“Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar davam etdirilir” - Səfir
6-03-2020, 12:28

“Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi layihələr qadınların fəaliyyətinin bir sıra sahələrini, o cümlədən kiçik biznes, məktəbəqədər və məktəb təhsili və səhiyyə sahələrini əhatə edir”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Aİ-nin Azərbaycanda gender bərabərliyinin inkişafına verdiyi dəstəyə həsr olunan tədbirdə deyib.
“Avropa İttifaqı gender bərabərliyi məsələsinə çox önəm verir. Biz uzun müddətdir bu istiqamətdə işləyirik və artıq müvafiq milli planımız var. Özümüzə və başqalarına bərabərlik və onun aspektləri, o cümlədən onların gündəlik həyata inteqrasiyası barədə xatırlatmalıyıq. Avropa İttifaqı Azərbaycanla birgə həyata keçirdiyi bütün layihələrdə gender bərabərliyi məsələsni nəzərə alır”, - K.Yankauskas bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qadınlar 100 il bundan əvvəl səs vermək hüququna sahib olublar. “Düşünürəm ki, son parlament seçkilərində qadınların öz hüquqlarından necə istifadə etdiyini də nəzərdən keçirməliyik”, - o əlavə edib.
Bundan əlavə, səfir bu ilin iyununda keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə də toxunub. O, bu tədbirin həm Aİ, həm də Azərbaycan üçün əhəmiyyətli və vacib olduğunu vurğulayıb.
“Şərq Tərəfdaşlığı” proqramına münasibəti və yanaşmanı dəyişdirə biləcək və yeni əməkdaşlıq formatına keçməyə imkan verəcək yeni saziş üzərində danışıqlar aparılır”, - K.Yankauskas söyləyib.