“Rusiya NATO-nun parçalanması üçün “toxum səpir”” - GƏLİŞMƏ
24-08-2021, 16:29

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər. Bu barədə bu gün “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.
“Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq”, - deyə A. Mixeyev qeyd edib.
Politoloq Natiq Niri tərəflər arasındakı əməkdaşlıq barədə “Sherg.az” a danışdı:
“Dövlətlərin fərqli geosiyasi maraqları var. Türkiyənin yaxın və ortamənzilli havadan müdafiə sistemləri olsa da, hələlik uzaqmənzilli sistemə- S-400-ə ehtiyacı var. Bu, hava məkanının təhlükəsizliyi üçündür. Nəzərə almaq lazımdır ki, S-400-lər hansısa xarici qüvvəyə və ya Rusiyaya qarşı yox, NATO-dakı “müttəfiqlərinə” qarşıdır. Çünki Türkiyə “müttəfiqlərinə”, o cümlədən ABŞ-a güvənmir və bunda haqlıdır. Qardaş ölkəyə qarşı hərbi-siyasi sanksiyaların tərəfdarlarının məhz “müttəfiqlər” olduğunu unutmamalıyıq”.
N.Miri, həmçinin Moskvanın maraqlarını sadaladı:
“Türkiyə ilə Rusiyanın istəkləri fərqli məsələlərdə toqquşur. Amma indi şimal qonşumuz Ankaraya “S-400”ləri çox rahatlıqla satır. Çünki bu, NATO daxilində anlaşılmazlıq yaradır və beləliklə, həmin qurumun parçalanması gündəmə gəlir. Yəni Rusiya NATO-nun parçalanması üçün “toxum səpir”. İkinci bir tərəfdən, ABŞ-la Türkiyə arasında gərginlik yaranır. Əlbəttə, Türkiyə öz təhlükəsizliyi naminə büyün təzyiqlərə rəğmən, sözügedən müdafiə sistemlərini alacaq. Amma fikrimcə, bundan sonra qardaş ölkə özü həmin silahları istehsal edəcək”.