“Əsas məsələ Qarabağdakı rus əsgərlərinin statusudur” - GƏLİŞMƏ

13-05-2021, 09:30           
“Əsas məsələ Qarabağdakı rus əsgərlərinin statusudur” - GƏLİŞMƏ
“Rusiya Xarici işlər naziri Sergey Lavrovun Yerevan və Bakıda müzakirələr aparması təbii haldır. Çünki 10 noyabr razılaşmasında Rusiya da var. İndi həm tərəflərin mövqeyi müəyyən edilir, həm də məsləhətləşmələr aparılır, habelə problemli məsələlər diqqətə alınır”.

Bu sözləri Reyting.az-a professor Əli Abbasov Rusiya Xarici işlər naziri Sergey Lavrovun regiona səfərini şərh edərkən deyib.

Professor xatırladıb ki, Lavrov birinci Yerevanda olub, sonra Bakıya gəldi: “Mənim fikrimcə, ortada müəyyən problemlər mövcuddur.

Birincisi, Minsk qrupunu fəallaşdırmaq niyyəti var. Ancaq hansı formada?

İkincisi, bu prosesdə BMT-nin müvafiq təşkilatları da olmalıdır.

Ən əsası odur ki, Rusiya əsgərləri Qarabağdadır, amma onların statusları yoxdur. Sülhməramlı missiyanın statusu BMT tərəfindən qəbul olunmalıdır. Amma bu yoxdur. Ona görə də, yol axtarılır ki, bunu hansı formada həyata keçirsinlər, qəbul olunsun”.

Sülhməramlıların yalnız BMT qərarı ilə rəsmi status ala biləcəyinə diqqət yönəldən Ə. Abbasovun fikrincə, bunun üçün yollar axtarılır: “Sözsüz ki, bu, həm də Azərbaycandan və Ermənistandan asılıdır. Hər halda mən belə anlayıram. Aydındır ki, başqa suallar da var. Bu suallar həm də razılaşmanın şərtlərinin yerinə yetirilməsinə dairdir”.

Ə. Abbasov əlavə edib ki, bölgədə kommunikasiyaların açılması, habelə Lavrovun 10 noyabr sazişinin müddəalarının yerinə yetirilməsinə dair açıqlaması başadüşüləndir: “Bunların hamısı eyni səpkili məsələ, ümumi prosesdir. Seçkidən əvvəl Yerevana gedib, oradakı mühiti bilmək istədilər. Bu səbəbdən də birinci ora gedib, sonra Bakıya gəldilər.

Müzakirələr normaldır. Amma bu səfərin problemin həllinə töhvə verəcəyini düşünmürəm. Bu, uzunmüddətli prosesdir. Proses gedir və dəyişikliklər çox olmalıdır.

Kommunikasiyaların açılması məsələsi də qalıb. Müşahidələr göstərir ki, ermənilər hansısa səbəbdən bunda maraqlı deyillər. Hər halda danışıqlar vacibdir. Rəsmi Bakı da öz maraq və niyyətlərini qarşı tərəfin diqqətinə çatdırır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.