Paşinyanın rəqiblərinə qarşı 7 milyonluq dinləmə proqramı almasına dünya qüvvələri susdu, Azərbaycan barədə bu xəbər çıxanda isə...

24-09-2021, 11:06           
Paşinyanın rəqiblərinə qarşı 7 milyonluq dinləmə proqramı almasına dünya qüvvələri susdu, Azərbaycan barədə bu xəbər çıxanda isə...
Fikrət Sadıqov: “Bütün bu biabırçılıqların baş verməsi təəccüblü deyil”

Ermənistanda siyasi qüvvələrin telefonlarının dinlənməsi ilə bağlı faktlar aşkarlanıb. Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər irəli gedib ki, artıq 7 milyon dollara "Pegasus" adlı telefon dinləmə sistemini alıb. Digər ölkələrdə bu sistem xarici kəşfiyyat tərəfindən ölkənin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Bu barədə erməni mediası yazır.

Mexanizm sadədir: təyin olunan telefona adi bir reklam - sms linki göndərilir. Telefon sahibi bu linkə keçid edən kimi sistem telefonda quraşdırılır. Yeri gəlmişkən, bir adamın belə formada "tutulması"nın dəyəri 10 min dollardan çoxdur. Məlum sistem "Signal", "WhatsApp", "Telegram", "Facebook" şəbəkələrini də əlçatan edir: “Hökumət yeni sistemi əsasən müxalifət üçün tətbiq edib. Lakin namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir. Bizə müstəqil media orqanlarından birinin redaktorunun da bu şəbəkəyə daxil olduğunu söylədilər”.

Maraqlıdır ki, Azərbaycanla bağlı da təsdiqini tapmayan belə iddialar səslənib. Həmin vaxt beynəlxalq təşkilatlar çox səs-küy saldılar. Ermənistanla bağlı isə sükutdur. O baxımdan, bu daha bir ikili standarlı yanaşma nümunəsi sayıla bilərmi?

“Demokratiyadan danışan Qərb təsisatları zaman-zaman Ermənistanda yaşanan pozuntuları görməzdən gəliblər”

Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, bu kimi ikili standartların nəticəsidir ki, Ermənistan azğınlaşır: “Bəli, demokratiyadan danışan Qərb təsisatları zaman-zaman Ermənistanda yaşanan pozuntuları görməzdən gəliblər. Ölkədə müxalifət təmsilçiləri susdurulub, təqib olunub, parlament gülləbaran edilib, amma buna münasibət bildirməyiblər. Paşinyan öz rəqiblərinə qarşı müxtəlif qanundankənar vasitələrə əl atır, amma bunu tənqid etmirlər. Azərbaycana gəldikdə isə, ən adi bir məsələ ətrafında şou yaradırlar. Böyük dövlətlər Ermənistanın başını sığallayır. Nəticədə Ermənistanda hakimiyyətlər dəyişsə də, idarəçilik mahiyyəti dəyişmir. Paşinyan demokratiyanı bayraq edib hakimiyyətə gəlib, amma demokratik dəyərləri hər addımbaşı pozur. Özbaşınalıqlar elə burdan irəli gəlir. Otuz il ərzində biz ikili standartları dəfələrlə gördük. O baxımdan bütün bu biabırçılıqların baş verməsi təəccüblü deyil. Qərbin ikili yanaşmaları regionda sülhə, təhlükəsizliyə zidd addımlardır”.

Politoloq onu da qeyd etdi ki, bənzər ikili yanaşmalar bundan sonra da özünü göstərəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.