Qorqud partiyasının bəyanatı
16-03-2020, 17:10

Yaşadığımız dövr Azərbaycan tarixinin ən çətin dövrüdür. SSRİ-nin süqutundan sonra, torpaqlarımızın 20 faizinin erməni və rus qəsbkarları tərəfindən işğalı, bir milyona yaxın vətəndaşımızın qaçqın vəziyyətinə düşməsi, azərbaycanlıların mənəvi ruhuna və mentalitetinə ciddi surətdə mənfi təsir etmişdir. Son günlər dünyadakı koronavirus pandemiyası və bunun nəticəsində iqtisadi çətinliklər də insanlarımız üçün əlavə problemlər yaratmışdır. Bir yandan da cəbhə bölgəsindən şəhid xəbərləri, onsuz da tarıma çəkilmiş əsəblərimizi bir az da gərir. Atəşkəs zamanında əsgərlərimizin düşmənlər tərəfindən güllələnməsi, faktiki olaraq atəşkəsin olmadığı deməkdir. Torpaqlarımızın qaytarılmayacağı halda snayper müharibəsinın nə mənası var? Bir erməniyə bir Azəri oğlu dəyişməyə dəyərmi? Tövratda, Allaha qulluq üçün seçilmiş Azəri oğulları müxtəlif adlarla qeyd olunur və onların birinin ölümünün qisası kimi 7 nəfərin öldürülməsi Allah tərəfindən nəzərə çatdırılır. Bizcə Allaha yaxın müqəddəslər nəslinin törəmələri ucuz tutulmamalı, mübarizə bu şəkildə aparılmamalıdır.
Azərbaycan mütləq müharibəyə hazırlaşmalı və şərait yaranan kimi müqəddəs torpaqlarımızı qaytarmalıyıq. O vaxta qədər isə, insanlarımızın mənəvi ruhunu, özünə inamını artırmaq üçün milli ideologiyamızı hazırlayıb, dünyaya öz keçmiş tariximizlə bağlı həqiqətləri çardırmalıyıq. Bu həqiqətlər isə Azərbaycanın, dünyanın ən qədim insan məskəni, azərbaycanlıların isə dünyanın ilk kamil insanları olmasını, bütün xalqların dünyaya məhz Azərbaycandan səpələnməsini ortaya qoyacaqdır.
Bütün bunlarla bağlı Qorqud partiyası bəyan edir:
Torpaqların qaytarılmayacağı təqdirdə ermənilərlə əsgər meyidlərinin mübadiləsi yanlış siyasətdir və bu dayandırılmalı, düşmən tərəflə atəşkəsə tam riayət olunması ilə bağlı danışıqlar aparılmalıdır.
Azərbaycan, torpaqlarını qaytarmaq üçün bütün variantları nəzərdən keçirməlidir. Vətən müharibəsinə ciddi hazırlıqla bərabər ideoloji müharibəyə başlamaq lazımdır.
İdeoloji müharibənin əsası kimi qədim yazıları yazan müdriklərin məntiqini bütün dünyaya izah etməli və bu günə qədər sirr kimi qalmış həqiqətləri bəyan etmək vacibdir.
Qədim müdriklərin elminə görə, bu gün Allah adlandırdığımız kosmik Varlığı, Azəri Türk piri yaratmış, əvvəli və sonu olmayan İlahla vəhdətə nail olmuşdur. Əcdadımız, ölümsüz Asar/Osiris Allahlar nəslini və onların varisləri olan Azəri Türk bəglərini yaratmışdır. Onlar isə Azərbaycanda Babil qülləsini tikmiş və onun göylərində ruhlar üçün cənnət var etmişlər. Bütün bunlardan sonra Allah insanları Azərbaycandan dünyaya səpələmişdir.
Bu gün Azərbaycan adlanan ölkə - düşünən insanın vətəni, sivilizasiyanın beşiyidir. Azəri oğulları isə İlahla vəhdətdə olan müqəddəslər nəslinin törəmələri, dünyanın ən ali insanları olan padişahlar və peyğəmbərlər nəslidir. Dünyanın bütün sakinləri düşünən insan kimi yaşadıqlarına görə məhz Azəri oğullarına borcludurlar.
Bütün dinlərin, fəlsəfələrin, folklor və s. bütün mədəniyyətlərin kökü qədim Azərbaycan olan Albaniya ilə bağlıdır və biz bunları xristianlara, yəhudilərə, buddistlərə və ümumiyyətlə bütün xalqlara sübut edə bilərik və mütləq də etməliyik.
İdeoloji müharibədə qalib gəlmək üçün konfrans, simpozium və s. elmi müzakirələr keçirməkdən başqa, məqsədli turizmi də inkişaf etdirmək məsləhətdir. Bunun üçünsə bəzi araşdırmalar və axtarışlar aparmaq lazımdır ki, buna da dövlət dəstəyi gərəkdir. Qalibiyyət üçün qlobal düşünmə və uzun müddətli fəaliyyət planı lazımdır.
Düşmənlə danışıqların bu günə qədər heç bir nəticəsi olmadığı üçün danışıqlar kəsilməlidir. Bu gün müharibə etməyə xristian aləmi, təbii geosiyasi şərait və müəyyən digər səbəblər imkan vermir. Biz hesab edirik ki, yeganə yolumuz partiyamızın ideologiyasıdır və biz ideologiyamızı həyata keçirməkdən ötrü hakimiyyətdən dəstək istəyirik. Təklif etdiklərimiz, müharibədən başqa torpaqlarımızın azad edilməsinin yeganə yoludur. Qələbə yalnız bütün varlığı ilə buna can atanlara və bu istiqamətdə ağılla fəaliyyət göstərənlərə qismət olur.
Qoruqud partiyasının sədri: Firudin Kərimov (Firudin Gilar Bəg)