Rusiyalı səfir Kabildəki vəziyyət haqda: - “Terrorçular daha yaxşıdır”

18-08-2021, 13:45           
Rusiyalı səfir Kabildəki vəziyyət haqda: -
Əfqanıstandakı hakimiyyət dəyişikliyi bütün dünyanın gündəminə çevrilib. “Taliban”ın ölkənin böyük hissəsini ələ keçirməsi daha çox təəssüf və qəzəblə qarşılanıb. Amma terror təşkilatına ümid bəsləyənlər, baş verənlərə isti yanaşanlar da var.
Bizimyol.info xəbər verir ki, Rusiya narahat görünmür. Rəsmi səviyyədəki açıqlamalar narahatlıqdan xəbər vermir. Bu dəfə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov təşvişə əsas olmamasına eyham vurub. O, prezident Əşrəf Qəninin dövründə paytaxt Kabildə daha qarışıq vəziyyət olduğunu deyib.

“Mən “Taliban”ın şəhərə nəzarətinin ilk sutkalarına görə müşahidəmi deyirəm. Təəssürat yaxşıdır. “Taliban”ın mümayəndələri ilə bizim diplomatik missiyanın əməkdaşlarının təhlükəsizliyinin təminatı üçün görüşümüz planlaşdırılır. Onlar bu məsələyə aydın, yaxşı, pozitiv və işgüzar yanaşır. Bütün detallar üzrə qarşılıqlı anlaşmaya mane olacaq əngəllər görmürəm”.

Əslində, Rusiyanın diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təminatı hakimiyyət dəyişikliyinin ilk dəqiqələrindən sual doğurmurdu. Çünki terror təşkilatı bu ölkənin səfirliyinə xətər toxunmayacağına söz vermişdi. Hiss olunur ki, həqiqətən də, Rusiya ilə “Taliban” arasında qarşılıqlı anlaşma var. ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi Kremlin tam ürəyincədir. Üstəlik, Vaşinqtonun dəstəklədiyi hakimiyyətin devrilməsi Moskva üçün əhəmiyyətsiz ola bilməz.

“Taliban” Əfqanıstanın böyük hissəsinə nəzarəti avqustun 15-də ələ keçirib. Əşrəf Qəni ilk imkandaca ölkəni tərk etmişdi. Prezident qan tökülməsinə qarşı olduğunu, humanitar fəlakət yaranmasına imkan verməməyə çalışdığını bildirmişdi.

“Taliban”ın hakimiyəti ələ keçirməsindən sonra ölkəni xeyli insan tərk edib. Qərb mətbuatının yaydığı görüntülərdə Kabil aeroportunda böyük faciə yaşandığını görmək mümkündür. Təyyarədən sallanaraq sonradan həyatını itirənlər var. Əvvəlcə 5 nəfərin öldüyü bildirilmişdi. Amma sayın daha çox ola biləcəyi şübhəsizdir.

“Taliban” ilk dəfə 1996-2001-ci illərdə Əfqanıstana nəzarət edib. 20 il əvvəl ABŞ və müttəfiqləri hərbi əməliyyatlar sayəsində terror təşkilatının hakimiyyətinə son vermişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.