Məzahir Pənahov: “Vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin”
4-03-2020, 11:49

Məzahir Pənahov/Foto "trend.az"dan götürülüb
2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 76 saylı Seçki dairəsinin 16 saylı məntəqə seçki komissiyasında (MnSK) məşvərətçi səs hüquqlu komissiya üzvü olan Jalə Bayramova seçki məntəqəsində zorakılığa məruz qalıb. Belə ki, Azadə Kərimova adlı şəxs seçki günü ona yaxınlaşaraq vətəndaşları hansı haqla çəkdiyini soruşub, daha sonra isə onu saçlarından tutaraq sürüyüb və boğmağa çalışıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun toplantısında hadisəyə münasibət bildirərkən Jalə Bayramovanın Azadə Kərimovanın hüquqlarını pozduğunu iddia edib.
“...vətəndaşın hüququ var ki, onu kimsə çəkməsin. Çəkilən qadın [Azadə Kərimova, red.] hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı [Jalə Bayramovanı, red.] qanunla cəzalandıracaqlar”,- deyə MSK sədri vurğulayıb.
“Fakt Yoxla” Məzahir Pənahovun Azadə Kərimovanın hüququnun pozulması ilə bağlı iddiasının doğru olub-olmadığını yoxlayıb.
Qeyd edək ki, MSK sədri qanunvericiliyə istinad edərək vətəndaşın foto və video çəkilişinin hüquq pozuntusu olduğunu bildirib. Lakin o, istinad etdiyi qanunvericiliyin tələblərini tam şəkildə açıqlamayıb. Məzahir Pənahovun açıqlamasından belə anlaşılır ki, o, Konstitusiyanın 32-ci maddəsinə [şəxsi toxunulmazlıq hüququ] əsaslanır. Həmin maddənin III bəndinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs xəbəri olmadan və ya etirazına baxılmadan video və foto çəkilişə məruz qoyula bilməz.
Parlament seçkiləri önəmli ictimai-siyasi hadisələrdən biridir. Belə olan halda, seçki məntəqəsi ictimai məkan hesab olunur. Seçki Məcəlləsinin 40.1-ci maddəsində bildirilir ki, seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. Seçki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, seçki komissiyalarının üzvləri seçki məntəqələrində seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.
Seçki Məcəlləsinin 1.1.18-ci maddəsində göstərilir ki, müşahidə - məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması anlamına gəlir. Videoçəkiliş aparmaq məlumat yığmaq üçün əsas vasitələrdən biridir və müşahidə prosesinin tərkib hissəsi sayılır. Konstitusiyanın 71-ci maddəsində də qeyd olunur ki, hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Seçki məntəqələrində videoçəkilişin aparılması ilə bağlı nə Seçki Məcəlləsində, nə də digər hüquqi normativ aktlarda hər hansı qadağa yer alır.
Videogörüntülərdə Jalə Bayramovanın 76 saylı Dairə Seçki Komissiyasının (DSK) katibi Mübariz Əmirovun istəyi əsasında seçki hərəkətlərini qeydə aldığı, bu zaman Azədə Kərimovanın yaxınlaşaraq, onu boğmağa çalışdığı əks olunur. Bu sadalanan faktlardan aydın olur ki, Jalə Bayramovanın çəkdiyi görüntülər seçki hərəkətləri kateqoriyasına daxildir və onun əməlində hər hansı qanun pozuntusu yoxdur.
Bundan əlavə, videoçəkiliş aparmaq xarakterinə görə özünüifadə aktıdır. Şəxs video çəkərkən ifadə azadlığı hüququndan istifadə etmiş olur. Konstitusiyanın 47-ci və 50-ci maddələri söz və fikir, eləcə də məlumat azadlığına təminat verir. Konstitusiyanın 71-ci maddəsinin VI bəndində bildirilir ki, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
Konstitusiyanın 12-ci maddəsində qeyd edilir ki, Konstitusiyanın bütün müddəaları beynәlxalq hüququn müvafiq müddəalarına uyğun tətbiq olunmalıdır. 151-ci maddәyə әsasәn, yerli qanunvericilik vә ratifikasiya edilmiş beynəlxalq hüquqi aktlar arasında ziddiyyət yaranarsa, beynәlxalq hüquq normasına üstünlük verilir.
Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını (AİHK) ratifikasiya edib və Birləşmiş Millətlər Təşkilatının (BMT) "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktına (MSHBP) qoşulub. Həm AİHK [maddə 10], həm də MSHBP [maddə 19] ifadə azadlığı hüququna təminat verir.
Konstitusiyanın 148-ci maddəsinin II bəndinin tələblərinə əsasən, Azərbaycanın qanunvericilik sistemi üçün AİHM-nin qərarları [Konvensiyanın müddəalarının şərhi kimi] beynəlxalq hüququn normaları ilə eyni əhəmiyyətə malikdir. Deməli, sözügedən kontekstlə bağlı Konvensiyanın və AİHM-in standartları əsas götürülməlidir.
Avropa Məhkəməsi “Cihan Öztürk Türkiyəyə qarşı” işində [32-ci paraqraf] ifadə azadlığının digərlərinin nüfuzunu qorumaq məqsədilə məhdudlaşdırıla biləcəyini tanıyır. Eyni zamanda qeyd edir ki, diffamasiya ilə bağlı qanun və ya icraatların məqsədi dövlət qulluqçularının qanuni tənqidinin, qanun pozuntularının və korrupsiyanın ifşasının qarşısını almaq olduqda buna bəraət qazandırmaq olmaz [bax].
Avropa Məhkəməsinin bu qərarı ifadə azadlığı və onun tərkib hissəsi kimi qanun pozuntularının ifşası məqsədilə foto və video çəkilişlərin aparılması üçün əsasların geniş, məhdudiyyətlərin isə dar olduğunu göstərir.
Avropa Məhkəməsi şəxsi toxunulmazlıq hüququ ilə ifadə azadlığı hüququ arasında tarazlaşdırma meyarlarını “Radio Twist Slovakiyaya qarşı” işi üzrə qərarında [56-64-cü paraqraflar] aydınlaşdırıb. Məhkəmə həmin iş üzrə müəyyən edib ki, iki yüksək vəzifəli siyasi fiqurun arasında gedən və mətbuat tərəfindən əldə edilmiş gizli səs yazısı kontekstinə və məzmununa görə şəxsi deyil, ictimai maraq daşıyıb [həmin səs yazısında dövlət müəssisəsinin özəlləşdirilməsindən söz açılırdı]. Məhkəmə bu qənaətə gəlib ki, gizli səs yazısında şəxsi həyat elementi olmayıb. Beləliklə, Avropa Məhkəməsi ərizəçinin şirkətin başqası tərəfindən əldə edilmiş gizli səs yazısını paylaşdığına görə cəzalandırılmasını Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığının pozuntusu hesab edib. Jalənin çəkdiyi videogörüntülər isə gizli deyil, ictimai maraq daşıyan proseslə bağlı qanuni yolla qeydə alınıb.
Konstitusiyanın 71-ci maddəsinin məzmunundan da aydın olur ki, şəxsi toxunulmazlıq hüququ mütləq hüquq deyil və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
Buradan aydın olur ki, Avropa Məhkəməsi ifadə azadlığı və şəxsi həyat hüququ arasında tarazlaşdırma [balanslaşdırma] apararkən kontekst və məzmun nəzərə alır. Mübahisələndirilən məsələ ictimai maraq doğurursa, ifadə azadlığı üstünlük qazanır; əksinə, şəxsi sfera üstünlük təşkil edir və mövzunun ictimai əhəmiyyəti azdırsa, bu halda şəxsi həyat aspekti üstünlük qazanır. Bu baxımdan, Məzahir Pənahovun istinad edə biləcəyi potensial hüquq normasının [şəxsi toxunulmazlıq hüququ] ağlabatan şərhi onun iddiasını təstiq etmir.
İfadə azadlığının və onun sərhədlərinin yerli və beynəlxalq qanunvericilik kontekstində yuxarıdakı analizi sübut edir ki, Jalə Bayramovanın Azadə Kərimovanın məlum videogörüntülərini çəkib yayması tamamilə qanunidir. Bayramovanın bu hüququ qanunla tam şəkildə qorunur və Azadə Kərimovanın şəxsi toxunulmazlıq hüququ pozulmuş sayılmır. Bu kontekstdə şəxsi toxunulmazlıq hüququ ilə qarşılaşdırmada üstünlük ifadə azadlığı hüququna verilir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Məzahir Pənahovun iddiası yanlışdır.