“Atan kazaklardır” və ya Rusiya kimə dost, kimə düşmən? - Erməni qadının sülhməramlı fəryadı...
8-09-2021, 18:56

Birgə bəyanatın şərtlərinə əsasən münaqişə zonasına daxil olan rus sülhməramlılarından narazılıq günbəgün artır. Rus sülhməramlılardan Azərbaycanın narazılığı göz qabağındadır və ən yüksək dairələrdən dilə gətirilir.
Məsələn, Azərbaycan Müdafiə Nazirliyi Qarabağa yeni erməni hərbçilərinin gətirilməsində birbaşa sülhməramlıları ittiham etmişdi. Eyni şəkildə ötən günlərdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev də BBC-yə müsahibəsində sülhməramlıların mandatının müəyyənləşdirilməsi üçün rəsmi Moskva ilə danışıqların aparıldığını bildirmişdi.
Göründüyü kimi Azərbaycan siyasi dairələri və ictimaiyyəti rus sülhməramlılarının Qarabağdakı fəaliyyətindən tamamilə narazıdır. Azərbaycanlılara görə, ruslar burada sadəcə ermənilərin maraqlarını və təhlükəsizliklərini qorumaqla məşğuldur.
Bəs ermənilər necə? Ermənilər rus sülhməramlılarının regiondakı fəaliyətindən razıdılarmı?
Əvvəla, onu qeyd edək ki, Qarabağdakı ermənilər sülhməramlılardan narazılığını xüsusilə sosial şəbəkələrdə tez-tez ifadə edirlər. Maraqlıdır ki, Qarabağda atəşkəs pozulan zaman əvvəllər ermənilər Bakını, azərbaycanlılarsa Yerevanı ittiham edirdilər. Hazırda atəşkəs pozulanda hər iki ölkənin ictimaiyyətində əsasən sülhməramlılar ittiham olunur. Xüsusilə Qarabağdakı ermənilər Xankəndi-Şuşa yolundan istifadədə gördükləri çətinliklərə görə sülhməramlıları qınayırlar. Bundan əlavə, onlar sülhməramlıları hərbi fəaliyyətlərinə mane olmaqda da qınayırlar, ermənilərə xəndək qazmaq, blindaj qurmağa imkan verilmədiyi, bu torpaqların onlara məxsus olmadığını eşitdiklərini deyirlər.
Son günlərdə isə bir erməni qadının rus sülhməramlılarına qarşı ünvanladığı tənqidlər Azərbaycan və Ermənistan mətbuatının gündəminə çevrilib. Belə ki, avqustun 1-də dörd azyaşlı uşağı ilə Şuşaya qayıtmaq istəyən İzaura Balasanyan Rusiya sülhməramlıları tərəfindən Xankəndidə yerləşən Təhlükəsizlik Xidmətinə təhvil verilib. Bu barədə Balasanyan özü müsahibəsində məlumat verib.
“Bəli, mən yaşamağa yerim olmadığı üçün vəfat edən ərim və anamın fotolarını və uşaqlarımı da götürüb, Şuşaya getdim. Rus əsgərləri məni ora buraxmadılar və öz rəhbərlərinə zəng vurdular. Sonra ora Təhlükəsizlik xidməti gəldi”.
Balasanyan Şuşaya qayıtmaq istəyinin səbəblərini də açıqlayıb. O, bildirib ki, Qarabağ müharibəsindən sonra onu ailəsi ilə birlikdə Xankəndində bir yataqxanaya yerləşdiriblər. Lakin sonradan 100.000 dram (təxmini 340 AZN) kirayə haqqı olan otağın qiyməti birdən-birə 150.000 drama (təxmini 510 AZN) qaldırılıb. Bundan sonra İzaura onun ailəsini yaşamaq üçün başqa bir yerlə təmin etmək üçün bütün dövlət qurumlarına müraciət etməsinə baxmayaraq, onun xahişinə məhəl qoymayıblar. O da Şuşaya qayıtmağa qərar verib. O, müsahibəsində bildirib ki, müharibədən sonra yüzlərlə erməni onun vəziyyətindədir. Hökumət heç bir tədbir görmür, onlar da çıxış yolunu Azərbaycan tərəfə keçib heç olmasa normal insan kimi yaşayacaqlarına ümid edirlər. Şuşa və ətraf rayonlarda gedən quruculuq işlərində iştirak etmək və bununla da özlərinə çörək pulu qazanmaq imkanı əldə etmək fikrindədirlər. Onlar düşünürlər ki, Xankəndidə əsir kimi xüsusi nəzarətdə yaşamaqdansa, Azərbaycan vətəndaşlığını qəbul edib normal güzəran qurmaq daha ümidvericidir.
Bu hadisədən aydın olur ki, rus sülhməramlıları bəzi məsələlərdə ermənilərin də sərbəst hərəkətinə və fəaliyyətinə mane olurlar.
Bəs sülhməramlıların dinc məqsədlərlə Şuşaya köçmək istəyən, Azərbaycan qanunlarına tabe olub, burada rifah halında yaşamaq istəyən bir qadını Şuşaya buraxmamasının səbəbi nədir?
Hazırda Xankəndi, Əsgəran və Xocalıda yaşayan ermənilər bir çox sosial problemlərlə üz-üzə qalıb. İşıq, su, internet və s. problemlər günbəgün artır ki, azalmır. Bundan savayı onlar həm də çox böyük qorxu və stress altında həyatlarını davam etdirirlər. Belə ki, burada yaşayan ermənilər onların təhlükəsizliyi üçün əsas qarant hesab edilən sülhməramlılara da etibar etmirlər.
Bir tərəfdən qorxu və təzyiq, digər tərəfdən sosial problemlərlə üzləşən erməni vətəndaşların gözlərinin önündə Şuşada quruculuq işləri həyata keçirilir. Zülmətə qərq olmuş Xankəndidən al-əlvan ışıqlarla bəzədilmiş Şuşaya baxan ermənilər artıq müqavimətin bir mənasının qalmadığını və normal yaşamaq üçün Azərbaycan siyasi-hüququ və iqtisadi sisteminə inteqrasiya olunmağın vacibliyini dərk edirlər.
Azərbaycana keçməyə ilk cəhd edənlərdən biri itirməyə heç nəyi qalmayan İzaura adlı qadındır. Lakin o da sülhməramlılar tərəfindən geri qaytarılıb. Çünki əgər sülhməramlılar erməni vətəndaşların Şuşaya və digər Azərbaycan nəzarətində olan şəhərlərə keçməsinə imkan yaratsa Xankəndi, Əsgəran və Xocalıdan qısa zamanda böyük köç başlayacaq. Bu köç elə bir köç olacaq ki, Qarabağ erməniləri ilə Ermənistan Respublikası arasında bütün humanitar bağları qıracaq, bununla da Qarabağ problemi tarixin dərinliklərinə dəfn ediləcək.
Bütün bu ssenari isə Rusiyanın qorxulu yuxusudur. Qarabağ erməniləri Azərbaycana inteqrasiya olunacaqsa, rus sülhməramlıları bölgədə kimi kimdən qoruyacaq? Qarabağ problemi tarixə dəfn olunacaqsa, Rusiya hansı rıçaqla Azərbaycana və Ermənistana təzyiq göstərəcək?
Lakin görünən odur ki, bu proses artıq başlayıb və gedişat Rusiyanın və onun regiondakı silahlı təmsilçisi olan sülhməramlıların əleyhinə gedir.
P.S. Yəqin ki, dahi Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki “Atan kazaklardır” ifadəsi hamının yadındadır...
Nicat İsmayılov
/ednews.net/