“Putinin dövründə Krımı Rusiyanın əlindən almaq qeyri-mümkündür”

2-12-2021, 00:08           
“Putinin dövründə Krımı Rusiyanın əlindən almaq qeyri-mümkündür”
Bir müddət öncə Belarus Prezidenti Aleksandr Lukaşenko Krıma səfər etmək niyyətində olduğunu söyləyib. Bu zaman o yarımadanın 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyaya çevrildiyini vurğulayıb. Rəsmi Kiyevdən Lukaşenkonun açıqlamasına cavab gecikməyib. Bildirilib ki, Belarus Krımı Rusiya ərazisi kimi tanısa, Ukrayna tam hərəkətə keçəcək.

Şübhəsiz ki, son aylar Rusiya ilə Ukrayna arasındakı gərginlik artmaqdadır. A.Lukaşenkonun məlum açıqlaması isə bu gərginliyi daha da “körükləyir”. Buna rəğmən Türkiyə gərginliyin səngiməsinə çalışır. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 3-dəTürkiyə və Rusiya dövlət başçıları arasında telefon danışığının olacağını deyib. Onun sözlərinə görə tərəflər arasında əsasən Ukrayna mövzusu müzakirə olunacaq. M.Çavuşoğlu həmçinin Türkiyənin iki ölkə arasındakı gərginliyin azaldılmasının tərəfdarı olduğunu diqqətə çatdırıb. Maraqlıdır, indiki durumda Rusiya – Ukrayna və Belarus-Ukrayna gərginliyi nə ilə nəticələnəcək?Türkiyənin bu məsələdəki mövqeyi hansı mahiyyəti daşıyır?

Vəziyyəti dəyərləndirən politoloq Natiq Miri “Sherg.az”a Krımın Rusiya tərəfindən işğal və ilhaq olunduğunu, buna hüquqi don geyindirmək üçün referendum da keçirildiyini bildirib:

“Bu referendum təbii ki, Rusiya tərəfindən qeyri-demokratik keçirilib. Artıq Krımı Rusiyanın əlindən almaq, ələxsus da Putinin dövründə qeyri-mümkündür. A.Lukaşenkonun bu davranışı onun artıq Krıma Rusiyanın əyaləti kimi yanaşdığını göstərir. Əslində hazırda Belarus-Polşa sərhəddində miqrantlarla bağlı yaranan süni problem Rusiyanın təhriki ilə baş verib.Hadisənin özü də göstərir ki, A.Lukaşenko çox çətin vəziyyətdədir. Qərb dünyasında onu Rusiyadan başqa kimsə qoruya bilməz. Ona görə Rusiyanın xoşuna gələcək istənilən addım atmağa hazırdır”.

Politoloq A.Lukaşenkonun Ukrayna-Rusiya arasında müharibə başlasa, rəsmi Kiyevə qarşı Moskva tərəfdən belarusların da vuruşacağı ilə bağlı bəzi sayıqlamalar etdiyini xatırladıb:

“Bu Belarusun artıq siyasi arenada müstəqil addım atmaq imkanın olmadığını göstərir”.

N.Miri Rusiya-Ukrayna arasında baş verə biləcək müharibə təhlükəsinə də toxunub:

“Müharibə Krımla deyil, Donbasla bağlı ola bilər. Rusiyada bu yöndə çox ciddi bir hərbi gərginlik yaranıb. Bilirsiniz ki, yüz minə yaxın rus qoşunu və ağır texnikalar Ukrayna sərhədinə toplanıb. Rəsmi Moskva bununla Ukraynanın Azərbaycanın Qarabağı azad etməsindən ruhlanaraq Donbası azad etməsinin qarşısını almaq istəyir. Bunu bəhanə edərək bütünlükdə Donbasın bütün ərazilərini işğal etməklə gələcək perspektivdə buranı da Rusiyanın tərkib hissəsinə qatmaq niyyəti güdür. Bütün baş verənlərə rəğmən hələlik böyük bir müharibənin başlayacağını proqnozlaşdırmıram”.

Politoloq Türkiyənin bu məsələlərdəki mövqeyindən söz açıb:

“Yaxın zamanda Türkiyə Ukrayna-Rusiya arasında yaranmış gərginliyin sabitləşməsi üçün yardım etmək istədiyini bildirdi. Ukrayna artıq bu məsələyə razılıq verib. Rusiya da bu yöndə qərar verəcəyini vurğulayıb. Ukrayna-Rusiya kontekstində Fransa-Almaniya-Rusiya-Ukrayna arasında dördlük format var. Bu ölkələrin hər birinin özünəməxsus geosiyasi və geoiqtisadi maraqları olduğu üçün zaman-zamam Rusiyaya müəyyən güzəştə getməklə bu problemi həll edə bilməyiblər.Nəticədə dondurulmuş münaqişəyə çevrilib. Türkiyə elə bir ölkədir ki ,hər zaman məzlumların yanında durub. O istənilən bir məsələyə qoşulursa, bunu təkcə özünün siyasi maraqları üçün etmir. Bu gün Türkiyə bütün dünyanın vicdanı olaraq çıxış edir”.

Müsahibimiz Türkiyənin özünün də daxil olduğu Qara dəniz ekvatoriyasında yeni bir müharibənin alovlanmasında maraqlı olmadığını vurğulayıb:

“Türkiyənin tərəflərə probelemin həllində yardımçı olmaqla Amerikanın da xəbərdarlıq etdiyi böyük savaşın qarşısını almaq istəyir. Əgər onlar rəsmi Ankaranın bu vasitəçiliyinə razı olsalar, bir müddətlik də olsa, müharibədən yayınmaq mümkün olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.