Arif Rəhimzadədən jest: Ziya Məmmədovun qəbuluna düşdü və... - Deputat camaatın sözünü nazirə çatdırdı
23-10-2015, 15:00
Nəqliyyat naziri Ziya Məmmədov bu gün Neftçalada qəbul keçirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Bəhrəmtəpə-Biləsuvar, Neftçala Mayak avtomobil yolunda cari təmir işlərinin aparılması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Nazir vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Millət vəkili Arif Rəhimzadə də nazirin qəbuluna gəlib və nazirdən Neftçala-Salyan yolunun əsaslı təmir olunmasını xahiş edib. Nazir isə bildirib ki, yaxın vaxtlarda beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə 83 kilometrlik Şirvan-Salyan-Neftçala yolunun tikintisinə start veriləcək.