Paşinyanın yaxın ətrafı döyüşlərlə bağlı HƏR ŞEYİ ETİRAF ETDİ: Nikol elə bilirdi ki, Əliyev...”

24-11-2020, 09:23           
Paşinyanın yaxın ətrafı döyüşlərlə bağlı HƏR ŞEYİ ETİRAF ETDİ:
Qarabağda müharibənin başlamasının səbəbi baş nazir Nikol Paşinyanın düşünülməmiş və ölçülüb-biçilməmiş xarici siyasəti oldu.

Virtualaz.org xəbər verir ki, bunu EADaily nəşrinə Ermənistanın diplomatik çevrələrindəki yüksək rütbəli mənbə danışıb. Onun sözlərini Ermənistan hökumətindəki daha iki mənbə təsdiqləyib.

Mənbə deyib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə əvvəlcə həmsədrlərdən danışıqlar prosesinin detallarını öyrənmək və hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədi. Həmin ilin dekabrındakı parlament seçkilərində Paşinyan hakimiyyətini möhkəmləndirən kimi XİN-in qarşısında vəzifə qoydu: danışıqlar prosesinin məzmunu dəyişdirmək. Mənbə həmin vaxtdan intensiv, ancaq çox mürəkkəb danışıqların başladığını deyib.

Tərəflər əvvəlcə təmas xəttində stabilliyin təmin edilməsi baxımından müəyyən uğurlar əldə edə biliblər. Bakı ilə Yerevan arasında birbaşa rabitə kanalı qurulub, jurnalistlərin qarşılıqlı səfərləri təşkil edilib. Lakin tezliklə proses tormozlayıb.

“Yerevan danışıqlar masası arxasında mövqeyini sərtləşdirməyə başladı. Hələ 2015-ci ildə aydın idi ki, danışıqlarda vaxt uzatmaq mürəkkəb olacaq. Həmsədrlər arasında Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun mərhələlərlə Bakıya verilməsinə və sülhməramlıların yerləşdirilməsinə dair konsensus yaranmışdı. O vaxtkı prezident Serj Sərkisyan vaxt uzatmağa çalışdı, ərazilərin qaytarılmasını Dağlıq Qarabağın yekun statusunun tanınması ilə əlaqələndirməyə çalışdı və əvəzində 2016-cı ilin aprel müharibəsini aldı. Hansı ki, indiki 44 günlük müharibənin baş məşqi idi”,-mənbə bildirib.

Ermənistan diplomatı gecikmiş etiraflarına davam edərək deyib ki, Paşinyanın vaxtında onlar faktiki olaraq danışıqları pozdular, Qarabağa dair əvvəlki razılaşmaları müzakirə etməyəcəklərini dedilər. “Biz yeni danışıqlar bazası və yeni məzmun yaratmağa çalışırdıq. Oyun riksli idi, əvvəlki rəhbərlik Bakıya əvvəl 5, daha sonra 2 rayonun qaytarılmasını Dağlıq Qarabağın yekun statusu ilə əlaqələndirib vaxtı uzatmağa çalışmışdı. Aydın oldu ki, Bakı Dağlıq Qarabağın statusunu tanımağa getməyəcək. Əvvəli rəhbərlik yumşaq mövqe tuturdu, çünki mövqeləri kövrək olduğundan Ermənistanda hakimiyyəti itirməkdən qorxurdu. Ona aydın siqnallar göndərilmişdi ki, mövqelərin sərtləşdirilməsi daxili siyasətdə problemləri qızışdıra bilər. Paşinyanın isə belə problemi yox idi, onun Ermənistan daxilində mövqeləri çox güclü idi”,-mənbə danışıb.

Ermənistan diplomatı Paşinyanın “Lavrov planı” nı necə rədd etməsini də nəql edib. Bildirib ki, onlar Dağlıq Qarabağ ətrafındakı rayonları “təhlükəsizlik zolağı” elan edərək onların qaytarılmasını faktiki inkar etməyə başladılar. “Lavrov planı” isə 7 rayonun Dağlıq Qarabağın aralıq statusunun əvəzində qaytarılmasını nəzərdə tuturdu.

“Faktiki olaraq biz hər dəfə danışıqlarda rayonların qaytarılmasının müzakirəsinin ancaq Dağlıq Qarabağın statusunun tanınması şərti ilə mümkün ola biləcəyini bildirirdik. Deyirdik ki, Qarabağın statusu (yəni “müstəqilliyi”) Azərbaycan tərəfindən tanınmasa hər hansı ərazi güzəştini müzakirə edə bilmərik. Elə hal oldu ki, biz danışıqlar zamanı dedik: “Hər görüşdə biz əvvəlki razılaşmaları inkar edəcəyik və biz bu yolla gedə, vaxtımızı buna sərf edə bilərik”. Həmin vaxtlar Yerevana birbaşa dedilər ki, erməni tərəfinin güzəştləri inkar etməsi müharibənin bərpa edilməsinə gətirib çıxara bilər. Danışıqlarda mövqelərin sərtləşdirilməsinin öz qiyməti var. Bu, müharibə təhdidinin artmasıdır. Paşinyan görünür elə düşündü ki, bu blefdir. Həmsədrlərdən heç kim müharibənin başlamasına imkan verməz. Erməni tərəfi danışıqlar masasında Bakının Qarabağda müharibəyə başlamaq barədə təhdidlərinə sərt cavab verirdi. Təxminən belə: “Biz müharibə istəmirik, amma bizi hədələməyə də imkan vermərik və müharibəyə hazırıq”. Başqa sözlə, Yerevan va-bank getdi”,-erməni diplomatı etirafları davam etdirib.

O əlavə edib ki, Paşinyan bütün bunların nəticəsi olaraq Xankəndində çıxış edib “Qarabağ Ermənistandır və nöqtə” dedi. Yəni bu o demək idi, danışıqlar ya Yerevanın qoyduğu şərtlərlə davam edə bilər, ya da ümumiyyətlə olmayacaq. Mənbənin sözlərinə görə, müharibəyə aparan prosesdə sonuncu akkord Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatının Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan tərəfindən inkar edilməsi oldu. Lavrov bu ilin aprelində demişdi ki, danışıqlar masasında mərhələli nizamlama planı var. Amma Mnatsakanyan heç bir plan üzərində müzakirə aparılmadığını dedi.

“Lavrovun bəyanatından dərhal sonra Yerevan Moskva ilə əlaqə saxlayıb xəbərdarlıq etdi ki, danışıqlar masasında mərhələli həll planının olması faktını təkzib edəcəklər. Yerevan faktiki olaraq o vaxt münaqişənin mövcud məntiqə əsaslanan çərçivədə sülh yolu ilə həllini inkar etdi və dünyaya nümayiş etdirdi ki, Moskvanın sözü onun üçün qanun dedil. Sonra Ermənistan sərhəddə iyul döyüşləri ilə Bakının möhkəmliyini sınağa çəkdi, müəyyən istiqamətdə mövqeyini yaxşılaşdırdı”,-mənbə bildirib.

Erməni diplomatı onu da deyib ki, Paşinyanın vaxtında Rusiya ilə əlaqələr də zəifləmişdi. O cümlədən Ermənistan İsraildə səfirlik açdıqdan sonra İranla münasibətlər də mürəkkəbləşdi. Paşinyan parlamentdə dedi ki, ABŞ İranla müharibəyə başlasa Ermənistan İranla sərhədini bağlayacaq. “Faktiki olaraq Qarabağda müharibənin başlaması üçün münbit şərait yaranmışdı”,-diplomat deyib.

Mənbə daha sonra bildirib ki, müharibə başlayanda Ermənistan bir neçə gün ərzində təcrid vəziyyətində qalmışdı. Gürcüstan öz ərazisindən hərbi yükləri Ermənistana buraxmırdı. İrandan gələn yol da faktiki olaraq bağlı idi. İran azərbaycanlıları Ermənistana gedən yolu bağlamışdı. “Tehran əvvəlcə buna fikir vermirdi. Yalnız Moskvanın müdaxiləsindən sonra həmin yol hərbi yüklərin daşınması üçün açıldı”,- Ermənistan diplomatı etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.