Elçibəyçilikdən danışan KXCP-də, Elçibəy yoluna zidd hərəkət: Partiyanın xanım üzvünü döymək istəyiblər
26-08-2019, 16:52

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) 26 avqustda keçirdiyi Ali Məclisin iclasında bu günə qədər heç bir siyasi təşkilatda baş verməyən, siyasi əxlaqa zidd olan hadisə baş verib.
Sozcu.az xəbər verir ki, Ali Məclisin iclasında KXCP sədri Mirmahmud Mirəlioğlunu partiyanı saldığı zəif duruma görə tənqid edən, KXCP Yasamal rayon şöbəsindən Ali Məclis üzvü Nisəxanım Vəliyeva Mirmahmud Mirəlioğlunun tərəfdarı olan qrup tərəfindən döyülmək təhlükəsi izlə üz-üzə qalıb.
Bu barədə məlumat verən Nisəxanım Vəliyeva bildirib ki, onu təhqir edən və döymək istəyən adamlara Mirmahmud Mirəlioğlu müdaxilə etməyib:
“Sessiyada qərarların icra vəziyyətinə baxarkən Ali Məclis sədri Bəybala Əbil dedi ki, Ağsu məsələsini İdarə Heyətinə tapşırmışdınız, lakin İdarə heyəti icra etməyib. Belə ki, təşkilat komitəsi yaradılmalı idi, bunun üçün layihə də verilmişdi, lakin icra olunmadı. Sonra Bəybala bəy dedi ki, Ali Məclis bu işi öhdəsinə götürüb bu komissiyanı yarada bilər və bu təklifi verdi. Bundan sonra yerlərdə çıxışlar başladı ki, Ağsu məsələsini dayandıraq. Guya Ağsu məsələsi KXCP-ni iki yerə bölür. Bu halda səlahiyyətlərimdən istifadə edib dedim ki, bunu bura qədər süni şəkildə uzadıb gətirən Mirmahmud Mirəlioğludur. Başladılar nə başladılar….
Bunları belə görəndə dedim ki, bir baxın özünüzə, qocalarsınız, Elçibəy müraciətini gənclərə edib,siz isə onları yaxın buraxmırsınız. Bundan sonra Məclisdə Mirmahmud Mirəlioğlu tərəfindən öyrədilmiş 4-5 nəfər mənim üstüm yeriəyərək, məni döymək istədilər. Tutaq ki, o bunu öyrətməyib. Elə isə onların yanında olan nüfuzundan istifadə edib, mənə olan hücumlarının qarşısını alardı. Qoy deyəydi ki, Nisəxanım mənə deyir, mən bilərəm o bilər. Amma sakitcə oturub onların hücumlarına baxaraq, ləzzət alırmış kimi oturmuşdu”.
Nisəxanı Vəliyeva bildirib ki, onu döymək istəyən adamlardan biri vaxtı ilə Mirmahmud Mirəloğlunu təhqir edərək, partiyadan istefa verən Zülfü Məmmədov adlı şəxs olub:
“Mirmahmud Mirəlioğlu, istefa verib gedən Ağdaş sədri Zülfü hansı statusla gəlib məclisdə oturmuşdu? Siz öz məsələsinin həlli üçün məclisə gələn Oktay Gulalıyevi öz tərbiyənizə uyğun Ali Məclisdən çıxardığınız halda Zülfiyə niyə göz yumdunuz. Halbuki Oktay Gulalıyevi Ali Məclisdən çıxartsanız da cəbhəçiliyində qalırdı.
Əziz dostlar, o kənar adam olan Zülfü məni vurmaq üçün üstümə gələndə Mirmahmudun, sizin kişi zənn etdiyiniz o adamın niyə səsi çıxmırdı? Niyə o adamlara demirdi ki, qadın üzərinə yerimək nakişilikdir?”
Nisəxanım Vəliyev qeyd edib ki, sonda Əbülfəz Elçibəyin gənclərlə bağlı dediklərini onlara xatırladaraq, ali məclisi tərk edib.
– Xatırladaq ki, Nisəxanım Vəliyeva 1988-ci ildən Milli Azadlıq Hərəkatının fəallarından biri olmaqla bərabər, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin yaxın tərəfdarlarından biri olub. Bu günə qədər də, hakimiyyətə qarşı aparılan mübarizədə ön sıralarda yer alan Nisəxanım Vəliyeva, hakimiyyəti tənqid etdiyinə görə, dəfələrlə təzyiqlərlə üzləşib.
Bu hadisədən sonra, Nisəxanım Vəliyevaya qarşı baş verənlərin siyasi əxlaqsızlıq və Elçibəy yoluna zidd olduğu qeyd edən sosial şəbəkə istifadəçiləri və KXCP -nin bəzi tanınmış üzvləri xanıma qarşı bu cür davranışları qınadıqları bildirərək, Mirmahmud Mirəlioğluna istefa tələb ediblər.
Bir məsələni də qeyd edək ki, Mirmahmud Mirəlioğlunun KXCP sədri olaraq səlahiyyəti 2018-ci il də bitməsinə baxmayaraq, Mirmahmud mirəlioğlu hələ də qurultay keçirməyib.