İrəvanda “ağlı başına gələnlərin” sayı artır - GƏLİŞMƏ

26-01-2021, 16:59           
İrəvanda “ağlı başına gələnlərin” sayı artır - GƏLİŞMƏ
44 günlük müharibənin bitməsindən xeyli vaxt keçsə də, erməni cəmiyyəti acı məğlubiyyətin səbəblərini araşdırmaqda davam edir. Və getdikcə məğlubiyyətin qaçılmaz olduğunu anlayanların sayı artır.

“AzPolitika.info” xəbər verir ki, ötən gün erməni mətbuatında qondarma rejimin “məmurlarından” biri, işğal illərində Şuşanın “meri” olmuş Artsvik Sarkisyanın jurnalistlərlə görüşdə söylədiyi fikirlər dərc olunub.

Məğlubiyyəti, xüsusilə Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasını müxtəlif bəhanələrlə izah etməyə çalışan Sarkisyan deyib ki, erməni tərəfinin ordu idarəçiliyi bərbad vəziyyətdə olub.

O qeyd edib ki, Azərbaycan silahlı qüvvələri artıq Hadrutu azad edəndə, növbəti hədəfin Şuşa olduğunu anlamaq lazım idi: “Biz artıq Hadrutda anlamalıydıq ki, onlar irəli gedirlər. Hər dəfə geri çəkilmə barədə danışanda deyilirdi ki, biz onları həlqəyə almaq və artileriya zərbəsi endirmək üçün geri çəkilirik. Ancaq biz geri çəkilərək, Karintaka(Daşaltı-red.), Şuşanın həndəvərinə qədər çatdıq.”

Sarkisyan deyib ki, normal idarəçilik və silah-sursat təminatı olmadığı üçün layiqli müqavimət göstərə bilməyiblər: “Mən belə qənaətə gəlirəm ki, komandanlıq olmayıb, təşkilatçılıq axsayıb. Ona görə də biz indi fakt qarşısındayıq.”

Tanınmış politoloq Tatul Akopyan isə istənilən halda bu müharibədə Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu bildirib.

Müharibə günlərində jurnalist adı altında Qarabağda olan Akopyan etiraf edib ki, Azərbaycan Ordusu bütün cəhətlərilə Ermənistan silahlı qüvvələrindən üstün idi və faktiki olaraq, “20-ci əsrin ordusuyla 21-ci əsrin ordusu savaşırdı.”

O, qeyd edib ki, bu müharibə erməni cəmiyyətindəki bir çox mifləri alt-üst edib: “Status-kvonun saxlanmasına dair mif hələ 2016-cı ilin aprelində böyük zərbə aldı. Azərbaycan müəyyən etdi ki, erməni müdafiəsi keçilməz deyil. 2020-ci ilin sentyabrında müharibənin ilk günlərində Azərbaycan tərəfi Horadiz istiqamətində irəliləməyə nail oldu. Xudafərinə qədər erməni qüvvələri böyük itkilər hesabına olsa da, müdafiə döyüşləri aparırdı. Ancaq Xudafərindən Mehriyə qədər Azərbaycan tərəfi 50 kilometr məsafəni bir neçə saata, heç bir müqavimətlə qarşılaşmadan qət etdi.”

T.Akopyan bildirib ki, daha bir mifin – “erməni ordusunun məğlubedilməzliyi”nin də bu müharibədə darmadağın olunduğunu etiraf edib: “Azərbaycan ərazilərinin ələ keçirilməsi həmin illərdə Azərbaycandakı daxili siyasi xaos və hakimiyyət uğrunda gedən mübarizə sayəsində mümkün olmuşdu. Nəzərə almaq lazımdır ki, Azərbaycanı məğlub etmək mümkün deyildi.

Belə ki, faktiki olaraq, 20-ci əsrin ordusuyla 21-ci əsrin ordusu savaşırdı. Azərbaycan ilk günlərdən üstünlük əldə etdi və onu Rusiyanın vasitəçiliyilə hərbi əməliyyatlar dayandırılana qədər saxlamağa müvəffəq oldu. Ermənistan Azərbaycan tərəfinə silah, canlı qüvvə, hazırlıq və rəhbərliyin məsuliyyəti baxımından uduzurdu. Acı həqiqət bundan ibarətdir, baxmayaraq ki, bəzi dairələr şirin yalan yaymağa başlayıb, günahkar və satqın axtarır. Döyüşdən sonra havaya yumruq atmırlar, susaraq, ləyaqətlə məğlubiyyəti qəbul edir, təhlil aparır və nəticə çıxarırlar.”

Politoloq Ermənistanın sabiq Müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” doktrinası ətrafındakı mifin də darmadağın edildiyini deyib və bunun hətta ironiya mənbəyinə çevrildiyini qeyd edib: “Erməni əsgərləri səngərlərdə Tonoyanı ələ salırdılar. Deyirdilər ki, nazirin dedikləri düz çıxdı, amma ölkələrin adını dəyişmək şərtilə.”

Göründüyü kimi, erməni cəmiyyətində müharibənin bitməsindən daha çox vaxt keçdikcə, “ağlı başına gələnlərin” sayı da artır. Bu isə Ermənistandakı revanşist, millətçi siyasi qüvvələrə qətiyyən sərf etmir.
“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.