Razi Nurullayev Araz Əlizadəni dəstəklədi

2-11-2015, 16:03           
Razi Nurullayev Araz Əlizadəni dəstəklədi
AXCP sədri Razi Nurullayev dairəsində qalmaqal yaşanan və seçildiyi mübahisəli olan Araz Əlizadəni dəstəkləyib. Bununla bağlı o, sosial şəbəkədə status yazıb. “Araz Əlizadə ilə münasibətimiz heç zaman yaxşı olmayıb. Amma açığı onun deputat olmasına pis yanaşmadım. İqbal bəyə hörmətim var. Lakin nə partiya sədrliyi, nə də deputatlıq ömürlükdür. Ömür boyu kresloya yapışanlar bilməlidir ki, nəticə yoxdursa, siyasi kresloda oturmaq ayıbdır. İndi bir az da Araz Əlizadə otursun o kürsüdə. Ən azından savadı var, qabiliyyətli adamdır və siyasəti də bilir. Düzdür, o da siyasətdə nəticə göstərməyib. Amma ən azından o, siyasətdə yenidən parlamaya başlayacaq. Elə bu da yenilikdir”,- deyə R.Nurullayev qeyd edib.

“Azərbaycan siyasəti təmamən dəyişməlidir. Başqa yolumuz yoxdur. Əgər tam dəyişdirə bilmiriksə, heç olmasa köhnədən xurcunda qalanları siyasətə qaytaraq. Amma bu gün siyasətdə nəticəsiz və uğursuz “at oynadanlar” güzəştsiz və qeyd-şərtsiz kənara çəkilməlidir. Hər kəsi onları “yola salmağa” dəvət edirəm”,- deyə o, əlavə edib.

Qeyd edək ki, 35 saylı Xətai 3-cü Seçki Dairəsində gərginlik yaşanıb. İlkin nəticələrdə ASDP sədri Araz Əlizadə qalib elan olunsa da, digər namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin Seçki Qərargahının məlumatına görə, protokollarda rəqəmlər İ.Ağazadənin xeyrinədir.

Rəsmi olaraq isə həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6 protokol açıqlanmışdı. Sonra isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının “protokollar” bölməsində sıfırlanıb. Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin adı siyahıdan çıxarılıb. Son olaraq isə MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, bu dairədə qalib Araz Əlizadədir: “O, 8626 səs toplayaraq 47 faiz səslə qalib olub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.