Ukraynadan əsən giley küləyi, yaxud şimaldan daha şimal - Azərbaycan müttəfiqini niyə tək qoydu?
24-08-2021, 16:40

Ukraynanın paytaxtı Kiyevdə Krım platforması keçirilib. Krım platforması Ukraynanın Krımın işğalına qarşı formalaşmış beynəlxalq reaksiyanın təsirini artırmaq, artan təhdidlərə qarşı əməkdaşlıq etmək, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq təzyiqi gücləndirmək, işğaldan zərər çəkmiş vətəndaşların hüquqlarını qorumaq və Krımın işğaldan azad etmək məqsədilə formalaşdırdığı yeni bir beynəlxalq əməkdaşlıq və kordinasiya formatıdır.
Açılış mərasiminə 40-dan çox dövlət və beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Daha dəqiq desək, 9 dövlət başçısı, 4 Baş nazir, 2 parlament sədri, 14 Xarici İşlər naziri platformada öz dövlətlərini təmsil edir. Türkiyənin Xarici İşlər nazirinin qatıldığı platformada Gürcüstan və Moldova Baş nazirlər səviyyəsində təmsil olunurlar.
Ukrayna Azərbaycandan narazıdır
Azərbaycan Ukraynadan dəvət məktubu alsa da, platformaya qatılmaqdan imtina edib. Ukraynanın həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycana tam dəstək verməsini və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etməsinə rəğmən rəsmi Bakının Krım platformasına qatılmaması ağıllarda müxtəlif suallar yaradıb.
Ukrayna Xarici İşlər Nazirliyindən BBC-yə bildiriblər ki, Azərbaycan imtina barədə əvvəlcədən rəsmi Kiyevə xəbərdarlıq edib. BBC-yə anonim danışan Ukrayna diplomatları rəsmi Kiyevin bundan "məyus olduğunu" bildiriblər.
Bəs Azərbaycan Krım platformasına nə üçün qatılmadı?
Bu suala sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov belə cavab verib: "Azərbaycanın öz maraqları mövcuddur, diplomatik və siyasi fəallıq da bu maraqların üzərində qurulmalıdır. Ona görə bizə aktual olan mövzuları yaddan çıxarıb, onları digər mövzularla əvəz etməməliyik. Hesab edirəm ki, indiki mərhələdə bizim buna imkanımız və şəraitimiz yoxdur".
Mövzuyla bağlı Azərbaycan XİN-dən rəsmi açıqlama almaq mümkün olmasa da Rusiyanın XİN sözçüsü Maria Zaxarovanın bir gün əvvəl verdiyi bəyanat əslində hər şeyi izah edir: “Təbii ki, Rusiya bu platformaya qatılan dövlətlərin mövqelərini qeyd edir və bundan lazımi nəticələri çıxarır”.
Görünür, rəsmi Bakı Qarabağda ermənilər üçün hər cür şərait və imkanlar yaradan rus sülhməramlılarının fəallığını nəzərə alaraq Kremlinin “Qara kitabı”na düşməmək üçün Kiyevə nümayəndə göndərməyib. Lakin Rəsmi Bakının bu mövqeyi ölkə daxilində heç də birmənalı qarşılanmayıb və tənqidlərə məruz qalıb. Lakin tənqidə keçmədən bu məsələdə bir faktoru nəzərə almaq lazımdır – Azərbaycanın Kiyevdə “anti-rus platforması”na qatılması Qarabağda onsuz da əleyhimizə addımlar atan rus sülhməramlılarının təxribatçı mövqeyini kəskinləşdirə bilərdi. Məsələn, hazırda regiondakı sülhməramlılar birgə bəyanatın digər şərtlərinin yerinə yetirilməsini təmin etmək bir yana dursun, heç atəşin dayandırılmasına tam olaraq nəzarət etmir. Erməni qoşunlarını nəyinki regiondan çıxarmır, əksinə, yeni hərbi birləşmələrin rahat şəkildə diskolasiyasına şərait yaradır. Həmçinin sülhməramlılar erməni gənclərinə təlimlər keçir, əhalinin su, işıq və digər kommunal problemlərini həll edir.
Bəs Azərbaycan Krım platformasına qatılsaydı nə baş verərdi?
Rus sülhməramlılarının MÜQƏDDƏRATI və nəqliyyat dəhlizinin YARADACAĞI FÜRSƏTLƏR-ANALİZ | KAİM.AZ
Bütün bunlar Azərbaycanın Rusiya əleyhinə heç bir fəaliyyət göstərməməsinə rəğmən baş verir. Bir də təsəvvür edək ki, Azərbaycan Krım platformasına qatılır və Rusiya əleyhinə ürək dolusu bəyanatlar verir. Belə olan halda dərhal erməni mətbuatında sülhməramlıların komandanı Rüstəm Muradovla qondarma rejimin “başçı”sı Araik Arutunyan arasında rəsmi görüşün keçirilməsi xəbərlərini oxuya bilərik. Bu hələ Moskvanın “dinc reaksiya”sı olardı. 9 noyabr 2020-ci ildə olduğu kimi Azərbaycan səmasında bir rus helikopteri vurula bilər və Qarabağda silahlı münaqişə bitdiyi kimi birbaşa Moskvanın iştirakı ilə yenidən başladıla bilərdi.
Rusiyanın Krım məsələsində nə qədər sərt diplomatiya apardığı göz qabağındadır. Məsələn, bu ilin may ayında Türkiyənin Krım siyasətini sərt şəkildə tənqid edən Zaxarova rəsmi Ankaranı açıq-açıq təhdid etmişdi: “Türkiyənin özünün həll etməli öz problemləri olduğunu düşünürük. Lakin belə bir ritorika davam edərsə (Krım məsələsini nəzərdə tutur) bizim də Türkiyədəki bənzər problemlərə diqqət göstərməyimiz lazım olacaq (kürd məsələsinə işarə edir). Bunu etmək istəmərik, ona görə də Türkiyə XİN-in bizi diqqətə alacağını ümid edirəm”.
Türkiyə kimi bir regional gücü Krım məsələsindəki mövqeyinə görə “Kürd kartı” ilə təhdid edən Rusiya Azərbaycana bənzər mövqeyinə görə nələr etməzdi? Məsələn, öz sülhməramlılarının yerləşdiyi regionda tamamilə özünə bağlı, yeni bir separatçı rejim yarada bilərdimi? Ya da Jirinovskinin məsləhəti ilə Qarabağdakı ermənilərə rus pasportları verə bilərdimi?
Bəlkə də bütün bunlar olmazdı, lakin onsuz da gərginləşən Rusiya-Azərbaycan münasibətləri qırılma mərhələsinə eskalasiya edə bilərdi.
Hər bir dövlət, o cümlədən, Azərbaycan öz xalqının hüquq və təhlükəsizliyinin qarantı olmaqla birlikdə, onun siyasi iradəsinin əsas təzahür mexanizmidir. Azərbaycan xalqı üçün Krım məsələsi II Qarabağ məsələsidir. Krımda rus işğalı altındakı Ağ Məscid Azərbaycan xalqı üçün Yuxarı Gövhər Ağa məscidi qədər mənəvi dəyərə sahibdir. Lakin Azərbaycan bütün bunlardan əvvəl öz vətəndaşlarının təhlükəsizliyini və milli maraqlarının təmin edilməsini düşünür. Mövcud geosiyasi vəziyyət Dərbənd və Təbriz məsələsinə Azərbaycanın əl-qolunu necə bağlayıbsa, Krım məsələsində də elə bağlayıb...
Nicat İsmayılov