Məzahir Pənahov çıxış etdi, suallara cavab verdi - MK-nin iclası
5-03-2020, 10:50

Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov çıxış edib.
Teleqraf.com xəbər verir ki, M.Pənahov seçkilər elan olunan gündən yekun protokolların tərtib olunduğu günədək görülən işlərlə bağlı məlumatları çatdırıb.
O qeyd edib ki, seçki günü hər hansı problemin olmasına dair MSK-ya məlumat daxil olmayıb: “Seçkilər ölkə üzrə 1000 seçki məntəqəsində qurulan veb-kameralar vasitəsilə canlı olaraq yayımlanb. Eyni zamanda biz bu seçkidə sosial şəbəkə fenomenini gördük. Həm aşağı seçki komissiyalarının, həm də yuxarı seçki komissiyalarının fəaliyyətinin araşdırılması zamanı sosial şəbəkələrdən istifadə özünü aydın surətdə göstərdi. Biz bu görüntülərin MSK-ya təqdim edilməsi üçün namizədlərə maksimum şərait yaratdıq. Səsvermənin gedişi hesab edirəm ki, normal şəkildə həyata keçirilib”.
MSK sədri deyib ki, bu və ya digər xoşagəlməz hadisələrdən sığortalanmaq mümkün deyil:
“Biz də bu cür hadisələrdən sığortalanmaışıq. Seçkiqabağı dövrdə MSK-ya 54 müraciət daxil olub, onlardan 47-i eyni məzmunlu olub. Seçkidən sonra 300-ə yaxın müraciət daxil olub. Bunların hamısı ilə bağlı müvafiq qərarlar qəbul olunub. Biz araşdırma zamanı 4 seçki dairəsində səsvermənin nəticəsinin etibarsız hesab edilməsi qənaətinə gəldik. 382 məntəqəsində seçkinin nəticəsi etibarsız sayıldı. Bura buraxılan dairələrin məntəqə seçki komissiyaları da daxildir. Həmçinin, fəaliyyətindən narazı qaldığımız 87 seçki məntəqəsini buraxdıq”.
Sonra MSK sədri Konstitusiya Məhkəməsi sədrinin ünvanladığı sualları cavablandırmağa başlayıb.