Ekspert: “Toqquşmalar qaçılmaz olacaq, əgər…”

7-03-2020, 11:02           
Ekspert: “Toqquşmalar qaçılmaz olacaq, əgər…”
Ağ Ev” rəhbərinin “Taliban” lideri ilə telefon söhbətindən sonra ABŞ qüvvələri əfqan əsgərlərinə atəş açan döyüşçüləri vurdu; ekspert: “Toqquşmalar qaçılmaz olacaq, əgər…”

ABŞ-ın “Taliban”la fevralın 29-da imzaladığı sülh sazişinin ömrü heç bir həftə çəkmədi. “Yeni Müsavat”ın xəbərinə görə, ABŞ prezidenti Donald Trampın Taliban lideri ilə telefon söhbətindən sonra hərbi əməliyyat olub.

ABŞ qüvvələrinin sözçüsü hava hücumunun Əfqanıstan əsgərlərinə atəş açan döyüşçülərə qarşı Helmənd vilayətinin Nəhre-Sərac yoxlanış məntəqəsində həyata keçirildiyini bildirib. Sözçü Amerikanın sülhə sadiq qaldığını, lakin Əfqanıstan tərəfdaşlarının müdafiəsi üçün öhdəliyə malik olduğunu deyib.

ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və Talibanın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Bəradər razılığı Qətərin paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar. Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak edib.

Razılığa əsasən Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaqlar.

İlk 135 gündə Əfqanıstandakı Amerika əsgərlərinin sayı təxminən 13 mindən 8600-ə endirilməlidir. Amma göründüyü kimi, sazişə hər iki tərəf əməl edə bilməyib. “Taliban” əfqan əsgərlərinə atəş açdığına görə Amerika müdaxilə etməli olub.

Politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Trampla Taliban arasındakı sülh sazişinin Əfqanıstana tezliklə sabitlik gətirəcəyini gözləmir. Onun sözlərinə görə, ABŞ qoşunlarının tələm-tələsik Əfqanıstanı tərk eləməsi də məqsədəuyğun deyil.

Siyasi analitikin fikrincə, əgər ABŞ hərbi kontingenti bu ölkədən sürətlə çıxarsa, Əfqanıstan ordusu ilə “Taliban” arasında tez-tez hərbi toqquşmalar olacağı istisna deyil: “Ona görə də sazişə uyğun olaraq, amerikalı əsgərlərin sayının azaldılması nəzərdə tutulur.

Yaxın bir il ərzində ABŞ-ın tamamilə Əfqanıstandan çıxması inandırıcı görünmür. Əfqan xalqının təhlükəsizliyi və hökumətlə Taliban arasında münasibətlərin stabilləşdirilməsi üçün zamana ehtiyac var. Açığı, ABŞ qüvvələrinin gedişindən sonra Əfqanıstanda uzunmüddətli sülh şəraiti olacağına ümidim yoxdur. Ölkə dərin boşluğa düşüb”.

Siyasi şərhçi hesab edir ki, bütün hallarda tərəflər sazişə əməl etməyə çalışacaq və əvvəlki dövrdən fərqlənəcək: ““Taliban” ona münasibətin dəyişməsini istəyir. Tramp deyib ki, “Taliban” sülhün davamlı olmasını və zorakılıqların aradan qaldırılmasını istəyir.

ABŞ “Taliban”a qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına da müraciət edib. Bu da çox maraqlıdır. Hazırda Moskva və Vaşinqton Talibana qarşı beynəlxalq sanksiyaların ləğvi ilə bağlı məsləhətləşmələr aparırlar. Yəni yumşalma gedir.

Ona görə də əgər “Taliban” sülh barışığına əməl etməsə, ABŞ Əfqanıstanda irimiqyaslı əməliyyatlar keçirməyə qadirdir. Amma bütövlükdə, Amerikanın bu illər ərzində Əfqanıstan siyasəti uğurlu olmadı. Onlar “Taliban”ı sıradan çıxara bilmədilər, yaxud bunu istəmədilər…”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru