Sülhməramlılar Qarabağdan çıxarıla bilər - Xankəndi ilə bağlı mühüm QƏRAR
20-02-2021, 19:23

Rusiya sülhməramlıları özlərini Dağlıq Qarabağda sülhməramlı kimi aparmırlar, ermənilərin mövqelərini müdafiə edirlər.
Azadinfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov deyib. O, Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin tam çıxarılmadığını və bunun çox ciddi məsələ olduğunu qeyd edib:
“Hətta fikir versəniz işğal altında qalan ərazilər - Xankəndi, Xocavənd, Xocalı, o cümlədən Ağdərədə faktiki olaraq erməni hərbi birləşmələri tamam çıxarmayıblar. Bu barədə müəyyən məlumatlar var, dövlətimiz israrla tələb edir ki, erməni silahlı birləşmələr oradan çıxarılmalıdır. Amma sülhməramlılar faktiki olaraq, ermənilərə kömək edirlər. Hətta deyərdim, onların Ermənistandan Xankəndinə köçürülməsinə yardım edirlər. Yəni, bu, çox ciddi məsələdir.
V.Əhmədov, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı ciddi məşğul olduğunu vurğulayıb:
“Prezident İlham Əliyev öz iradını da Rusiyanın dövlət başçısına bildirib. Amma hesab edirəm ki, hələlik indiki vəziyyət Azərbaycanın xeyrinə deyil. Belə davam edərsə, Rusiya sülhməramlıları orada uzun müddətə məskunlaşa bilər. Bu isə bizim ərazi bütövlüyümüz üçün bir təhdiddir. Ona görə də, ilk növbədə çalışmaq lazımdır ki, Rusiya sülhməramlılarının əvvəl status bilinsin. Yəni, hansı statusla ora daxil olublar.
İkincisi, o sülhməramlıların Dağlıq Qarabağa daxil olması Azərbaycanda hansısa ciddi sənədlə, o cümlədən Milli Məclis tərəfindən təsdiq edilməyib. Rusiya sülhməramlılarının ora daxil olmasına icazə verməmişik. Yəni, istənilən vaxt Azərbaycan dövləti qərar çıxardaraq, onları oradan çıxara bilər. Bu məsələ haqqında müəyyən yazılar gedir, müəyyən iradlar səsləndirilir. Mən inanmıram ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev bu məsələ ilə məşğul olmasın. O, ciddi məşğuldur və çalışır ki, qısa müddətdə həmin ərazilərdə bizim dövlət bayrağımız dalğalansın, orada Azərbaycanın milli valyutası istifadə olunsun. Azərbaycan bankları fəaliyyət göstərsin, o cümlədən həmin Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərsin”