"Təcili olaraq əsir götürülən Cəmil Babayevin geri qaytarılmasını tələb etməliyik" - ÇAĞIRIŞ
31-08-2021, 12:35

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Cəmil Natiq oğlu Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Müdafiə Nazirliyindən bildirilib ki, əsgər Cəmil Babayevin haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. “Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”, - məlumatda bildirilib. Avqustun 25-də yayılan bu məlumatdan sonra erməni mənbələri Cəmil Babayevin Ağdərə rayonunda evlərdən birində həbs edildiyi barədə məlumat yayıblar. Əsgərin barəsində qondarma rejimin qanunsuz olaraq sərhədi keçmə, casusluq maddələri ilə cinayət işi başladığı açıqlanıb.
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan tərəfi əsgər Cəmil Babayevlə bağlı qarşı tərəfə ultimatum verməli, bəyanat səsləndirməlidir: “Konkret olaraq deyilməlidir ki, əsgər Cəmil Babayevi qaytarın, əks halda, bombalanacaqsız. Ermənilərin onlarla əsirini qaytarmışıq. Onlar isə öz ərazimizdə saxladıqları bizim əsgəri qaytarmırlar”.
Hərbi ekspert deyir ki, Cəmil Babayevin xəstə olması ilə bağlı məlumatlarla reallıq uzlaşmır: “Psixoloji problemləri olan bizim və erməni tərəfin ön xəttini keçibsə, sağlam hərbçimiz gərək ki, orada xiyabanda gəzsin. Digər tərəfdən, psixiatriya xəstəxanasının pasiyenti normal hərbi geyimdə olmur”.
Hərbi ekspert deyir ki, Cəmil Babayevin barəsində qondarma rejimin qaldırdığı cinayət işinin də heç bir əsası yoxdur: “O ərazi Azərbaycan Respublikasının ərazisidir. Ağdərə Rusiya sülhməramlılarının nəzarəti altındadır. Cəmil Babayevi rus sülhməramlıları saxlaya və geri təhvil verə bilər. Azərbaycan tərəfi ona cinayət işi başlayacaq, başlamayacaq, bu bizim işimizdir. İndiki halda bəyanat verib təcili olaraq əsgərimizin geri qaytarılmasını tələb etməliyik. Əks halda, əsgərin girov tutulduğu ərazini bombalamalıyıq”.