Türk futbolçu: Azərbaycan millisi hücumda çoxala və topu özündə çox saxlaya bilmir

1-10-2018, 07:20           
Türk futbolçu: Azərbaycan millisi hücumda çoxala və topu özündə çox saxlaya bilmir
"Sumqayıt"ın futbolçusu Atilla Yıldırım evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra brifinq keçirib.

"Report" xəbər verir ki, 28 yaşlı hücumçu əvvəlcə oyun barədə fikirlərini bölüşüb...

- Bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Buna görə də xoşbəxtik. Ardıcıl 2-ci oyunda da qələbə qazandıq. Milli komandaların oyunlarından əvvəl daha bir matçımız var, həmin görüşdən də qalib ayrılıb ardıcıl 3-cü qələbəni qazanmaq niyyətindəyik.

Çoxlu sayda qol epizodlarından yararlana bilmədiniz. Bu, nə ilə əlaqədardır?

- Hələ tam hazır olmadığımı düşünürəm. Oyunlar keçirdikcə daha da yaxşı oluram. Təbii ki, qol vurmaq istəyirəm. Qol epizodlarına girdiyim üçün xoşbəxtəm. Əvvəl qol epizodlarına girməkdə çətinlik çəkirdim. Qol vura bilməməyim həm də qol epizodlarını oyunun sonlarına yaxın əldə etməyimlə bağlı ola bilər. Sonda yorğun olduğum və beyinə oksigen tam getmədiyi üçün qol epizodlarını qaçırıram. 100 faiz hazır olduqdan sonra qolları vuracağımı düşünürəm.

Bu gün qolu siz vurmasanız da qol vurmuş kimi sevindiniz...

- Topun mənə dəydikdən sonra tora daxil olduğunu düşündüm. Ona görə də sevindim. Vacib olan qolu kimin vurduğu deyil. Əsas olan komandanın qələbə qazanmasıdır.

Oyun vaxtı baş məşqçi Nazim Süleymanovla aranızda dialoq oldu. Orada nə olduğunu deyə bilərsiniz?

- Mən baş məşqçiyə yaxınlaşdım. İlk hissədəki kimi daha kompakt oynamağımız lazım olduğunu dedim. Müdafiəçilərin arxadan dəstək vermələrini və hücuma yaxın oynamalarını istədim. Sadəcə oyunla bağlı müzakirə etdik.

Hər oyunda aqressiv görünməyiniz nə ilə əlaqədardır?

- Bu, oyunun ab-havasına görədir. Nəticədə mən oyunu qazanmaq istəyirəm və buna görə də hirsli oynayıram. Futbol - müharibə kimidir. Qazanmaq üçün sona qədər döyüşməlisən. Amma bütün baş verənlər meydanda qalır.

Azərbaycan milli komandasına dəvət olunmağınızla bağlı söhbətlər gəzir. Bəs özünüz millidə oynamaq istərdiniz?

- Təbii ki, söz-söhbətlər olur, amma rəsmən belə bir təklif gəlməyib. Biz onsuz da 1 millət, 2 dövlətik. Bu cür təklif gəlsə, niyə də oynamayım?!

Sizcə, Qurban Qurbanov oyununuzu bəyənir?

- Bu haqda heç nə deyə bilmərəm. Bunu baş məşqçi bilər. Azərbaycan - Kosovo oyununu izlədim. Milli komanda hücumda çoxala bilmirdi. Həm də hücumda topu daha çox saxlamaq lazım gəlirdi ki, bu da oyunda əksik idi. Belə sistem mənim oyun tərzimə uyğundur. Hücumda yaxşı top saxlaya bilirəm. Tam hazır olmasam da, "Sumqayıt"da bu işləri görür və komandama hücuma çıxmaqda kömək edirəm. Öndə top saxlamaq bütün komandalar üçün vacib amildir.

Əfran İsmayılovla aranızda hansısa problem var? Oyun zamanı o, sizə ötürmə vermədiyi üçün narazılıqlar yarandı...

- Aramızda heç bir problem yoxdur. O, mənim canım kimidir. Epizoda görə əsəbiləşdiyimiz anlar ola bilər. Amma o an geridə qaldıqdan sonra problem də geridə qalır.

Hər halda həmin epizodda ötürmə etsəydi, hesabı 2:0 edə bilərdiniz...

- Düzdür, hesabı artırmaq olardı, lakin bu, oyun epizodudur. Görüş 1:1 hesabı ilə bitsəydi, hamı mənim qaçırdığım qollardan danışacaqdı. Amma əsas olan qələbə qazanmağımız idi ki, bunu da bacardıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.