Əzizovun vurmasını istədi"

7-09-2018, 07:53           
Millinin futbolçusu: "Penaltini vura bilərdim, lakin baş məşqçimiz Ziya Əzizovun vurmasını istədi"
"Yaxşı mübarizə apardıq. İsrail də yaxşı komandadır. Rəqibin hücumlarının qarşısını əksər hallarda ala bildik. Lakin standart vəziyyətlərdə diqqətli ola bilmədik".

"Report" xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Barış Ekincier İsraillə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Almaniya "Bohum"unda çıxış edən gənc yarımmüdafiəçi bildirib ki, meydana start heyətdə çıxmaması baş məşqçisi Rəşad Sadıqovun qərarıdır:

"Özüm də ilk "11-lik"də yer almağa hazır deyildim. Penaltini isə vura bilərdim. Lakin baş məşqçimiz Ziya Əzizovun vurmasını istədi. Ona görə də zərbəni Ziya endirdi və qol olmadı".

Norveçlə həm ev, həm də səfərdə ürəklə oynayacaqları təqdirdə, son 2 matçdan qalib ayrılmalarının mümkün olacağını deyən Ekincier hələlik istəklərinə nail ola bilmədiklərini diqqətə çatdırıb:

"Deməzdim ki, bu, baş məşqçidən qaynaqlanır. Rəşad Sadıqov işini yaxşı görür. Komandamız da yaxşıdır. Məşqlərdə kollektiv şəkildə çalışırıq. İnanırıq ki, Norveçə qalib gələcəyik. Lakin təəssüf ki, sonuncu pillədən qurtula bilməyəcəyik. Buna əvvəlcədən əncam çəkməyimiz lazım idi. Mən U-21 yığmasına yeni gəlmişəm və bu komandada ilk matçımı keçirdim. Problem deyil. Norveçlə ev və səfərdə keçirəcəyimiz son iki görüşdə qələbə qazanarıq".

Gələcəkdə də Azərbaycan millisində çıxış etmək istədiyini söyləyən gənc futbolçu hər dəvəti sevinclə qarşılayacağını açıqlayıb:

"Milli komanda anlayışı tam fərqlidir. Millidə oynamaq çox gözəldir və qürurverici haldır. Ona görə də bura sevinə-sevinə gəlirəm. İnanıram ki, son 2 görüşdən qalib ayrılacağıq. Ondan sonra isə komandada yaş dövrü azaldılacaq. Orada da oynayarıq".

Ekincier "Bohum" klubundakı vəziyyətindən də danışıb:

"Hazırda "Bohum"un əsas heyətndə çıxış edirəm. Kubok oyununda meydana çıxdım. Çempionatda isə 4 oyundan 2-də "18-lik"də yer alsam da, oynamadım. Klubla 2020-ci ilədək müqaviləm var. "Bohum"da işlərim yaxşı getsə belə, Türkiyəyə və onun millisinə yollanmağı düşünmürəm. Azərbaycanın U-17 yığmasından etibarən buradayam. Burada özümə dostlar tapmışam. Ona görə də yığmanı dəyişmək istəmirəm və burada qalmaq niyyətindəyəm. "Bohum"da daimi qalmağım üçün komandanın yox, özümün yaxşı vəziyyətdə olmağım lazımdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.