ABŞ İŞİD-dən Kabilin qisasını alır - Bayden düyməyə basdı
28-08-2021, 08:30

Ağ Ev lideri amerikalı hərbçilərin Kabil hava limanında terror edilməsinə qəzəblidir və antiterror əməliyyatlarına əmr verib, “Taliban” isə aeroportu qorumağı Türkiyəyə təklif edib; analitiklər 11 sentyabrın təkrarlandığını istisna etmirlər, Suriyada “dəfn edilən” terror Əfqanıstanda dirildirilir...
ABŞ və NATO qoşunları Əfqanıstanı tərk edər-etməz ilk qızışdırıcı terror baş verdi, nəticədə 13 amerikalı hərbçi həyatını itirdi. “Yeni Müsavat” yazır ki, bu, 11 sentyabr hadisələrinin təkrarına bir qədər oxşayır.
O zaman da “əl-Qaidə”nin Amerikada törətdiyi terroru bəhanə edərək Əfqanıstana soxulan ABŞ hərbi qüvvələri düz nə az, nə çox, 21 il bu ölkədən çıxmadılar. Lakin 21 il bu bataqlıqda nəticə əldə etməyən ABŞ ötən ildən qərar verdi ki, Əfqanıstanı tərk eləsin, Prezident Co Baydenin dönəmində isə proses sürətləndi. Nəticə etibarı ilə “Taliban” ölkədə hakimiyyətə yiyələndi. Amma taliblər sabitliyi bərqərar edə bilmədilər, Kabil hava limanında partlayış hadisələri qızışdırdı. Çünki ölənlər arasında amerikalı hərbçilər var. Eyni zamanda, “Taliban” üzvləri də həyatını itiriblər. Ümumilikdə 100-dən çox insan ölüb. Ən əsası isə ABŞ hakimiyyəti qəzəblidir və hərbçilərinə terror edilməsinə görə qisas almağa hazırlaşır. Bayden açıq şəkildə bəyan edib ki, bunu edənlər cəzalanacaqlar.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasan İslam Dövləti”nin mövqelərinə zərbə endirmək planları hazırlayacaq. ABŞ lideri deyib ki, “Taliban” “İŞİD” yaraqlılarına Kabildə terror təşkil etməkdə kömək etməyib və gələcəkdə onlara kömək etməyəcək: “Hələlik, bu gün baş verənləri və gələcəkdə də davam etməsi gözlənilənləri həyata keçirmək üçün ”Taliban" və İŞİD arasında bir sui-qəsd planının olduğuna dair heç bir dəlil, sübut yoxdur".
ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının rəhbəri general Frenk Makkenzi isə bildirib ki, Amerikanın hərbi rəhbərliyi “İŞİD” tərəfindən Kabildə törədilə biləcək yeni hücumlara hazırlıq vəziyyətindədir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “İŞİD”-in terror aktlarına hazırlaşması barədə kəşfiyyat məlumatlarını Kabil aeroportunu mühafizə edən taliblərlə paylaşır və o hesab edir ki, bir neçə hücumun qarşısı alınıb.
Ancaq belə iddialar da səslənir ki, ipi Mərkəzi Kəşfiyyat İdarəsinin əlində olan və oyuncaq kimi istifadə edilən “İŞİD” əslində, Kabil limanında ABŞ-ın niyyətini reallaşdırıb. Yəni amerikalı hərbçilərin ölümünü bəhanə gətirməklə yenidən Əfqanıstana qayıdış planı hazırlanır. Sadəcə, Baydenin açıqlamaları bunu deməyə əsas vermir, əgər “Taliban”ın “İŞİD”ə yardım etmədiyini söyləyirsə, görünür, Vaşinqton taliblərin Əfqanıstanı idarə etməsində maraqlıdırlar.
Siyasi şərhçilərin fikrincə, İŞİD yenidən xortlaya bilər. Bayden “Taliban”ın bu terror olayında əlinin olmadığını vurğulamaqla, şübhələri onun üzərindən atır. Hərçənd, Əfqanıstanın Birinci vitse-prezidenti, özünü dövlət başçısının səlahiyyətlərini icra edən şəxs elan etmiş Əmirulla Saleh deyib ki, İŞİD-in “Taliban”la əlaqələri barədə sübutlar var.
Onun sözlərinə görə, İŞİD-in Əfqanıstandakı qolu “Vilayəti Xorasan” öz başlanğıcını “Taliban”dan və “Haqqani şəbəkəsi”ndən götürür. Beləliklə, ABŞ 2001-ci ilin payızında Əfqanıstanda “əl-Qaidə”yə, “Taliban”a qarşı da antiterror əməliyyatlarına başlamışdı, indi bir ayrı şəkildə 11 sentyabr təkrarlanır. Maraqlıdır ki, bütün terror təşkilatları ABŞ-la savaşırkar, hətta zamanında özünün yaratdığı deyilən terrorçular belə Amerikanı hədəf alırlar. Sonra ABŞ bunu əsas gətirərək Yaxın Şərqə girir.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşmasının bir qanadı olan “İslam Dövləti Xorasan” altı il öncə Əfqanıstanın şərqində formalaşmağa başlayıb, sürətlə böyüyərək dünyada terror təhdidlərindən birinə çevrilib.
Yeri gəlmişkən, “Taliban” Türkiyəyə Kabil hava limanının mülki idarəsini, təhlükəsizliklə isə özünün məşğul olmasını təklif edib. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Taliblər bizə Kabil hava limanının idarəsiylə məşğul olmağı təklif edib. Deyirlər ki, təhlükəsizliyi təmin edəcəklər, amma işlərin idarəsini bizə təklif ediblər. Hələlik cavab verməmişik”, - deyə o bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, bu terror aktı gözlənilən idi: “İngiltərə kəşfiyyatı xəbərdar edib ki, partlayışlar ola bilər. Eyni zamanda, terror qrupları bölgədə yaranmış gərginlik fonunda öz fəaliyyətlərini canlandırmaq istəyirlər. Onlar görürdü ki, Kabil aeroportunda bir xaos, qarışıqlıq var idi və nəticədə istəklərinə nail oldular. Çünki çoxdandır ”əl-Qaidə" və “İŞİD”in səsi gəlmirdi. Bununla mövcudluqlarını ortaya qoydular".
E.Şahinoğlu hesab edir ki, Kabil terroru “Taliban”ın imicinə zərbə vurdu: “Onlar çalışmalıdır ki, sabitliyə nail olsunlar. Əks təqdirsə, Əfqanıstan terror yuvasına çevrilə bilər. Ancaq ABŞ-ın qayıdışını gözləmirəm. Çünki hamının bu bölgədə ağzı yanıb. Sadəcə, Bayden terrorçulara havadan zərbə endiriləcəyini açıqlayıb. Amma bunu necə edəcəklər, terrorçular açıq ərazilərdə deyil, əhalinin içindədirlər. Əgər raket atəşinə tutsalar, mülki insanlar öləcək və Amerikanın imicinə zərbə vuracaq. Əgər kəşfiyyat əməliyyatı olacaqsa, bu, başqa məsələ... Lakin ABŞ və NATO qoşunlarının Əfqanıstana qayıdışını gözləmirəm”.
Politoloq Vaqif Hüseynin fikrincə, ABŞ “Taliban”a Əfqanıstanda “İŞİD” təhlükəsi var deyə təklif irəli sürə bilər ki, hələ bir müddət də amerikalı hərbçilər təhlükəsizliyin qarantı kimi orada qalsınlar: “Buna ”Taliban" necə qarşılayacaq, onu demək çətindir. Amma görünür ki, “Taliban”ın ölkədə təhlükəsizliyi qorumaqla bağlı zəifliyi var. Bu hadisə hərəkatın imicinə ciddi zərbə oldu".
Ekspertin sözlərinə görə, “Taliban”ın Kabil hava limanını qorumağı Türkiyəyə təklif etməsi əslində, elə NATO-ya müraciət deməkdir: “ Türkiyə NATO ökəsidir və bu, NATO-ya təklif deməkdir. Ona görə Amerika bir müddət Əfqanıstanda qala bilər.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, “Taliban” gəlişindən sonra terrora imkan verməyəcəyi demişdi, lakin Kabil terroru və “İŞİD”-in bunu üzərinə götürməsi iki ehtimalı önə çıxarır: “Taliban” daxilində monolitlik yoxdur və terrorçular siyasi qanadın mövqeyi ilə razılaşmır, Kabil hava limanına nəzarəti əldə etmək və əhalinin gedişinin qarşısını almaq üçün “Taliban” özü bu partlayışlarda maraqlıdır. Ən vacib məqam Türkiyənin çəkilmə qərarından bir neçə gün öncə Kabildə keçirilən ABŞ-"Taliban" görüşüdür. “Vaşinqton Post” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnsün Kabildə “Taliban”ın siyasi lideri Abdülqani Bəradərlə gizli görüş keçirdiyini yazırdı.
“Taliban”ın bu görüşdən sonra xarici hərbçilərin qalmasını “qırmızı xətti” elan etməsi, ardınca terror aktının törədilməsi və bu terroru məhz “İŞİD”in üzərinə götürməsi diqqət çəkir: ABŞ Əfqanıstanda təhlükəsizliyə heç kimin zamin olmasını istəmir və terrorun coğrafi episentri Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya köçürülür. Yaxın Şərq müharibəsində Özbəkistan, Qırğızıstan və Tacikistanı birləşdirən Fərqanə vadisi terrorçuların Əfqanıstana keçidi və əks istiqamətə hərəkəti üçün əsas marşrut idi: mümkündür ki, bu marşrutu Əfqanıstan İslam Əmirliyinə doğru yenidən aktivləşəcək. Görünür, Suriyada “dəfn edilən” terror Əfqanıstanda dirildirilir"
Emil SALAMOĞLU,
“Yeni Müsavat”