Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmaya bilər? - İNCƏLƏMƏ...

9-12-2021, 09:13           
Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmaya bilər? - İNCƏLƏMƏ...
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Brüssel görüşü keçirilməyə bilər.

Bir müddət əvvəl hər iki ölkənin XİN rəhbərləri əvvəl İsveçin paytaxtı Stokholmda nəzərdə tutulan görüşünün baş tutmaması 15 dekabrda İlham Əliyev və Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan Brüssel görüşünü də sual altında qoyub.

Son zamanlarda Ermənistanın tərəfinin yenidən təxribatlara əl atması bu iddiaları gücləndirib. Hətta politoloq Tofiq Abbasov Azərbaycan Dövlət Televiziyasının efirində bildirib ki, Azərbaycan Brüssel görüşündən imtina edə bilər:

“Çünki Azərbaycanın bunun üçün əsasları var. Soçi görüşü nəyə görə idi? Birincisi, noyabrın 8-10-u arasında liderlər görüşməli idi və Ermənistan ciddi cəhdlə çalışdı ki, bu görüşü iflasa uğratsın, odur ki, həmin görüş alınmadı. Amma noyabrın 26-da Soçidə görüş oldu və orada bütün məsələlər həllini tapdı.

Brüssel görüşündən Ermənistan yox, istəsə, Azərbaycan imtina edə bilər. Çünki bu görüş Azərbaycana qətiyyən lazım deyil. Ona görə də Aİ-nin prezidenti Şarl Mişel hər vəchlə çalışır ki, Ermənistan üçün hər hansı bir şərait yaratsın. Aİ-nin Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində danışıqlar istəyirlər, qoy olsun. Azərbaycan onsuz da qalib vəziyyətdədir və bu şəraitdə, sözün əsl mənasında, özümüzü alicənab bir tərzdə aparırıq. Çünki Ermənistanın şıltaqlıqlarına məhəl qoymuruq, başa düşürük ki, artıq özlərinə gələ bilmirlər. Özlərini yenə də vəziyyətin qalibi kimi aparır, amma bu, kənardan çox gülünc görünür”.

Maraqlıdır, həqiqətən Azərbaycan Brüssel görüşündən imtina edə bilərmi? Əgər bu görüşdən imtina etsək nə baş verə bilər?

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, biz sivil bir dövlət kimi bütün görüşlərdə və konfranslarda iştirak etməyə hazırıq:

“Azərbaycan hazırda kifayət qədər güclü bir oyunçuya çevrilib. Bizim gücümüzü BMT-nin sonuncu məhkəməsi də təsdiq etdi. Çünki Ermənistanın heç bir iddiası qəbul olunmadı və bütün tələbləri rədd edildi. Bu isə bizə əlavə bir güc verir.

Artıq sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə müəyyən qədər aydınlıq gətirilib. Bundan sonrakı əsas məsələ sülh sazişinin imzalanmasıdır. Bu da öz növbəsində müzakirə olunaraq, öz həllini tapmalıdır.

Ümumiyyətlə, Brüssel görüşündə hansısa qeyri-adi qərarların çıxarılacağını gözləmirəm. Əslində, Avropa İttifaqına Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək hüququ verilməyib. Bu hüquq sadəcə ATƏT-in həmsədr dövlətlərinə verilib”.

Politoloq qeyd edib ki, Azərbaycan Brüssel görüşündən imtina etmək kimi radikal bir addım atmayacaq:

“Qarabağa Ermənistan Milli Məclisinin deputatları gəldiyi üçün Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək Stokholm görüşündən imtina etdik, görüş ləğv olundu. Stokholm görüşündən fərqli olaraq Brüssel görüşü ölkə rəhbərləri arasında olacaq. Bu məsələdə son sözü təbii ki, Prezident İlham Əliyev deyəcək.

Əslində, bu, Brüssel görüşünün gündəliyindən asılı olacaq. Yəni söhbət görüşdə hansı məsələlərin müzakirə olunmasından gedir. Biz bu görüşdən imtina etsək belə, bizim üçün heç bir problem yarana bilməz. Çünki biz bu imtinanı əsaslandıra bilərik. Bunun üçün kifayət qədər arqumentimiz var. Lakin Ermənistan bizim maraqlarımıza zidd addım atsa, o zaman bu görüşdən imtina etmək hüququmuz var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.