Köçəryanın Şuşaya uzanan dili - revanşistlər “dəmir yumruq”u haqq edir

30-04-2021, 10:06           
Köçəryanın Şuşaya uzanan dili -
Son günlər Qarabağın dağlıq hissəsindən, konkret olaraq Rusiya sülhməramlılarının təsir zonasından maraqlı xəbərlər gəlməkdədir. Düzdür, hələlik baş verənlərlə əlaqədar rəsmi məlumat verilmir, ancaq erməni mediasının yazdıqları nələrinsə baş verdiyini deməyə əsas yaradır. Ermənistan mediası Azərbaycan Ordusunun Ağdamın Gülablı kəndi ilə Xocalının sülhməramlıların nəzarəti altında olan Harov kəndi arasındakı 4 kilometrlik neytral ərazini nəzarətə götürdüyü haqda xəbər yayıb.

Bildirilir ki, ərazidəki yüksəklik Azərbaycan tərəfinə Harov kəndi ilə yanaşı, 7,5 kilometr uzaqlıqda yerləşən Xankəndi şəhərini də vizual nəzarətə almağa imkan verir. Sosial şəbəkələrdə yeni mövqelərdən açılan mənzərə ilə bağlı görüntülər də yayılıb. Bundan əvvəl isə erməni saytları Azərbaycan Ordusunun Sırxavənd istiqamətində irəlilədiyi, ermənilərin yaşadığı ərazinin 500 metrliyində post qurduğunu iddia edirdi. Paralel olaraq ermənilərin Laçın dəhlizi vasitəsilə Xankəndini boşaltdığını əks etdirən videokadrlar yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, ermənilərə məxsus hərbi avtomobillər və zirehli texnika Laçın dəhlizi vasitəsilə Xankəndindən Ermənistana doğru daşınır. Bu məsələ ilə bağlı da hələ ki heç bir rəsmi açıqlama verilməyib.

QAT sədri Akif Nağı bildirdi ki, proseslərin daha artıq sürətlə getməsini istəyir: “Amma hər halda, müəyyən hərəkətlilik hiss olunur. Qarabağda yaranmış yeni situasiya göz önündədr. Azərbaycan torpaqlarının böyük hissəsini azad edib, az bir hissəsində hakimiyyətimiz hələ bərpa olunmayıb. Amma ora da ermənilərin nəzarətindən çıxıb, rusların nəzarətinə keçib. Bizim gözlədiyimiz odur ki, azad olunmuş ərazilərdə bərpa işləri sürətlə getsin, əhalimiz tezliklə öz yurdlarına qayıtsın. Bu proses gedir, amma daha sürətlə getməsinə ehtiyac var. İnsanlar öz yurdunu ən azından gedib görmək arzusu ilə yaşayır, bu hiss hazırda bütün hissləri üstələyir. Digər görmək istədiyimiz isə rusların nəzarətinə keçən ərazilərlə bağlıdır. Xankəndi, Xocalı və digər ərazilərdə planlı şəkildə rusların nəzarəti azaldılmalı, Azərbaycan orada addım-addım mövqelərini bərpa etməlidir”. A.Nağı qeyd etdi ki, bu məsələdə ehtiyat etdiyimiz məqamlar var: “Rus sülhməramlılarının geri çəkildiyini, öz yerlərini Azərbaycan qüvvələrinə verdiyini hələ ki hiss etmirik. Prezident İlham Əliyev konkret mövqeyini bildirir, Zəngilan səfəri zamanı bir daha təkrar etdi. Azərbaycan hərbçilərinin keçmiş Ağdərə rayonunun Ağdama verilmiş Sırxavənd və Umudlu kəndləri istiqamətində hərəkət etmələrinə dair məlumatlar yer alır. Bunu müsbət tendensiya kimi dəyərləndirə bilərik. Amma bu cür xırda nəticələrlə kifayətlənmək olmaz. Proses bütün istiqamətlərdə və davamlı şəkildə getməlidir. Xankəndindən ermənilərin və silahlı qüvvələrin çıxması ilə bağlı məlumatlar da maraqlıdır. Əslində bu, çoxdan baş verməli idi. İndiki vəziyyətdə doğrudanmı bu proses başlayıb, demək çətindir. Hələlik bu köçün miqyası ilə bağlı məlumatlarımız yox dərəcəsindədir”. QAT sədri Qarabağdakı terrorçuların davranışlarından da bəhs etdi: “Biz Qarabağlı bağlı hər məqamı, o cümlədən ən xırda detalları da nəzarətdə saxlamalıyıq. Unutmamalıyıq ki, növbəti ciddi nöqtə və nida Xankəndində Azərbaycan bayrağı sancılanda qoyulacaq. Bu yolda əsas maneə isə Rusiyadır. Rusiya əngəlini aşmağın yollarını aramalıyıq. Çətin məsələdir, amma mümkünsüz deyil”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr bəyannaməsinin yerinə yetirilməsini Rusiya təkid edir: “Yayılan xəbərlərdə də Rusiya səfərindən sonra Paşinyanın və Arayikin qarşısında şərtlər qoyulduğu bildirilir. Ağdərədə ermənilər rusların yardımı ilə bəzi yerlərdə mövqe üstünlüyü əldə etmək istəmişdilər. Azərbaycan onları geri çəkilməyə məcbur etdi, olay budur. Paşinyan baş nazir vəzifəsindən istefa etsə də, hələ ki, bütün baş verənlərə görə məsuldur. Sazişin bəndlərinə əməl edilməsinə mane olsalar, yeni bir müharibə ola bilər. Rusiya bunu ona görə istəmir ki, sülhməramlı adı ilə yerləşdirdiyi hərbi kontingentin durumu ağırlaşa bilər. Müharibənın olması təqdirində Rusiya çəkilməlidir. Rusiya isə ona görə gəlməyib ki, heç nə əldə etmədən çıxsın”. Q.Çaxmaqlı qeyd etdi ki Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər həm Rusiyaya, həm də Ermənistana mesajdır: “Hər hansı maddəyə əməl olunmasa ”Dəmir yumruq" işə düşə bilər. Ermənilər isə Azərbaycanla yeni müharibəyə girməkdən çəkinirlər".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, sosial şəbəkələrdəki görüntülərə istinadən “ermənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar” başlıqlı xəbərlərə ehtiyatla yanaşmaq lazımdır: “Həmin görüntülərə istinadən yayılan xəbərlər bizi rahatlatmamalıdır. Yəni düşünməməliyik ki, biz heç nə etmədən ermənilər Xankəndini tam boşaldacaq və məsələ özlüyündə xeyrimizə həll olunacaq. Əlbəttə, Qarabağdakı ermənilərin bir qismi daha rahat və təhlükəsiz həyat üçün bölgəni tərk etməyi düşünür. Ancaq İrəvanla Moskva əllərindən gələni edəcəklər ki, bu, kütləvi hal almasın”.

Bugünlərdə Ermənistanın eks-prezidenti Robert Köçəryan yenə də sərsəm bəyanatlarını davam etdirir. Onu siyasətə gəlməyə dəvət etdiklərini iddia edən Qarabağ klanının terrorçu lideri növbəti dəfə revanşist bəyanat səsləndirib. R.Köçəryan Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyəti və iqtisadiyyatda yaranmış çətinlikləri idarəetmədəki problemlərlə əlaqələndirib. “Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün ”əsirləri", Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik", - deyə, Köçəryan öz tətəfdarlarını həvəsləndirməyə çalışıb. 20 iyun seçkilərində qalib gələcəyinə böyük ümidinin olduğunu deyən bu canlı meyitin növbəti dəfə Şuşaya dil uzatması onun mahiyyətini dəyişmədiyini deməyə əsas yaradır.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Köçəryan, sadəcə, nağıl danışır: “O, Şuşa və Hadrutu nə ilə alacaq? Ziddiyyətli açıqlamalar verir. Bir müddət öncə də demişdi ki, ağlı başında olan erməni yenidən müharibəyə başlamaz”. Akif Nağının fikrincə, bu, seçkiqabağı “fantastik şüarlar”dandır: “Özü də bilir ki, bunu yerinə yetirmək mümkün deyil. Sərsəm fikirləri açıq-aydın seçiciləri aldatmağa yönəlib. Bəlkə də Rusiya onu ürəkləndirir. Ola bilər, amma inandırıcı deyil. Əgər elədirsə, həmin ərazilərin ermənilərə qaytarılması heç rusların da gücü daxilində deyil”.

Qafar Çaxmaqlı isə hesab edir ki, indiki halda Köçəryan erməni toplumunun radikal qanadını təmsil etmək kimi bir fikrə düşüb və onun bu bəyanatı da həmin kəsimi öz tərəfinə çəkmək cəhdidir: “Həm də xalqın gözündə reabilitasiya olunmaq istəyir. Ermənilərin Hadrut və Şuşanı geri almaq düşüncəsi də gələcək müharibəyə hazırlıq siqnalıdır, revanşist şüardan başqa bir şey deyildir. Tədbirli olmalıyıq”.

Bu arada Fransa və ABŞ-dan həmsədrləri yenidən “diriltmək” cəhdləri açıq şəkildə müşahidə olunmaqdadır. Minsk Qrupunun həmsədrləri son bəyanatlarının qarşılığında Bakıdan müsbət cavab almadıqlarını gördükdən sonra paytaxtlar hərəkətə keçiblər, təzyiq dilini də işə salmaqla Azərbaycana təsir göstərəcəklərini zənn edirlər. Elə Fransa Senatının sədri Jerar Larşenin İrəvandakı anti-Azərbaycan mövqeyi, həmçinin ABŞ-dan gələn mesajlar, eyni zamanda Rusiyanın müxtəlif mesajları Qarabağdakı erməni separatçıları “öldüyü yerdən” götürməyə, “cəhənnəmə getmiş” status məsələsini gündəmə gətirməyə yönəlib. Maraqlısı budur ki, 44 günlük savaşdan sonrakı müddətdə ABŞ və Fransanın Rusiyadan fərqlənən Qarabağ siyasəti yenidən 30 ildə olduğu kimi, üst-üstə düşməyə başlayıb. Bugünlərdə Putinin Makronla Qarabağ müzakirəsi aparması da hansısa gizli mətləblərdən xəbər verir.

Politoloq təsdiqləyir ki, Fransa və ABŞ Qarabağ məsələsi ilə bağlı birgə mövqe qoymağa çalışır: “Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Çünki həm Fransa, həm də ABŞ-dakı qüvvələr ermənipərəst mövqelərdən çıxış edirlər. Üstəlik, Paris və Vaşinqton həmsədrlik institutunu canlandırmağa çalışır, Rusiya da onlara dəstək verir. Rusiyanın hiyləgər məqsədi aydındır, Türkiyəni sıxışdırıb regiondan çıxartmaq istəyir, baxmayaraq ki, guya Ankara ilə əməkdaşlıq edir. Ona görə də ümumilikdə Fransa və Amerikanın planı Azərbaycanın maraqlarına ziddir. Bəli, onlar erməniləri qızışdırırlar və Qarabağın dağlıq hissəsinin ”müstəqilliyi"ni yenidən gündəmə gətirirlər. Bu cür ölkələrin vasitəçiliyini qəbul edə bilmərik".

Hər halda, Azərbaycan dövlətinin başçısı sözünü deyib, Qarabağ ermənilərinə heç bir status olmayacaq! Həmsədrlərin 28 il ərzində görməli olduğu işləri də Azərbaycan dövləti təkbaşına həyata keçirdi, hazırda bərpa prosesi gedir. Erməni işğalçılarının yanında yer alan, bir bəyanatı ilə də olsa, terrorçu dövlətə həyan olan ölkənin vasitəçilikdən dəm vurması və buna iddia etməsi, sadəcə, absurddur. Prosesdə vasitəçiliyə ehtiyac yaransa belə, masa ətrafında əyləşməli olan dövlətlərin təmsilçilərindən biri məhz qardaş Türkiyə olmalıdır, “Ermənistanın bacısı” yox!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.