Neft ölkələri üçün gündəm sualı: Bir tərəfdə OPEC, o biri tərəfdə ABŞ – Kim haqlı çıxacaq?

12-03-2020, 18:30           
Neft ölkələri üçün gündəm sualı: Bir tərəfdə OPEC, o biri tərəfdə ABŞ – Kim haqlı çıxacaq?
Neft qiymətlərinin aşağı olduğu və bir sıra neft istehsal edən ölkələrin milli valyutasını, eləcə də iqtisadiyyatını təhlükə gözlədiyi bir vaxtda OPEC-dən nikbin açıqlama verilib.

OPEC-in mart ayına olan hesabatına görə, dünyada neft istehlakının 2020-ci ilin ikinci yarısında bərpa olunmağa başlayacağı gözlənilir. OPEC dünyada koronavirusun yayılması fonunda qlobal iqtisadi artımın daha zəif olacağı gözləntiləri səbəbi ilə 2020-ci ildə neft tələbatındakı artım proqnozunu azaldıb. Hesabatda deyilir ki, koronavirusun onsuz da kövrək qlobal iqtisadiyyata təsirinin miqyası bazar iştirakçıları arasında koordinasiya tələb edir. “Çində “Covid-19” epidemiyasının yayılması və onun nəqliyyat və sənaye üçün yanacaq bazarına mənfi təsiri proqnozun azalmaya doğru dəyişdirilməsinin əsas səbəbləri idi. Bundan əlavə, koronavirusun yayılması digər ölkələrdə və bölgələrdə, məsələn, Çin, Yaponiya, Cənubi Koreya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avropa və Yaxın Şərqdəki ölkələrində neftə olan tələbatın artmasına ciddi təsir göstərəcək. Bu, göstərilən bölgələrdə proqnozun pisləşməsinə səbəb olub”, - hesabatda deyilir. İndi 2020-ci ildə qlobal neft tələbatının gündəlik 99,73 milyon barel səviyyəsində olacağı gözlənilir.

Eyni zamanda, ilin ikinci yarısında neft istehlakının ilin birinci yarısına nisbətən daha yüksək olacağı proqnozlaşdırılır. Amerika Energetika Nazirliyi isə qarşıdakı 2 rüb ərzidə OPEC ölkələri tərəfindən neft hasilatının artacağını gözləyir. Bu da dünyadakı yanacaq ehtiyatlarının həcmini artıracaq və nəticədə neftə təlabat azalacaq. Nazirliyin açıqlamasına görə, 2020-ci ildə “Brent” markalı neftin 1 barelinin orta qiyməti 43 dollar təşkil edəcək. Qeyd edək ki, yanvar ayında bu proqnoz 65 dollar idi. Proqnoza görə, 2021 ci il ildə isə “Brent” markalı neftin bir barelinin qiyməti 55 dollar olacaq. Göründüyü kimi, iki fərqli qütbdən fərqli proqnozlar verilir.

Belə olduğu təqdirdə, istehlakın artması, bununla da neftin bahalaşması, yoxsa istehlakın azalması ilə neft qiymətlərinin daha da ucuzlaşması ilə bağlı proqnozlar daha realdır?

İqtisadçı Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda neftin dünya bazarında qiyməti ilə bağlı vəziyyət çox mürəkkəbdir. Buna görə yaxın müddət üçün proqnoz irəli sürmək mümkün deyil:

“Növbəti 3 aydan sonrakı vəziyyətlə bağlı mülahizə irəli sürmək mümkün deyil. OPEC-in özünün yaranmış vəziyyətlə bağlı yekdil qərar qəbul etmək imkanının olmadığı məlum oldu. Belə bir şəraitdə sözügedən təşkilatın ilin ikinci yarısında tələbatın artacağı ilə bağlı proqnoz irəli sürməsi bir qədər gülüncdür. Ona görə ki, OPEC-in əsas aparıcı qüvvəsi olan Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri bəyan ediblər ki, gələn aydan kifayyət qədər yüksək həddə hasilatı artıracağıq. Belə bir şəraitdə təklifin tələbi daha da üstələyəcəyini nəzərə alsaq, konkret olaraq, istehlakla bağlı hansı vəziyyətin müəyyənləşdirilməsi çox çətindir”.

Qlobal iqtisadiyyatın çökdüyünü deyən iqtisadçı qeyd etdi ki, istehsal sahələrinin qapanmaqda olduğu nəzərə alınarsa, neftə tələbatın əksinə getdikcə daha da azalacağını proqnozlaşdırmaq mümkündür:

“Hesab edirəm ki, vəziyyət kifayət qədər gərgindir və ilin ikinci yarısı ilə bağlı proqnoz irəli sürmək mümkün deyil. Demək olar ki, bir sıra mənfi proseslər üst-üstə düşüb. Neftin qiymətinin aşağı olduğu vaxtlar olub – məsələn, 2008, 2009, 2010, eləcə də 2014, 2015, 2016- cı illərdə. Amma həmin vaxtlarda dünya iqtisadiyyatında ümumi iqtisadi artımın tənəzzülü müşahidə edilməmişdi. İndi isə həm qlobal iqtisadiyyatda tələb sürətli şəkildə və bütün sahələr üzrə aşağı düşüb. Hətta turizm sahəsində indiyədək dünyada belə bir böhranlı vəziyyətin yaranması müşahidə olunmayıb. O cümlədən də istehsal şirkətlərinin fəaliyyətini dayandırması o deməkdir, neftin qiyməti ilə bağlı ilin ikinci yarısında, müsbət dəyişikliyin baş verəcəyini gözləmək çox çətindir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.