Belarus Rusiya ilə inteqrasiyadan imtina edib - Neft məsələsinin həllinə qədər
6-03-2020, 00:58

Belarus respublikasının xarici işlər naziri Vladimir Makey bəyan edib ki, neft məsələsi həll olunmayana qədər, Rusiya ilə inteqrasiyadan danışmağın mənası yoxdur. Bu barədə «BelTA» xəbər verib.
«Gəlin əvvəlcə neft tədarükü məsələlərini həll edək, sonra isə ardını fikirləşərik», - deyə Makey təklif edib.
Bundan əvvəl Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko inteqrasiyanın inkişafı üzrə hökumətlərarası işçi qrupun yaradılması barədə qərar qəbul ediblər. Qərara alınmışdı ki, 2019-cu ilin sonuna qədər 31 yol xəritəsinin razılaşdırılması planlaşdırılsın.
Ancaq Rusiya və Belarus liderləri iki ölkənin iqtisadi inteqrasiyası barədə saziş imzalaya bilməyiblər. Belə ki, o zaman bütün hazırlanan «yol xəritələri»nin planını təsdiq etmək mümkün olmayıb.
2019-cu ilin sonunda isə Minsk və Moskva 2020-ci il üçün neft tədarükü barədə razılığa gələ bilməyiblər.
Minsk ondan narazı qalıb ki, Rusiya malgöndərənləri hər ton üçün əlavə 12 faiz haqq tələb edir.
Rusiya hakimiyyəti 2019-cu il üçün neft tədarükü şərtlərinin saxlanmasını, üstəlik də vergi məsələlərinə görə Minskə kompensasiya ödənilməsini təklif edib.
AzPolitika.info