“İskəndər - M”i Rusiya atıb, yoxsa Ermənistanın “əli” ilə...” - Məsələ aydındır!
6-09-2021, 18:22

Məlum olduğu kimi, müharibə zamanı Azərbaycan ərazisinə bir neçə dəfə “İskəndər - M” raketi atılmışdı. Sonradan bu məsələ xeyli müzakirə edilsə də, nəticəsiz qaldı. Moskva və İrəvan sanki heç nə olmamış kimi “ağızlarına su alıb oturdular”.
Bu barədə “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bildirdi ki, bizə kimsə məntiqli izah vermədi:
“Rusiya sözügedən məqamı unutdurmağa çalışdı. Bu azmış kimi, yenə də təxribatlarına davam etdilər. Son provokasiyalardan biri Rusiyanın satınalma saytında “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi idi. Amma biz məsələnin nə yerdə olduğunu bilirik. “İskəndər - M” nümunələri hərbi qənimətlər parkında da var. Bizim əsas sualımız raketi birbaşa Rusiyanın, yoxsa Ermənistanın “əli ilə” atmasına dair idi”.
E.Şahinoğlunun fikrincə, İrəvan da məsələnin gündəmdə qalmasında maraqlıdır:
“Çünki bu halda Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşəcəyini bilir. Və əslində digər təxribatlar, o cümlədən “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi də İrəvanın maraqlarına cavab verir. Biz “İskəndər -M”lə bağlı məsələni son bir ayda ən yüksək səviyyədə gündəmdə saxladıq. Lakin suallarımıza cavab verən olmadı. Qarşı tərəf susqunluğun da bir cavab olduğunu unutdu. Beləliklə, bizim üçün məsələ artıq aydındır”.
0