"31 dekabradək yeni əfv sərəncamı imzalanacaq" - Açıqlama

6-11-2015, 13:36           
"31 dekabradək yeni əfv sərəncamı imzalanacaq" - Açıqlama
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı parlament seçkilərindən sonra gözlənilən əfv sərəncamı ilə bağlı növbəti açıqlama verib.

O, modern.az saytına bildirib ki, işçi qrupu bütün işləri yekunlaşdırıb:

“Parlament seçkilərindən sonra İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası nəzərdə tutulub. Həmin iclasda bir sıra məsələlər müzakirə olunacaq.

Prezident yanında Əfv Məsələləri Komissiyası da mütəmadi işləyir. Məlum olduğu kimi, əfvin verilməsi birbaşa prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm ki, 31 dekabra qədər əfvlə bağlı sərəncam imzalanacaq”.

Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da əfvlə bağlı gözləntilərini bölüşüb:

“İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu mütəmadi toplaşır, yalnız əfv məsələsi deyil, eyni zamanda ölkədə insan hüquqları ilə bağlı problemlər də müzakirə edilir. Nəticələr barədə müvafiq qurumlara məktublar göndərilir.

Düşünürəm ki, Prezident yanında Əfv Məsələləri Komissiyası da yığışmalıdır. Əfvlə bağlı hələ may ayından müzakirələr aparıb bütün sənədləri həmin komissiyaya təqdim etmişik.

Elə insanlar var ki, onlar özü əfv olunması üçün ərizə yazmasa da, biz xahiş etmişik. Müzakirələr zamanı qərara gəlmişik ki, hər dəfə əfv sərəncamının verilməsi ərəfəsində məhbusların adını çəkməyək. Çünki ailə üzvləri böyük həyəcan keçirir. Bunları nəzərə almaq lazımdır. Biz hər şeyi, yəni bütün mümkün variantları icra etdik. İndi söz prezidentindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.