Azərbaycanlı modeldən ŞOK MÜSAHİBƏ: “Yarışmada birinci yeri pulla alıb, fahişəliyə başladı”
26-09-2018, 16:20
Metbuat.az-ın müsahibi fotomodel Aygün Türkməndir.
- Aygün Türkmən. Niyə Türkmən?
- Atam türkməndi, anam qərbi azərbaycanlı. Soyadım da ordan gəlir. Bakıda doğulmuşam. Türkmənistana heç vaxt getməmişəm. 21 yaşım var, 46 kiloyam. Boyum 1.68-dir.
- Maraqlıdır, atanızla ananız necə tanış olub?
- Anamın bibisi Türkmənistana ərə gedib. Anam onun yanına gedəndə atamla rastlaşıb. Bir-birini sevib, evləniblər.
- Model kimi çəkiniz deyəsən, normadan azdır.
- Bəli. Fitnesə ona görə gedirəm ki, əzələ yığıb, çəkimi artırım. 55 kilo olmaq istəyirəm.
- Belə az çəkili olmağınızın səbəbi nədir?
- Kökələ bilmirəm. Bu əsəblə əlaqəlidir. Həm də bir az işlə bağlıdır. Ora-bura o qədər qaçıram ki, normal qidalana bilmirəm.
- Niyə əsəbiniz? Siz də sevdiyinizdən ayrılmısınız?
- Yox, elə bir şey yoxdur. Sevib, sevilirəm mən.
- Üzdən çox utancaq görünürsünüz? Ancaq bildiyim qədər modellər utancaq olmamalıdır.
- Bir az. Uşaqlıqdan beləyəm. Həm də ilk həmsöhbətlərimə bu cür təsir bağışlayıram
- İndi modellər aktrisa, aparıcı olmağa can atırlar. Sizdə vəziyyət necədir?
- Mən aparıcılıqdan çox aktrisalığa meyilliyəm. “Əzrayıl” adlı filmə çəkildim, ancaq efirə getmədi təəssüf ki...
- Sizin peşə ilə bağlı Bakıda məktəb var?
- Bəli, var. İlk dəfə sosial şəbəkədə model qızların fotosunu gördüm. Mən də model olmaq istədim. Və beləcə başladım. Sonra İlqar Əliyevi tanıdım. Düzgün gəzməyi, düzgün poz verməyi o, mənə başa saldı. Beləcə, yavaş-yavaş İlqarla bir yerdə işləyirik.
- Niyə modellik?
- İnanın heç özüm də bilmirəm. Bəlkə də sevgidən.
- Modellər sərbəst olur, soyunmaqdan çəkinmirlər, siz də utancaq...
- Bəli, model asanlıqla soyuna bilir. Ancaq indi modellər ortada qalmaq üçün soyunurlar. Mən bir müddət model sənətini kənara qoymuşam. Hazırda xoreoqraf kimi fəaliyyət göstərirəm. Balaca uşaqlarla çalışıram. Onların podyumda düzgün hərəkət etmələrinə istiqamət verirəm.
- Yanınıza gələn uşağın üzünə baxan kimi bilirsinizmi ki, ondan model olar, ya yox?
- Əlbəttə.
- Necə? Məsələn, sizcə, peşəkar model olmaq üçün nələri bilmək lazımdır?
- Əslində birinci məktəbini oxumaq lazımdır. Düzgün pozaları öyrənməlisiniz. Podyumda düzgün gəzməlisiniz. Kamera ilə düzgün işləməlisiniz. İndi hər yerindən duran özünə model deyir. Ancaq heç nə ortalıqda yoxdur. 2-3 gəlinlik çəkilişində olurlar. Elə bilirlər ki, artıq modeldirlər. Hara gedirlərsə, özlərini “filan yarışmanın qalibi, model filankəs” kimi təqdim edirlər.
- Gələcəkdə planınız nədir?
- Modellik və xoreoqrafiya müəllimliyini genişləndirib, biznesə çevirmək. Elə öz yaratdığımız məktəbi qaldırmağı düşünürəm. Qeyri-adiliklər etməyə çalışıram. Onsuz da başqa məktəblərdən seçilirik.
- Sizin məktəb başqalarından nəyi ilə seçilir?
- İlqarın elə özünün 15 illik təcrübəsi onu bütün rəhbərlərdən seçir. Başqa məktəblər var ki, rəhbəri nə düzgün gəzə, nə də poz verə bilir. Həyatında podyuma çıxmayıb. Ancaq indi podyumda dərs deyir.
- Düzgün gəzmək dedikdə nəyi nəzərdə tutursunuz?
- Xanımlar şax gəzməlidir, çiyinlər, əllər arxada olmalıdır, poponu arxaya dartmaq olmaz. Hündürdaban ayaqqabıda sərbəst gəzmək lazımdır. İndi çox adam düzgün gəzə bilmir. Biz uşaqların hər birinə bunları öyrədirik.
- Filmlərdə göstərilir: modelliyi yeni öyrənənlər başlarına kitab qoyub gəzirlər.
- Bəli, başda kitab sərbəst gəzilirisə, deməli o adam düz yeriyir.
- Stil kimi hansı geyim tiplərini sevirisiniz?
- Klassik geyimlər mənim zövqümcədir. İdman üslubunu heç sevmirəm.
- Hansı bədən quruluşlu qızlar model seçilə bilər?
- Modelin boyu, boğazı uzun olmalıdır. Əslində xaricdə model 1.73 boydan yuxarı götürülür, ancaq bizdə o qədər hündür qızlar olmadığından 1.70 götürülür. Modellərin sinəsi balaca olmalıdır. Çəki 50-55-dən yuxarı olmamalıdır.
- Bəzi qızların uşaqlıdan beli, boğazı gödək olur. Bu ölçünü sonradan qazanmaq olarmı?
- Yox. Mümkün deyil. Necə deyərlər, biz sonradan qazanılmış problemləri düzəldə bilərik. Əslində boy artımı üçün dərmanlar var. Ancaq boğaz, bel üçün yoxdur. Həmin dərmanları qızlar 15 yaşdan 22 yaşa kimi, oğlanlar 16 yaşdan 25 yaşa kimi istifadə edə bilər.
- Model kimi qidalarınıza diqqət edirsiniz?
- Yox. Çünki nə yesəm, kökəlmirəm. Ancaq kökəlməyə meyillidirlərsə, əlbəttə qidalara diqqət edilməlidir.
- Boynunuzun arxasına tac tatusu vurdurmusunuz. Bunun nə mənası var?
- Kral və kraliça mənasını verir.
- Deyəsən şöhrətə meyillisiniz.
- Demək olar. (Gülür)
- Orta və nişan barmağınızda Ay, Gün işarəsi var.
- Adımla əlaqəlidir. Tatu vurdurmağa getmişdim. Düşündüm ki, barmaqlarda daha yaxşı görünər.
- Əksər modellərdə var tatu.
- Əslində modeldə tatu olmamalıdır. Varsa da, podyuma çıxanda tonal kremlə üstünü örtür. Çünki modeldə podyumda cəlbedici heç nə olmamalıdır.
- Modellər arasında da çəkişmə varmı?
- Əlbəttə, var. Ancaq aktrisalar modellərə daha çox paxıllıq edirlər.
- Niyə?
- Onlar düşünür ki, heç bir incəsənət institutu oxumayan modelə niyə obraz verilsin?
- Dost dediyiniz model varmı?
- Əlbəttə. Düşmənim yoxdur.
- Hansı modelləri izləyirsiniz?
- Öyrəndiyim heç kim yoxdur. Sevdiyim model Kamila Babayeva, rəfiqəm Üzəl Kərimovadır.
- Bəs əcnəbilərdən?
- Adriana Lima. Adətən hamı incə beli sevir, mən də qalın bel sevirəm.
- Geyimlərinizdə hansı rənglərə üstünlük verirsiniz?
- Sarı, qırmızı.
- Modellər baxımlı qadın tipidir. Özünüzə necə qulluq edirsiniz?
- Yaxşı sualdır. Açığı indi mənim heç nəyə ehtiyacım yoxdur. Bir yaşdan sonra üz, saç, gözaltı qırışları aradan qaldırmaq üçün idman, masaj edərəm.
- Artıq çəkisi olanlara nə məsləhət edirsiniz?
- Qidalarına, yuxularına diqqət etsinlər, idmanla məşğul olsunlar.
- Mütaliə edirsiniz?
- Əslində vaxt olmur. Ancaq arada modellər haqqında bir-iki məlumat oxuyuram.
- Model kimi evdən çıxdıqda şəhərdə sizi nə narahat edir?
- Kişilər, əsas da ərəblər çox əziyyət verir. İşgəncədi sanki.
- Dil bilirsiniz?
- Bilmirəm. Ancaq rus, inglis, alman dillərini öyrənmək istəyirəm.
- Ailə qurmağı düşünürsünüzmü?
- Yox. Hələ 21 yaşındayam, ailə quracaq yaşda deyiləm. Çox məsuliyyətli bir işdir.
- Modellər ailə qurduqda övlad problemi yaşayırlar. Siz bu mərhələni necə düşünürsünüz?
- Mən uşağı həddindən çox sevirəm. Çox istəyərdim əkizlərim olsun.
- Maşınınız var?
- Yox.
- Sevgilinizlə necə tanış oldunuz?
- Rəfiqəmin ad günündə tanış olmuşam. Əvvəl dost kimi əlaqələrimiz oldu.
- Azərbaycan TV-lərini izləyirsiniz?
- Vaxt olmur doğrusu. Verilişlərə arada baxıram, bir də xəbərlərə.
- Yayı harda istirahət etdiniz?
- Təəssüf ki, bu il istirahət edə bilmədik. Başımız İlqar Əliyevin tədbirinə qarışmışdı. Biz il boyu hazırladığımız tələbələri yığırıq bir araya, onları cəmiyyətə tanıtmaq üçün tədbir keçiririk. Azərbaycan belə tədbir görmədi. Hamı bizdən danışırdı. Keçən il də belə bir yarışma olmuşdu. Ancaq bizim tədbir bəzi yarışlardan qat-qat qəşəng idi.
- Modellər açıq-saçıq filimlərə çəkilir, müxtəlif fotosessiyalar etdirirlər...
- Əslində model soyuna bilər, onun işi bədənini göstərməkdir. Mənim elə fotosessiyam olub. Ancaq publikaya yaymadım. Çünki sevgilim qısqanc idi.
- Sizə yüksək qonorar verilsə, soyunarsınızmı? - Yox.
- Siz utancaqsınız, fikirləşirsinizmi ki, belə uğur qazanmaya bilərsiniz?
- Bəli. Amma özümü düzəldə bilmirəm.
- Fotosessiya kimi hansı layihələri etmisiniz?
- Vaxtında gəlinlik , salon, dəniz fotosessiyalarım olub.
- Heyvanlara münasibətiniz necədi?
- İtləri çox sevirəm. Ancaq baxa bilmərəm.
- Bu günə kimi model layihələrində iştirak etmisiniz?
- 2 layihədə iştirak etdim. Yarışmada finala keçdim, ancaq özüm yarışmanı tərk etdim. Əziyyətlə gəldim, sonda problem çıxdı deyə, yarışmanı yarımçıq qoydum.
- Əvvəllər modellərə pis baxırdılar.
- İndi hər yerindən duran modeldi. Artıq fikir dəyişib.
- Hamı model olmaq istəsə də, cəmiyyət bəzilərinədırnaqarası baxır.
- Ümumi danışmaq olmaz. Bəziləri var ki, modelliyin adını batırır. Gedir birinci olmaq üçün yeri pulla alır. Öz qiymətini qaldırır.
- Niyə? Olmayanı danışmırsınız ki...
- Sözün düzünü deyirəm deyə, acı səslənir. Bəzilərinə bu, sərf etmir.
- Bəs bunun qarşısını necə almaq olar?
- Vallah, onun qarşısı çətin ki, alına. Əsas yarışları pula satanları ortadan qaldırmaq lazımdır.
- Bu layihələri təşkil edənlər biznesmenlərdir?
- Yox. Modellikdən heç bir anlayışı olmayan adamlar durub səviyyəsiz yarışlar edir. Hər 3 yeri satır, tökdüyü pulu çıxarır. Məsələn, adi adamdı, 5 min qoyub yarış edir. 10-15 min götürür. Ancaq yaxşı ki, layiqli yarışlarımız da var.
- Model kimi tez-tez imicinizi dəyişməyi sevirsiniz?
- Bəli. Hər ay özümü bir vidə salıram. Qısa saçları çox sevirəm. Üzü uzunsov olan qızlara gödək, üzü yumru olanlara isə uzun saçlar daha çox yaraşır.
- Yerli məşhurlardan kimi bəyənmirsiniz?
- Pərviz Bülbülənin oxuduğu mahnıları sevmirəm. Görünüş baxımından şou biznesin 50% dolu xanımlardır. Bəzənib-düzənməklə deyil, gərək adam ağzını saxlasın ki, şişməsin. Sonra geyimləri, zövqləri pis vəziyyətdədir. Damlanın 1-2 musiqisini bəyənirəm. Şəbnəm Tovuzlunu heç bəyənmirəm. Nanə Ağamalıyevanın mahnı oxuması mənə çatmadı, ancaq baxımlı xanımdır. Bəyənirəm Röyanı, Aygün Kazımovanı, zövqləri də əladı. Bir də Miri Yusifi bəyənirəm.