Rusiya Türkiyəyə uduzduğunu heç vaxt etiraf etməyəcək - Açıqlama

25-11-2020, 23:15           
Rusiya Türkiyəyə uduzduğunu heç vaxt etiraf etməyəcək - Açıqlama
Dağlıq Qarabağ müharibəsi başlayandan Rusiyanın mövqeyi bu münaqişəni sülh yolu ilə həllinin vacibliyini, müharibənin Azərbaycanın öz ərazisində getdiyini vurğulaması və bununla da, Ermənistana açıq-aşkar dəstək olmaması onun məsələyə izləyici kimi baxması təəssüratını yaradır. Digər tərəfdən Rusiya Ermənistan vasitəsilə Dağlıq Qarabağı əlində saxlaması onun Qafqazdakı geostrateji maraqlarına xidmət etdiyi də aydındır. Lakin hazırda Azərbaycan öz ərazi bötüvlüyünü bərpa etməsi Rusiyanın Qafqazdakı maraqlarına qarşı olsa da, Ermənistanı açıq-aşkar dəstəkləmir. Rusiyanın rəsmi olaraq Azərbaycanı dəstəkləməsi, Ermənistana isə rəsmi deyil, gizli yollarla kömək göstərməsi onun hansı planlarından xəbər verir? Yoxsa Rusiya Türkiyənin müdaxiləsindən ehtiyat edir və regionda Türkiyəyə uduzduğunu etiraf edir?

Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova Correct.az-a açıqlamasında Rusiyanın özünün qanuna riayət edən ölkə imicinə xələl gətirə biləcək hərəkətlərdən çəkindiyindən münaqişədə gizli də olsa, fəal iştirak etdiyi bildirib: “Rusiyanın izləyici mövqeyində durduğunu demək olmaz. Rusiya tərəfləri atəşkəs imzalamağa təhrik etdi, bundan başqa Ermənistana silah göndərməsinə dair əsaslı şübhələr var. Prezident İlham Əliyev özünün xüsusilə son çıxışlarında Ermənistanın bizə qarşı istifadə etdiyi silah növlərini sadalayarkən onların rus silahları olduğunu görürürük. Bu və digər məsələlər Rusiyanın bu məsələdə fəallığını göstərir. Rusiya özünün Qafqazdakı maraqlarını axıradək müdafiə edəcək, çünki o, bunu özünün təhlükəsizlik maraqlarından biri hesab edir. Rusiyanın təklif etdiyi planın, yəni Lavrov planının çox hissəsini Azərbaycan öz gücü ilə həyata keçirib, 5+2 formulunu tərəflərlə razılaşdırmaq, Ermənistandan güzəşt xahişi etmək dövrü geridə qalıb, eyni zamanda onun digər həmsədrlərlə BMT-də veto qoymadan qəbul etdiyi 4 qətnaməni İlham Əliyevin dediyi kimi Azərbaycan özü implementasiya edib. Eyni zamanda, prezident Minsk qrupunun həmsədrlərinin fəaliyyətini tənqid edib ki, bu, Rusiyaya da aiddir. Odur ki, Rusiyanın Azərbaycana diplomatik təsir imkanları tükənib. Xüsusilə, son aylarda Azərbaycanda 5-ci kolon məsələsi, İlham Əliyevin bu ilin iyununda Moskvaya Qələbə paradına getməməsi, iyulda yay savaşında Rusiyanın mövqeyi və ondan sonrakı aylarda İran ərazisindən Ermənistana hərbi yüklərin, silah-sursatın daşınması, İlham Əliyevin bununla bağlı Putinlə telefon danışığında narahatlığını bildirməsi, indi də təyyarələrlə Ermənistana yük daşınmasına İlham Əliyevin eyham vurması və s.onu göstərir ki, Rusiya ilə Azərbaycanın münasibətlərində gərginlik var. Lakin Rusiya özünün qanuna riayət edən ölkə imicinə xələl gətirə biləcək hərəkətlərdən çəkinir, hər zaman hərbi addımlarını hüquq və diplomatik prinsiplərlə əsaslandırmağa çalışır. Rusiya Türkiyəyə uduzduğunu heç vaxt etiraf etməyəcək, sadəcə vaxtında müəyyən qədər geri çəkilməyi bacarır ki, zamanı gələndə daha güclü şəkildə mövqedən hücuma keçə bilsin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.