Səni öldürüb, sonra da atəşkəs elan edirəm və ya atəş açıb, “atəşkəsi vurdum”...

1-03-2020, 10:46           
Səni öldürüb, sonra da atəşkəs elan edirəm və ya atəş açıb, “atəşkəsi vurdum”...
26 ildir ki, leksikonumuza daxil olan populyar sözlərdən biri də “atəşkəs”dir. Və açığı deyim ki, hər dəfə atəşkəs sözünü eşidəndə elə bilirəm ki, düşmən mənə - “əllər yuxarı” deyib, əsir götürür. Atəşkəs elan edib Qarabağı işğalda saxlayan kimi. Atəşkəs mövzusuna indi toxunmağın səbəbi İdlibdə baş verən hadisələr oldu. İdlib ətrafında Türkiyənin 33 şəhid verdiyi məlum olandan sonra Türkiyəyə ilk olaraq atəşkəs elan etmək təklif olundu. Təklifi kim verdi? Rusiya! Yəni, hava hücumu nəticəsində türk əsgərlərini şəhid edən Rusiya. Diqqət edin, ümumiyyətlə “atəşkəs”, “sülh danışıqları” təklifləri hər zaman cinayəti, qətli, işğalı törədən qüvvələrdən gəlir. Sənə zərər verirlər, səni öldürürlər, sənin torpağını işğal edirlər və səhərisi günü deyirlər ki, atəşkəs elan olunsun, gəlin sülh danışıqları aparaq. İstədiyinə nail olan tərəf əlbəttə ki, atəşkəs istəyəcək.

Rusiya Qarabağı ermənilərlə birlikdə işğal edib Ermənistanın nəzarətinə verəndən sonra, ermənilər də, ruslar da Azərbaycana atəşkəs təklif etdi və sülh danışıqlarına başlamağı məsləhət gördülər. Məsləhətə şükür deyib, bir himə bəndmiş kimi razılaşdıq və 26 ildir işğal davam edir, 26 ildir sülh danışıqları aparılır və bu gedişlə sonu da görünmür.

Rusiya İdlibdə də türk əsgərlərini vuran kimi, təklif etdi ki, atəşkəs olsun. Adama deyərlər ki, belə atəşkəs istəyəndinsə niyə hücumdan əvvəl təklif etmirdin? Yaxşı ki, Türkiyə bununla razılaşmadı və dedi ki, atəşkəsi kim istəyir elan etsin, əsas atəşkəs Türkiyədən asılıdır və şəhidlərin qanını almayınca, atəşkəs elan etməyəcək, nüfuzunun ayaqlar altına düşməsinə imkan verməyəcək və imkan da vermədi. Türkiyə prezidenti Ərdoğan bu gün dedi: “ölkəmizə düşmən olan rejimə boyunmu əyəcəyik?”. “Zülmə qarşı mübarzə davam edəcək və xalq heç bir zaman mübarizəsindən geri dönməyəcək”. Türkiyənin bu mövqeyi də ABŞ, BMT tərəfindən yüksək səviyyədə dəstəkləndi.

Əgər Türkiyə cavab verməsəydi, sabah ikiqat şəhid verəcəkdi, özü də Rusiya tərəfdən yox, bu dəfə Əsədin özündən alacaqdı. Bu yazılmamış qanundur - zərərinin əvəzini çıxmayan, əbədi zərərə düçar olacaq. Nümunəsi bizik-Azərbaycan. Atəşkəs deyilən vəziyyətlə razılaşıb, böyük bir zaman itirərək, torpaqları işğaldan azad edə bilmir.

Paşinyan da bizim cavab verə bilməməyimizdən o qədər arxayındır ki, “Dağlıq Qarabağ məsələsinin hərbi həlli yoxdur. Kimsə məsələnin hərbi yolla həll olunduğunu söyləsə, Qarabağ xalqı deyəcək ki, o çoxdan həll olunub” - deyir. Yəni, bu prinsipin açması belədir: müharibəni aparıb torpaq tutmuşuq, sonra atəşkəs elan etmişik, torpağı işğal olan da buna razılıq verib və.., və iş bitib, indi gəlin nə qədər istəyirsiniz danışaq. 26 ildir danışırıq, daha bir 26 il də danışaq. Bitdi.

Ter-Petrosyan, Koçaryan, Sarkisyan vəzifədən gedib, hər dəfə ölkə rəhbəri dəyişəndə yeni gələn erməni bicliyi ilə danışıqlara guya yeni çalar gətirdiyini deyib, biz də buna uymuşuq, amma status-kvo dəyişməyib. Bu gün Paşinyan da sələflərinin yolu ilə gedir və sabah Paşinyan da vəzifədən çıxıb gedəcək, yerinə gələn hansısa Karapet də oyunu davam etdirəcək, yeni uzatma formaları tapacaq, biz yenə mənasız danışıqları davam etdirəcəyik, Qarabağ da işğalda qalacaq.
Bu gedişlə bizim yaxın gələcəyimizin mənzərəsi budur.

Amma, sabah bu lənətə gəlmiş atəşkəsi pozub, yaşayış məntəqələrini azad etsək.., vəziyyət dəyişəcək. Təbii, bu asan məsələ deyil və ilk növbədə torpağı azad edəcək gücün və ruhun olmalıdır. Varmı bizim gücümüz? Mən bu mövqeyi kompetent hərbçilərlə bölüşəndə heç də nikbin təəssüratla ayrılmamışam. Təəssüf ki, bu mövzunu açıq danışmaq olmur. Bircə o məlumdur ki, Azərbaycan Ordusunda yüksək səviyyədə kadr islahatlarına böyük zərurət yaranıb, həm də çoxdan yaranıb. Ruhumuzu öldürən də bu islahatın olmamasıdır.

P.S. Əbdürrəhim bəy Haqverdiyevin qəhrəmanlarından biri məmur süründürməçiliyinə məruz qalır. Hər dəfə məmurun yanına gedəndə, məmur: “Zavtra gələrsən” deyib başından edirmiş. Növbəti dəfə “zavtra” cavabını eşidən bəy, məmurun kabinetindən çıxıb idarənin binası qarşısında tapançadan havaya bir neçə güllə atır. Niyə güllə atdığını soruşanlara - “Zavtranı atdım” - deyir. İndi Əbdürrəhim bəyin sözü olmasın, tapançam olsaydı, atəkəsə atəş açar və “atəşkəsi vurdum”- deyərdim.

İlham İsmayıl












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.