Azərbaycanın qeyd-şərti niyə dəyişdirilir? -
9-12-2021, 07:36

Millət vəkilinin fikrincə, artıq Qarabağ məsələsi bağlanıb və reallıq ondan ibarətdir ki, Azərbaycanın əraziləri azad olunub.
Birinci sənəd imzalananda Azərbaycanın qeyd-şərti işğal olunmuş ərazilərimiz ilə bağlı idi. Azərbaycan xüsusi olaraq bu məsələni orada qeyd-şərtlə vurğulamışdı. Bunu Sputnik Azərbaycan-a Azərbaycanın beynəlxalq sənədlərdə Ermənistanla bağlı irəli sürdüyü qeyd-şərtdəki dəyişikliklə bağlı açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkilinin sözlərinə görə, hal-hazırda reallıqlara görə bu dəyişikliyə lüzum görülür:
"Azərbaycan Vətən Müharibəsindən sonra ərazilərini işğaldan azad edib və bu reallıq göstərir ki, əvvəlki qeyd-şərtə artıq ehtiyac yoxdur. Lakin MDB-nin Əqli mülkiyyətlə bağlı yeni şurası yaranıb və burada Azərbaycan yeni qeyd-şərti xüsusi qeyd edir. Burada göstərilir ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmayana qədər Azərbaycan bu sənəddə Ermənistana aid olan məsələlərdə iştirakçı olmayacaq. Bu yeni olan, ikinci qeyd-şərtdir. Burada birinci məqsəd hamının diqqətinə reallığın dəyişdiyini çatdırmaqdır. İkinci məqam isə Ermənistanı sülhə məcbur etməklə bağlıdır. Ermənistan sülh istiqamətində zəruri addımlar atmalıdır ki, əməkdaşlıq mümkün olsun".
Millət vəkilinin fikrincə, artıq Qarabağ məsələsi bağlanıb və reallıq ondan ibarətdir ki, Azərbaycanın əraziləri azad olunub.
Qeyd edək ki, dekabrın 7-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin birgə onlayn iclası keçirilib.
İclasın gündəliyinə "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında" Sazişə və "2010-cu il 19 noyabr tarixli "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş"ə dəyişikliklər edilməsi haqqında" Protokola qoşulmaq barədə, həmçinin "Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında" qanun layihəsi daxil edilib.
Müzakirələrin sonunda sənəd baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.