Separatçı rejimə, işğalçıya yardım həmsədrlərin dövlət marağıdır - TƏHLİL

12-03-2020, 16:51           
Separatçı rejimə, işğalçıya yardım həmsədrlərin dövlət marağıdır - TƏHLİL
Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmamasının səbəblərindən ən başlıcası beynəlxalq vasitəçilərin tutduğu mövqedir. Çünki ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər Ermənistana işğalçılığa görə ciddi və kəskin təzyiq göstərməyib. Əksinə, ona müxtəlif sahələrdə yardım edilib.

Deməli, 2018-ci ilin mayında ölkədə baş verən dəyişikliklər həmin dövlətlərin Ermənistana yardım ayrılması üçün əlavə bəhanəyə səbəb olub. Bu məqsədlə Avropa İttifaqı və ABŞ bu ölkəyə maliyyə yardımını artırır.

Avropa İttifaqı 2020-ci ildə Ermənistana 150 milyon dollar məbləğində maliyyə yardımı edəcək. ABŞ isə ötənilki yardımı 40 faiz, yaxud 60 milyon dollar artıracaq. Ağ Ev bu yardımı Ermənistanda korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik, energetika, təhsil, demokratiyanın inkişafı, vətəndaşı cəmiyyətinə yardım, məhkəmə, insan haqlarının müdafiəsi kimi sahələrə ayırıb.

ABŞ Dövlət Departamenti isə 2019-cu ildə bu ölkəyə 26 milyon dollar ayırmışdı. Cari ildəki maliyyə yardımı da 2020-ci il üçün nəzərdə tutulan sahələrə xərclənəcək. Müstəqilliyini bərpa edəndən sonra ABŞ hər il Ermənistana maliyyə yardımı edib. “Minilliyin çağırışı” proqramı əsasında Ermənistana 235 milyon dollarlıq sərmayə qoyulmuşdu.

Kiprin yunan hissəsi və Yunanıstan ABŞ-ın müttəfiqlərindən sayılır. Bir sıra hallarda Ağ Evin bu iki dövlət vasitəsilə Cənubi Qafqazdakı vəziyyətə də təsir göstərmək istədiyi hiss edilir. Ötən il ABŞ Kiprin yunan hissəsinə 1987-ci ildə tətbiq etdiyi embarqonu aradan qaldırdı. O vaxtadək Kipr silahı Rusiya və Avropa ölkələrindən alırdı. Bundan sonra ABŞ Kiprə müasir silahlar satacaq. Kiprin silahlanması ilk növbədə Türkiyəyə qarşı açılan yeni təhdid mənbəyi də sayıla bilər. Ancaq nəzərə almaq lazımdır ki, Yunanıstan-Kipr-Ermənistanın hərbi sahədə əməkdaşlığına dair anlaşmalar var. 2019-cu ilin iyulunda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Kiprin müdafiə naziri Savvas Angelidislə görüşüb. Tərəflər hərbi-texniki və hərbi sənaye sahələrində əməkdaşlıq haqqında razılıq əldə ediblər.

Yeri gəlmişkən, 2018-ci ilin oktyabrında Yerevanda səfərdə olmuş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Ermənistana Rusiya istehsalı olan silahların ABŞ silahlarına dəyişdirilməsini təklif etmişdi. Ehtimal etmək olar ki, ABŞ-ın Kiprə satacağı, daha doğrusu, verəcəyi silahlar Ermənistan ordusunda da peyda ola bilər.

Fransa prezidenti Emmanuel Makron cari ilin yanvarında işğal altında olan Qarabağdakı separatçı rejimə yadımla bağlı ölkəsində proqramın həyata keçirilməsi yollarından danışıb. Onun sözlərinə görə, Fransanın inzibati bölgələrinin ayrılıqda Qarabağda yaşayan ermənilərə yardım etməsi üçün hüquqi baza yoxdur: “Sizə bu məqsədlə hansısa sənədi imzalamağı yalandan vəd verə bilərəm. Ancaq bu hüquqi cəhətdən mümkün olmayacaq”. O, bununla belə Qarabağdakı ermənilərə yardım etməyin yolunu da göstərib: “Dağlıq Qarabağla humanitar mədəni əlaqə saxlamağa heç nə mane olmur. Belə əməkdaşlıq Fransanın da qanunlarına zidd deyil”.

Qeyd edək ki, Makronun dediyi kimi, bir sıra xarici humanitar təşkilatlar Qarabağa humanitar yardım adı ilə dəstək göstərirlər. Onların arasında Birtaniyanın “HALO Trust” təşkilatı da var. Bu qurum ərazilərin minalardan təmizlənməsi istiqamətində fəaliyyət göstərir. Fransanın SPFA, İsveçrənin KASA və başqa təşkilatlar humanitar yardım adı altında Qarabağdakı separatçı rejimə müxtəlif dəstək verirlər.

Bir məsələni də qeyd edək. Ötən il ABŞ xaricilərə yardımla bağlı dondurduğu 4 milyard dollarlıq maliyyə vəsaitini bərpa edib. 2020-ci ildə həmin məbləğdən Ermənistan və Qarabağdakı rejimə 40 milyon dollar ayrılacaq.

Amerikadakı Milli Erməni Komitəsi ABŞ-ın yardımının artırılmasına cəhdlə bağlı xəbər yayıb. Həmin məlumatda bildirilib ki, ABŞ-ın 23 ştatından 75 konqresmen 2021-ci ildə Ermənistana və Qarabağdakı separatçı rejimə maliyyə yardımının artırılması barədə çağırış ediblər. Xəbərə əsasən, bu məqsədlə imzalanan məktub ABŞ-ın dövlət və xarici əməliyyatlar üzrə alt komitəsinə göndərilib.

Ermənilər iddia edirlər ki, bu yardım Ermənistan və Qarabağda “demokratiya və sülhə sərmayə qoyulmasına” kömək edəcək. Həmin müraciətdə Azərbaycanın işğal altında olan ərazisinin minadan “təmizlənməsinə” 1,5 mln. ABŞ dolları, Ermənistanda iqtisadiyyat, idarəetmə, qanunun aliliyinin və təhlükəsizliyin təmin edilməsi üçün 100 mln. ABŞ dolları məbləğində yardım edilməsi vurğulanıb. Sənəddə başqa çirkin niyyət də açıqlanıb. Orada ABŞ Dövlət Departamenti və USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən Qarabağdakı separatçı rejimin istənilən təmsilçisinin ştatlara səfəri və ya təmaslarına qoyulan məhdudlaşdırmanın aradan qaldırılması istənilib. ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırması da müraciətdə vurğulanıb.

Ermənistanda və ondan xaricdəki ermənilərin fəaliyyətinin əsas istiqaməti Azərbaycan torpaqlarının daha çox işğalda saxlanılmasıdır. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Rusiya və Fransa onların bu əməllərinə yardım edir.

Düzdür, bütün məsələlərdə dövlətlər öz maraqlarını əsas götürürlər. Bu baxımdan Qarabağda separatçı rejimin mövcudluğu, Ermənistanın işğalçı davranışının uzanması həmin ölkələrin dövlət maraqlarına daxildir. Odur ki, işğalçıya, separatçıya sanksiya tətbiq edilməsi yerinə, maliyyə yardımının arası kəsilmir. Fransa prezidenti, konrqesmenlər və s. bu sayaq dövlət maraqlarına xidmət edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.