“Zamanın zənci qarabağlıları, heyyy!..”- Köçkünə verilən ev QARABAĞ DEYİL
16-03-2020, 09:19

İLHAM İSMAYIL
"Mən qulam, vətənsiz, Qarabağsız qul! Qarabağı azad etməsək, qəbirdə də rahat olmayacağıq..."
Təklif edirəm: Nazirlər Kabineti yanında Qaçqınlar Komitəsi ləğv edilsin. Deyəcəksiniz ki, bəs, qaçqınların problemi ilə kim məşğul olacaq? Qaçqınıların problemi makaron, düyü, çörək, ən yekəsi hansısa düzün ortasındakı ev, mənzil deyil, qaçqının, köçkünün dərdi vətəndir, Qarabağdır, cənab səlahiyyətlilər! Bu gün təntənəli şəkildə verdiyiniz müvəqqəti evlər, öyünüb açarını təqdim etdiyiniz mənzillər mənim dərdimə çarə deyil. Siz mənə bu gün xaraba qalmış, dağılmış, viran qalmış Qarabağımı verin, mən orda öz əlimlə villa tikəcəm, koma tikəcəm, əkəcəm, becərəcəm, necə ki, Şuşa, Ağdam yaratmışdım, onu bir də yaradacam. Sizin qaçqın adına yediyiniz pulları da sizə bağışlayacam, dağıdın mənim hesabıma ayrılan pulları, sizdən bir qəpik də istəmirəm, mənə Qarabağım lazımdır! Bacarmırsız, eləmi? Vuruşaq, uduzsaq, deyərik ki, bacarmadıq bu dünya ilə, bacarmadıq bu düşmənlə, amma onunku onda, mənimki məndə, bir gün gələr, bacararıq. Ümid sonda ölür.
Mənə sizin sabitlik deyib öyündüyünüz vətən lazım deyil, çünki o yerdə Qarabağ yoxdur. Qarabağ işğalda ikən, Siz necə sabit yaşaya bilirsiniz? Sizin sabitliyiniz harın balalarınızın avtomobil sərgisimi, qollarında iki milyonluq saatmı, dünyanın dörd bir yanında olan villalarınızmı? Sizə səslənirəm! Sizlər bu vətənin yeraltı qara sərvətindən bəhrələnib, yerüstü bəyaz evlərinizi tikməklə işinizi bitmişmi hesab edirsiniz? Sizin bəyaz günlərinizin bir gün siyah hesabının sorulmayacağınımı zənn edirsiniz? Millətin hələ sadəlövh ümidinə, yazıq, mağmın durumuna baxıb öz firavanlığınızı əbədimi hesab edirsiniz? Cənablar, sizə Səməd Vurğunun məşhur bir kəlamını ibrətamiz olaraq xatırladıram:
Hər qərarı, hökmü verən zaman olur,
Bil ki, qullar dünyasınn intiqamı yaman olur.
Mən qulam, vətənsiz, Qarabağsız qul! Mənim bu günüm nə doğmanın, nə yadın acımadığı gündür, faciədir. Amma, belə getməyəcək, bilin! Bu gün qul kimi baxdığınız qullar - Qarabağ qaçqınları, köçkünləri nə aldığı mənzilə, nə makarona, düyüyə, müavinətə baxmayacaq, bir gün "QARABAĞ” hayqırıb dünya meydanına çıxacaq və vətənini tələb edəcək. O meydanda tək olmayacam, o meydanda hər bir qarabağlı olacaq, vətənini düşmənə verməyən hər kəs olacaq! Bir dəfə demişəm: Qarabağ düşmən üçün ərazi, bizim üçün vətəndir! Vətən üçün ölərlər, öldürərlər! Biz vətən üçün ölməyə də, öldürməyə də hazırıq. Bilirsiz niyə? Yenə də şairin sözlərinə müraciət edirəm:
İnsan oğlu, vətənsiz də insan kimi yaşayarmı?
Qarabağsız yaşaya bilmirəm, Şuşasız, Ağdamsız, Kəlbəcərsiz yaşaya bilmirəm, yaşaya bilmirik. Bilmiriksə ölməliyik, amma sadəcə Əzrayılın başımızın üstün alıb: "Sən qocalmısan, ölməlisən” əmriylə yox, Qarabağ, vətən uğruna ölməklə... Ax bu vətən, ax bu Qarabağ! Cənab vətəndaş, cənab qarabağlı, bu dövlət imkan versin, sənlə Qarabağ uğruna şəhid olaq. Qardaş, daha yol qalmayıb, yol, vətəni azad etmək yoludur. Bu yol üçün vuruşmağımız lazım. Ay millət, Qarabağı azad etməsək, qəbirdə də rahat olmayacağıq. Ay millət, vətənimizi azad etmək naminə vuruşa hazır olun. Köçkünə verilən ev QARABAĞ DEYİL! Sizə verilən mətbəx QARABAĞ DEYİL. Qarabağ düşmən əlindədir, azad etməsək, o yerlər, vətən düşmənə qalacaq. Ay camaat, Qarabağ uğruna ayağa qalxın!
Azadlıq istəsə torpaq bir anlıq,
Qoy qılınc qurşasın hər qəhrəmanlıq.
Elə bilməyin ki, Qarabağa azadlıq istəyənlər əbədi susublar. Bu gün elə görünə bilər. Bu gün qaçqın müavinətinin dalınca qaçan, bu gün yataqxanadan, zirzəmidən, komadan çıxıb rahat mənzil alan köçkünü sevindirə bilərsiniz, sabah yox! O evə, o mənzilə o müavinətə boyun əyməyib Qarabağ uğruna ayağa qalxa bilənləri yox saymayın, susan saymayın! Mən susmamışam, biz susmamışıq! Canımızda can varkən, şair demişkən: "qılınc qurşamağa hazırıq!”
Təki vətən uğruna yayından çıxan oxlar olaq, düşəmənin bağrına sancılaq. Çətini bu oxların yayından çıxmasıdır: "Öz yayından çıxan oxlar bir də geri dönməyəcək!”
Nə istəyirik sizdən həə...? Mən bu sətirləri masa əvəzinə ütü stolunun üstündən istifadə edib yazıram. Mənim stolum yoxdur. Cəhənnəmə olsun! Mən dünyanın ən zəngini olsam belə Qarabağım yoxdursa məndən kasıb, yazıq adam yoxdur. Mənim günümdə olan milyonlar var. Hər şeyi olan, heç nəyi olmayanlar ölkəsinin vətəndaşıyam , ta o vaxta qədər ki, mənim vətənim-Qarabağım yoxdur!
Mən vətənimi - Qarabağımı dünyadan istəmirəm, mən vətənimi özümüzdən istəyirəm, özümdən istəyirəm! Heç kəs bizə vətən bağışlamayacaq, heç kəsin bizə yazığı gəlməyəcək. Biz boğulanıq, bizim - boğulanın xilası öz əlimizdədir. Nə qədər bizi Rusiya ilə, İranla qorxutsanız da yenə bizim xilasımız öz əlimizdədir.
Yazıda Səməd Vurğunun "Zəncinin arzuları” poemasından sitatlar gətirdim. Təsadüfi deyil. Qarabağ işğalda ikən mən və mənim kimi qarabağlılar özünü bu vətəndə vətənsiz, hüquqsuz, zamanında zəncinin durumundakı kimi hiss edirik və edəcəyik. Zəncilər də mübarizə edib arzusuna çatdılar. Zənci Amerika Birləşmiş Ştatlarının prezident oldu. Qarabağı azad edəndə mən də, biz də özümüzü zənci prezident hesab edəcəyik, yəni Qarabağı olan bu ölkənin tamhüquqlu vətəndaşı olacağıq. Zənci mübarizə etdi, Martin Lüter Kinq öldürüldü, amma "zəncinin arzuları” həyata keçdi – zənci Obama prezident oldu. Biz - zamanın zənci qarabağlıları düşməni öldürüb, həm də ölməyincə, Qarabağı azad etməyincə əbədi olaraq vətənsiz qullar olacağıq...
Redaksiyadan: Bu məqaləni İlham İsmayıl 3 ay öncə yazmışdı...Yazını təkrarən verməkdə məqsədimizi yəqin ki, aşağıdakı statusu oxuyandan sonra biləcəksiniz.
İlham İsmayıldan Siyavuş Novruzova möhtəşəm CAVAB
"Dövlət həmin insanlara (məcburi köçkünlərə - red.) dədə-babalarının tikdiyindən də yaxşı evlər tikib verib". Bu sözləri SİYAVUŞ NOVRUZOV Milli Məclisdə deyib.
Siyavuş Novruzov, hakimiyyətə gəlməkdən ötrü böyük qüvvələrlə danışıb, o adamların dədə-babalarının torpaqlarını məhz sizlər satmısınız. Öhdəliyiniz də bu olub ki, hakimiyyətdə olduğunuz müddətdə heç vaxt torpaqları azad etmək üçün bir addım da atmayacaqsınız, necə ki atmırsınız. Yox, elə deyilsə, dövlət vəzifənizi yerinə yetirin və torpaqları işğaldan azad edin, verdiyiniz o evləri də qohum-əqrabanıza paylayarsınız. O yerlərin adamları səndən və sənin kimi düşünənlərdən fərqli olaraq evin, mülkün, sarayın nə olduğunu yüz illərlə əvvəldən yaxşı bilirlər və yenə də tikib-quracaqlar.
Miq.Az