`Kim rüşvət alsa, işdən qovulacaq` - Fazil Məmmədov
27-10-2015, 16:29
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda geniş nitq söyləyən nazir Fazil Məmmədov vergi orqanlarında ciddi problemlərin olduğunu etiraf edib. Nazir fəaliyyətində nöqsana yol verən işçilərin sərt şəkildə cəzalandırılacağını diqqətə çatdırıb:
“Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların var. Vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir”.
Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.
F.Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.
AzVision.az