YAP-dan İqbal Ağazadəyə və İlyas İsmayılovaya CAVAB
2-11-2015, 16:11
“Azərbaycanda seçki tam şəffaf, ədalətli, açıq şəkildə keçirildi. İnsanlar öz iradəsini çox rahat şəkildə ortaya qoydular”.
Bunu Modern.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O, Ümid Partiyasının sədri İqbal Ağazadə və Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçkilərin nəticələrinin saxtalaşdırması ilə bağlı dediklərinə münasibət bildirib. Vitse-spiker qeyd edib ki, seçki prosesində iştirak edən namizədlərin müxtəlif fikirləri olsa da, seçki ədalətli keçirilməsi göz önündədir.
“Mən onların hər birinə ayrı-ayrılıqda şərh vermək istəmirəm. Ortada saxtakarlıq olması ilə bağlı iddialar araşdırma tələb edir. Müvafiq orqanlar müraciət olduğu təqdirdə, belə müraciətləri araşdırıb buna hüquqi qiymət verəcəklər.
Kimisə narahat edən məqamlar varsa, qəti şəkildə vurğulayıram ki, bu, ümumi seçki prosesini kölgə altına ala bilməz. Hesab edirəm ki,İlyas İsmayılov və İqbal Ağazadə iddialarının prosedur qaydalarına uyğun şəkildə araşdırılmasına nail ola biləcəklər”.
Qeyd edək ki, Bahar Muradova 84 saylı Füzuli Seçki Dairəsindən deputat seçilib.
Məlumat üçün onu da bildirək ki, bu vaxta olan rəsmi nəticələrə görə 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd İqbal Ağazadə rəqibi Araz Əlizadəyə uduzub. Lakin İqbal Ağzadə, seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.
Həmçinin 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində İlyas İsmayılov deputatlığa namizəd Ülviyyə Ağayevaya uduzub. Amma İlyas İsmayılov sözügedən dairədə seçki nəticələrinin saxtalaşdırıldığını bəyan edib.