Ermənistana qarşı ikinci cəbhə: Oğurladıqlarınızı qaytarın! - GƏLİŞMƏ

25-11-2020, 17:42           
Ermənistana qarşı ikinci cəbhə:
Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənməsi ilə bağlı hüquqi addımlar atılacağını bildirib. Bununla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə maddi və məni ziyanların hesablanacağı, Ermənistanın həm insanlarımız tətəfindən fərdi qaydada, həm də mütəşəkkil formada beynəlxaq məhkəmələrə veriləcəyini, təzminat tələb ediləcəyini söyləyib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan Respublikasının həm Cinayət Məcəlləsində, həm də Mülki Məcəllənin 21-ci maddəsində bu məsələlərə toxunulur: “Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali məhkəmənin Plenum qərarları var ki, təzminat və kompensasiya məsələlərinə baxa bilir. Birincisi, bu məsələlərə hər bir halda milli məhkəmələrdə baxıla bilər, eyni zamanda müvafiq şəxslər barəsində axtarış verilə bilər. Həmçinin də cənab Prezidentin dediyi kimi, həm fərdi, həm də kollektiv qaydada müraciətlər olunacaq və bu ziyanlar ödədiləcək”.

Onun sözlərinə görə, tarixi proseslərə baxıldıqda görmək olur ki, üç halda təzminat tələbi ortaya çıxır: “Birincisi, qalib dövlətin müharibəyə çəkdiyi xərclərin, ikincisi, vurulmuş maddi ziyanın, üçüncüsü, nəzərdə tutulan gəlirin ödənişi və əlbəttə ki, buraya məhkəmə xərcləri də əlavə olunur. İndi vəziyyət belədir ki, Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildən sonra baş verən hadisələri qəbul edir, yəni ondan əvvəl vurulmuş ziyana görə məsuliyyət müəyyən eləmir, amma bir hal var ki, Azərbaycan və Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil. Amma Azərbaycan tərəfi Birləşmiş Millətlər Təşkilatına müraciət edərsə, BMT işi xüsusi prokurora həvalə edə bilər ki, Azərbaycanı müdafiə eləsin. Və o zaman Cinayət Məhəməsinə də baxıla bilər. Bu birinci beynəlxaq baxış sistemidir”.

“İkincisi, BMT-nin Ədalət Məhkəməsi var, amma bu məhkəmə o vaxt işə baxır ki, hər iki tərəf buna razı olsun. Yəqin Ermənistan tərəf buna razı olmayacaq. Üçüncüsü, isə Avropa İnsan Haqları Məhkəməsidir ki, burada da nümunə var. Bir də Nürnberq Məhkəməsi tipində çox sonralar Yuqoslaviya və Sudanla bağlı xüsusi məhkəmələr yaradılıb və xüsusi məhkəmlərdə beynəlxalq tribunallar ayrıca Azərbaycanın şikayətləri əsasında Ermənistanı məhkum edə bilər. Bu kompensasiyalar beynəlxalq ekspertlərlə birlikdə hamısı toplanacaq, veriləcək”, - deputat qeyd edib.

Kərimli hesab edir ki, təyin olunmuş təzminat məbləğini Ermənistan ödəmək imkanı olmadıqda, bunu başqa vasitələrlə ödəmək imkanı da var: “Ola bilsin ki, gələcəkdə bu məbləği Ermənistanın ödəmək imkanı olmasın və onun başqa vasitələrlə ödənməsi də mümkündür. Məsələn, Küveyt İraqa qarşı 54 milyardlıq iddia qaldırdı və bunun 48 milyardını demək olar ki, ala bilib, amma deyək ki, İkinci Dünya Müharibəsində Almaniya SSRİ-yə indiki Kalininqrad vilayətini, Polşaya torpaqlarını verməli oldu. Yəhudilərə də böyük təzminat ödədi. Yəni, bütün imkanlardan kompleks isitifadə edib, bütün parametrlər üzrə iddialar qaldırıb təzminat almaq üçün müraciət etmək lazımdır”.

Hüquqşunas Nicat Gözəlov da AYNA-ya şərhində bildirib ki, vurulan ziyanın ödənməsi, şəhərlərin bərpası, dövlət, ictimai binaların, vətəndaşların orada yaşamasını təmin edən tikililərin bərpa edilməsini tələb etmək kimi imkanımız var: “Bununla bağlı ekspertizalar təyin olunur, o cümlədən də xarici və müstəqil ekspertlər cəlb olunur. Ekspertlərin hesablama işlərini və hesablama müddətini konkret təyin etmək çətindir, çünki bir ərazi üzrə, azından bir rayon üzrə böyük bir briqada işləsə, normalda 6 aydan az olmayaraq, 1 ilə qədər vurulan ziyanın həcmi hesablanmalıdır”.

Mütəxəssis diqqətə çatdırıb ki, vurulan ziyanın nə ilə bağlı olmasına ayrı-ayrı kontentdən yanaşılır: “Məsələn, hərbi əməliyyatlar nəticəsində vurulan ziyanlar var. Bir də hərbi əməliyyatlar başlayana qədər vurulan ziyan var. Tutalım, işğal başlayana qədər mövcud olanla, mövcud olanı dağıtmağa bir yanaşma var. Bir də var ki, müharibə şəraitində terror qruplaşmalarının, cinayətkar birliklərin vurduğu ziyan. Bunlar başqa hesablanmalıdır. Bizim işğaldan əvvəlki əmlaklarımızın məhv edilməsi də ikinci tələbdir. Ona görə də beynəlxaq hüquq müstəvisində, məhkəmələrdə təzminat tələb edilərkən bunların ikisini bir-birinə qarışdırmamaq lazımdır. İşğala qədər bizim olan əmlakların – binalar, fərdi yaşayış evləri, tarix, mədəniyyət abidələrinin məhv edilməsi hissəsi də tam ayrı bir konteksdə hesablanmalıdır və ayrı müstəvidə də beynəlxalq məhkəmələrə müraciət olunmalı, ziyanın ödənilməsi tələb edilməlidir”.

Gözəlov qeyd edib ki, son dövrdə, əməliyyatların keçirildiyi vaxtda da ermənilər tərəfindən vandalizm törədilir: “Digər tələb ermənilərin bütün dövrlər üzrə Azırbaycanın təbiətinə vurduqları ziyandır. Yəni bizim Azərbaycanın daxilində bütün sənaye ehtiyatlarımızı, faydalı qazıntılarımızı dağıdıcılıqla hasil ediblər, satıblar və yararlanıblar. Halbuki, bu, bizə – Azərbaycana məxsus olan əmlakdır, belə hesab olunur və bizim üçün çox önəmlidir”.

“Biri var real zərər, biri də var Azərbaycanın bu torpaqlardan əldə edə biləcəyi gəlirlər. İşğal altında 1.7 milyon hektar ərazimiz olub və bu ərazidə Azərbaycanın həm əhalinin sayı baxımından inkişafına görə, həm kənd təsərrüfatının dinamik inkişafı nöqteyi-nəzərindən baxsaq, Azərbaycana vurulan ziyan milyardlarla ölçülən ziyandır. Çünki bərəkətli torpaqlardır və onlardan bizim istifadə edə bilməməyimiz Azərbaycanın gəlirlərini əldən çıxarıb. Azərbaycanın çox nadir, ancaq təbii halda bitən yabanı ağac və kol bitkiləri daşınıb. 70-ə yaxın yabanı ağac, kol bitkilərimiz ancaq Qarabağda təbii halda bitir və ermənilər də bunu məhv ediblər. Qızıl yataqlarımızı, meşə sahələrimizi istismar ediblər. Geoloji obyektlərimizi darmadağın ediblər. Abidələrimizi uçurublar”, - müsahibimiz vurğulayıb.

O, son günlərdə baş verənlərə də toxunub: “Kəlbəcərdə baş verənlər onu göstərdi ki, bunlar o qədər quduz, mənfurdurlar ki, ehtiyac olmayan ağacları belə, kəsib qırırlar. Xaricdən qanunsuz olaraq Azərbayana cəlb olunan əcnəbi iş adamlarının vasitəsilə çox sayda sexlər, zavodlar açıblar ki, orada Azərbaycanın bütün işğal olunmuş ərazilərindəki sərvətlərimiz dağıdılıb. O cümlədən Zəngilanda İsfahan ermənilərinin əli ilə böyük bir ağac emalı zavodu tikiblər. Külli miqdarda meşələrin kökünü kəsiblər. İstənilən halda bunun hamısının qarşısının alınmasının da yolları var”.

Hüquqşunasın sözlərinə görə, Azərbaycanda Müstəqil Ekspertlər İnstitutu yaradılıb: “Daxili ekspertlərimiz var, o cümlədən, Müstəqil Ekspertlər İnstitutu yaradılıb, 2019-cu ildən artıq fəaliyyətədir. Düzdür, ekspertlərimizin sayı kifayət qədər olmasa da, amma çox güclü iş rejimində Azərbaycanın bütün işğal olunmuş ərazisində gözlə görünən qədərini hesablayıb vermək lazımdır. Mən hesab edirəm ki, bunun üçün bir il normal müddətdir. Amma bu müddət uzana da bilər. Doğrudan da, vurulan ziyanın həcmi ağlasığmaz qədər çoxdur. Adətən bu növ məhkəmə çəkişmələri biz tarixdə görümüşük ki, 3-5 il davam edən çəkişmələrdir. Nəticə etibarıyla BMT-nin Azərbaycanın ərazi bütövlüyünü, xəritədə istinad olunan ərazini qanunun, həm də beynəlxaq hüququn prinsipləri baxımından tanıması və digər dövlətlərin də Azərbaycanın ərazi bütövlüyünü tanıması bizə əsas verir ki, hesablanmış təzminat Ermənistan tərəfindən ödənilsin. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistana havadar olan dövlətlər də geri çəkiləcək. Çünki onların başqa yolu olmayacaq”.

“Resurslar olaraq mən hesab edirəm ki, Azərbaycana vurulan ziyan 50-60 milyard dollardan az deyil. Həmçinin, əldən çıxan faydamız da 150-200 milyard dollar civarındadır. Ermənilərə qarşı işlər başlanmalı, məhkəmə qərarları çıxarılmalıdır. Məhkəmə qərarlarının icrası ilə bağlı hər bir halda problem yaşanacaq, amma Ermənistanın təyin olunmuş məbləği ödəməyə gücü çatmasa, qalan müəyyən torpaqlarımız hesabına borclarını silmək imkanları olacaq”, - deyə Gözəlov əlavə edib.

Ekspertin dediyinə görə, beynəlxalq hüquq yerli hüquqların üzərində olan bir çətir kimi anlayışdır: “Hamının öz qanunvericiliyi var, eyni zamanda da bu qanunların üstündə hamılıqla qəbul edilmiş qaydalar və prinsiplər var. Ermənilər bütün prinsiplərin üstündən tapdalayıb keçiblər. Təəssüflər olsun ki, bu gün də Ermənistanı müdafiə edən, onlara maddi yardım da göstərən, özünü demokrat adlandıran ölkələr var. Problemin ən böyük tərəfi budur. Gələcəkdə də həmin dövlətlərin səsini batırmaqda həm Azərbaycanın hüquq mühafizə orqanları, həm ekspert qrupları, həm də bu ziyanın ödənilməsi ilə bağlı kütləvi şəkildə insanlarımız məhkəmlərə cəlb olunmalı, iddiaçı kimi çıxış edib tələb etməlidirlər. Necə ki aparılan müharibə şəraitində erməni lobbisini, erməniçilik ideologiyasını darmadağın etmişik, eləcə də bu işlərdə haqq səsimizi məhkəmə müstəvisində hüquqi nəticə və qərarlarla əldə etməliyik”.

Müsahibimiz Ermənistanın bu məsələdən boyun qaçırmaq ehtimalıma da toxunub: “Ermənistan deyə bilər ki, “bütün dünya bilirdi ki, orada Dağlıq Qarabağ Respublikası var və bu halda vurulan ziyanın bizə nə dəxli?”. Sabah məhkəmədə müzakirə olunanda bunu deyəcəklər. Ona görə də müraciət edirəm ki, təcili olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Milli Məclisə müraciət etsin. Dağlıq Qarabağın hakimiyyəti kimi özünü adlandıran qondarma təşkilat Konstitusiyadan kənar təşkilat, terrorçu qruplaşma hesab olunmalıdır. Yəni, madəm ki, Ermənistana heç bir bağlılığı olmayıb, o zaman müharibədə göstərdiyi kimi, Ermənistan ayrıca bir dövlət kimi məsuliyyət daşımalıdır. İstənilən halda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Milli Məclis bu barədə ciddi qərar qəbul etməlidir ki, gələcəkdə mülki təzminatda bizə problem yaranmasın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.