“Həyatım rola girməkdən ibarətdir”

24-09-2018, 10:16           
“Həyatım rola girməkdən ibarətdir”
Son bir neçə ildə Türkiyə şou-biznesinə öz adını qızıl hərflərlə yazdıran İrem Derici qısa bir müddətdə psixoloji travma keçirdiyini deyib. Türkiyə mətbuatında yeni albomu ilə bağlı media nümayəndələrinə müsahibə verən ifaçı ömrünün ən pis zamanlarını keçirdiyini və komandasının dəstəyi ilə o günləri geridə qoyduğunu deyib. Sosial şəbəkələrdə insanların saxtakarlığını görüb, onlara ayaq uydurmağa çalışdığını da gizlətməyib.

- İrem xanım, sizi bu qədər fit edən və formada saxlayan hansı sirlərdir?
- Şeyda Coşqun nə məsləhət görürsə onları yeyirəm, qadağan etdiklərini yeməməyə çalışıram.
- Sizə nələri qadağan edir?

- Saqqız çeynəməyi və qazlı su içməyi. Saqqızın içərisində dadlandırıcı olduğu üçün o, qan şəkərini yüksəldir. Saqqız çeynəyərkən özünüzü şirin nəsə yemiş kimi hiss edirsiniz və ondan sonra üç qat daha da acmağa başlayırsınız. Mineral su da içməyim qadağandır. Çünki insan duzlu su içirmiş kimi olur. O da şiş yaradır. Daha çox konsertlərdə olduğum üçün ya təyyarələrdə, ya da gəmidə, avtomobildə oluram ki, bu da mənə pis təsir edir.

- Xəstəxanada müalicə aldığınız zamanlarda ən böyük dəstəkçiniz kimlər oldu?

- Əvvəlcə valideynlərim, daha sonra isə mənim yaradıcı komandam dəstək oldu. Onlar məni məndən çox düşündülər. Əvvəlcə əllərim titrəməyə başladı və hiss etdim ki, sağlamlığımda problemlər var. Bir də həmin ərəfələrdə hər şey üst-üstə gəlməyə başlamışdı. Ailədə xəstəliklər, ölümlər, eşq məsələləri və sair. İnsanların 3 ayda yaşayacağı şeyləri mən 15 gündə yaşadım. Çamadanlarımı yığarkən bir xəbər oxuyur, əsəbiləşirdim və qusmağa başlayırdım. Komandam həmin ərəfədə məni məndən çox düşünürdü. Dostum Merve Özbey xəstəxanada mənimlə bərabər yatdı. Mənim xəstəxanam böyük bir məscidin yanında yerləşirdi. Orada çox məşhur insanların yası keçirilirdi. Hər dəfə onları görəndə deyirdim ki, görəsən mən ölsəm, yasıma nə qədər adam gələr...

- Hazırda sağlamlıq vəziyyətiniz necədir?

- Ancaq mən bu xəstəliyə çox tez qalib gəldim. İlk təmiz qan təhlilim 6 ay əvvəl gəldi. Özümə döndüm. Həkimlər bu qədər tez sağalmağımı gözləmirdi.

- Yeni albomunuzla gündəmi yenidən zəbt etdiniz. Yeni klipiniz də gözəl alınsa da, onun kolumbiyalı sənətçi Juanesin klipinin eynisi olduğunu deyirlər.

- Albom hazırlıqlarını görərkən mənə dedilər ki, içində olmaq istədiyiniz yalançı, kiçik dünya nədir? Dedim ki, Rihanna, Cenifer Lopes olmaq istəyirəm. Elə yeni klipimin ssenarisi də ordan qaynaqlandı. Klipi dünyaca məşhur ulduzların, ən sevdiyim kliplərin məşhur səhnələrindən ibarət hazırladıq. Hamımızın qibtə etdiyi və içində olmaq istədiyi həyat var, bu həyat da mənimkidir. Yəni, burada tamamən öz həyatımı oynamışam.

- Mahnıda insanların öz saxta, kiçik dünyalarında olduqlarını, "İnstagram” sosial şəbəkəsində ancaq yalanları oynadıqlarını deyirsiniz.
- Eyni ilə elədir. O mahnını ona görə oxumaq istədim. Cəmiyyətin insanın üzərinə etdiyi o basqıların hər formasını yaşadım. Saxtakarlığın anasını ötən il mən yaratdım. Demək olar ki, sosial şəbəkədə müxtəlif pozalarda şəkil paylaşırdım. Ancaq evdə çox pis vəziyyətdə idim. Dərmanlarla yaşayırdım. Mənim üçün bunlar çox çətin idi. Həyatım rola girməkdən ibarətdir.

- "Mən tək, siz hamınız” mahnınız həmin ərəfədə meydana gəldi?

- Bəli. Təsəvvür edə bilirsinizmi ki, o saxtakarlıqlara görə mən canımdan olacaqdım. Bir gün həmin ab-havada olarkən Gökana Şener Şenin "Çılpaq vətəndaş” filmindəki kimi özümü küçəyə atacağımı, "mən təkəm deyə” bağıracağımı dedim. Gördüm ki, bu mahnının sözlərini yazdı. Ona görə də həmin mahnını ifa etmək haqqına sahibəm. Çünki dərsimi aldım.

- Çox duyğusal insansınız.

- Əlbəttə. Həyatımın ən pis dönəmində sosial mediaya baxırdım və düşünürdüm ki, bu dünyada tək bədbəxt insan mənəm. Bunu deyərək dəli olmağa başlayırdım. Amma kənardan mənə baxan, sosial şəbəkə vasitəsi ilə məni izləyən tamaşaçılar "bu qadın bu enerjini haradan tapır” - deyə danışırdılar. Halbuki qapalı qapılar arxasında ağlayıb özümü bədbəxt zənn edirdim. Özümü sinəmdə bir fil oturmuş kimi ağır hiss edirdim. Ancaq hər şeydən bezmişəm. Sakitlik tapmaq istəyirəm.

- Hazırda da rola girmisiniz?

- Hazırda özüməm. Çünki bu albomumda içimdə qalan hər şeyi açıb-tökdüm. İndi içimdə bir rahatlıq var. Saxtakarlıqdan, bədbəxtlikdən dəli olmuşdum. Həyat məni getdikcə yalnızlaşdırmışdı. Özümü qarşıma alıb "illərdir dayanmadan it kimi çalışırsan, bu nə işinə yarayır? Sən həyatdan nə istəyirsən?” - deyə suallar verdim. Günün sonunda başqalarının istədiyi həyatı yaşadığımı görmək mənə çox acı verirdi. İndi o müddəti, həmin çətin günləri keçmişəm. Klipdəki özünə güvənən halım da ondan qaynaqlanır. Hər kəsə özümü anlatmağa çalışırdım. Ancaq heç kim məni anlamağa çalışmırdı. Mən 80 milyon insana nə üçün özümü izah etməyə çalışmalı idim? Artıq hər şeyi həyata və zamana buraxmışam. "Məni tanısanız çox sevərsiniz, amma sizinlə tanış olmaq istəmirəm” fikrindəyəm.

- Bütün bu pessimistliklərinizin qaynağı haradan gəlir?

- Mən qayğını, diqqəti çox sevirəm. İnsanların diqqətini çəkməyi sevirəm, ailəm belə bunun qarşısını ala bilməyib və mənim bu hərisliyimə heç bir çarə tapa bilməyib. İnsanların diqqətini üzərimə çəkmək üçün məktəbdə pəncərədən özümü atmışdım. Bu hissin mənə hardan gəldiyini bilmirəm. Xasiyyətim belədir. İndi deyirlər ki, klipinizdə oxşarlıq var. Hər kəsə də açıq-açıq demişəm ki, klipin ideyası burdan qaynaqlanıb. Belə də olanda ara qarışır, insanlar danışmağa başlayır və mən də zövq alıram.

- "Məni məhv edən hər şeyi geridə qoydum” demisiniz. Sizi məhv edən nədir?

- Münasibətlərimdə həm özümü, həm də qarşımdakını məhv etmişəm. Həyatımda bir dəfə aşiq oldum. Ona görə də bir dəfə həyatım məhv olub. Ümumilikdə münasibətlərimi məhv etmək kimi bir üstünlüyə sahibəm. Əgər birini sevirəmsə, ölənə qədər onunla olacağammışam kimi düşünürəm.

- Biri ilə münasibət qurmaq istədikdə nələr edirsiniz?

- Əgər hər hansı bir kişini bəyənirəmsə, bunu o insana hiss etdirmirəm. Bir yolunu tapıb, onun həyatına girirəm. Onu özümə aşiq edirəm. Bu da uzun zaman alır. Belə ki, həmin insanın hobbilərini, gəzdiyi yeri, oxuduğu kitabları - hər şeyi öyrənirəm. Əvvəlcədən hazırlıq prosesinə başlayıram. Qarşıma hədəf qoyuram, hədəfə doğru gedirəm və həmin məqsədimə tam şəkildə çatıram. Artıq yorulmuşam. Münasibətlərim də bitəndən sonra yorulmuş bir qadın oluram, indiki kimi...

- Eşqdə seçilən deyil, seçən tərəf olmağa çalışırsınız.

- Seçirəm, amma qarşı tərəfə sanki o məni seçmiş kimi hiss etdirirəm. Mənim eşq anlayışım bir xəstəlikdir. Qarşımdakı insanı da xəstə edirəm. Bunu özümə etiraf etməyim belə illərimi aldı. Sevgi hekayəm gözəl başlasa da, sonunu xəstəliyə çevirəcəyimi bildiyim üçün artıq kişilərdən uzaq dururam. Həm də bu məsələdə özümü çox incidirəm. Qarşı tərəfdə isə xoş xatirə kimi anılmıram.

- Belə anladıq ki, bundan sonra həyatınızda eşq istəmirsiniz.

- 3-4 ay bundan öncəsinə qədər istəyirdim. Hətta dəli kimi aşiq olmaq üçün yanıb-tutuşurdum. Ancaq indi elə deyiləm. Eşq filmlərinə baxanda, elə hesab edirəm ki, çiyinlərimdə ağır bir yük var. Təzədən get, sevdiyi mahnıları öyrən, sürprizlər elə. Artıq ərinirəm. Çünki bilirəm ki, bu gün aşiq olsam, yenə azaram.

- Nə zaman hiss edirsiniz ki, aşiq olmusunuz?

- Birinin zarafatını qısqandığım zaman. Birisi o insana məzəli nəsə danışanda "yenə mənim ağlıma gəlmədi, kaş ki, onu mən güldürsəydim” dediyim zaman. Heyranlıqla onun fikirlərini dinlədiyimin fərqinə vardığım zaman. Zəkaya aşiq olan bir tipəm. Hər kəsin bəyəndiyi bir tip var. Amma işin içinə zəka girəndə mən həminki insan olmuram.

- Necə birisi ilə sevgili olmazsınız?

- Öz ayaqları üstə bura bilməyən biri ilə münasibət qurmaram. Bunu maddi tərəfdən demirəm. İnsan hər işdə işləyə bilər. Ancaq o işin ən yaxşısını görmək üçün mübarizə aparmalıdır. Sevdiyi qadına arxalanan, onun pulu ilə dolanan kişilərdən diksinirəm. Bu günə qədər çox sevdim və sevildim. Ancaq elə şey yaşamadım. Bu tip münasibətləri ətrafımda çox görürəm.

- Ötən həftə Deniz Çakır özəl həyatı ilə gündəmə gəlmişdi deyə oynadığı serialdan çıxarılıb. Belə xəbərləri oxuyanda nə hiss edirsiniz?

- Təəssüf hissi... Məhz qadın olduğumuz üçün minlərlə qorxunc hadisələrlə üzləşirik. Hər kəs insandır, hər kəsin bir ürəyi, ruhu var. Sənət tamam ayrı bir şeydir. Aşiq oldu deyə bir bank işçisinin işdən qovulduğunu görmüsünüzmü? Nə edək, qadınıq deyə çarşabdamı gəzək?

- Siz heç belə hallarla üzləşmisinizmi?

- Xeyr. Bəzən "siz qadınsınız, bir az düzgün oturun, düzgün danışın” deyə mənə ağıl verməyə çalışırlar. Görəsən mən necə danışıram? Qadın kimi danışmaq nə deməkdir? Təəssüf ki, bəzi şeylər heç dəyişmir. Cinsi ayrı-seçkilik, irqçilik vəziyyətimiz elə əvvəlki halında durur. Bəlkə də daha güclü savaşmağı öyrənmək lazımdır. Ona da yaxşı sinir sistemi lazımdır.

- Məşhursunuz, sağlamsınız. Xoşbəxtsinizmi?
- Hazırda xoşbəxtəm. Amma beş dəqiqə sonra nə olacağı bəlli deyil. Həyatıma nəzər yetirəndə görürəm ki, bədbəxt olacaq heç bir səbəbim yoxdur. Oxuduğum mahnılar gündəmdə qalır, sağlamam, valideynlərim həyatdadır. Bədbəxt olmaq üçün heç bir səbəbim yox ikən niyə belə olduğumu bilmirəm. Mənə görə rahatlıq insana görə olan bir şey deyil.
KASPİ.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.