Fransanın seçkisi İrəvandan başlayır: Azərbaycan və Türkiyəyə qarşı növbəti addım

14-12-2021, 07:27           
Fransanın seçkisi İrəvandan başlayır: Azərbaycan və Türkiyəyə qarşı növbəti addım
Fransa prezidentliyinə namizədlər gələcək seçkilərdə qələbəyə aparan yolun Ermənistandan keçdiyini düşünür. Ultrasağçı namizəd, sabiq jurnalist və yazıçı Erik Zemmur dekabrın 11-də Ermənistana səfər edib. O, dekabrın 14-dək Ermənistanda olacağını bildirib. Zemmur bəyan edib ki, Fransa Ermənistanla imtiyazlı iqtisadi əlaqələrə malikdir və bu səfər “dəhşətli müharibənin qurbanı olmuş” erməni xalqına dəstəyini bir daha təsdiqləyəcək. France TV-nin məlumatına görə, Respublika Partiyasından prezidentliyə namizəd Valeri Pekres də Ermənistana səfər edəcək.

Pekresin Milad bayramından əvvəl Fransa tərəfindən Dağlıq Qarabağın tanınmasına dair Senatdakı qətnamənin müəllifi Bruno Retalye və Avropa İttifaqının “Brexit” üzrə danışıqlarda keçmiş nümayndəsi Mişel Barniye Ermənistana səfəri gözlənilir.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci il aprelin 10-da keçiriləcək. Hazırkı Prezident Emmanuel Makronun ikinci müddətə namizədliyini irəli sürməyəcəyi bildirilir. Lakin yeni namizədlərin seçki prosesinə Ermənistandan başlaması post-Makron dövründə də Fransanın siyasətində Azərbaycana və Türkiyəyə münasibətdə ciddi dəyişikliyin baş verməyəcəyini deməyə əsas verir. Hətta Fransada prezident seçkilərinin Ermənistandan start götürməsi ilk siyasi hadisədir.

Bu, birinci növbədə təbii ki, Fransadakı erməni diasporunun səsinin qazanılmasına hesablanmış gedişdir. Ancaq həm də hər iki namizədin səfəri Emmanuel Makronun Cənubi Qafqaz siyasətini davam etdirmək niyyətindən xəbər verir. Ermənistan üzərindən Cənubi Qafqazda Türkiyə, Rusiya, ABŞ arasında gedən geosiyasi rəqabətə qoşulmaq, Avrasiya nəqliyyat və kommunikasiya dəhlizlərinin birləşdiyi bu regiona ermənilərin vasitəsilə nəzarət imkanı əldə etmək son illər Fransanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ancaq Makron hakimiyyətinin bu sahədə fəaliyyəti Azərbaycan və Türkiyə əleyhinə əks-təbliğat aparmaqdan o yana gedə bilməyib.

Digər tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra bölgədə geosiyasi konfiqurasiya dəyişib və məğlub olmuş Ermənistanın proseslərə heç bir təsir imkanı yoxdur. Hətta Ermənistanın özü “3+3” formatı çərçivəsində Azərbaycan və Türkiyə münasibətləri bərpa etmək məcburiyyətində qalıb. Ona görə də Fransanın Ermənistandan istifadə etməklə regionda vəziyyəti dəyişməsi, yaxud mövqeyini gücləndirməsi üçün real siyasi konyuktura mövcud deyil.

Əksinə, Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətlərində başlanmış situativ dəyişikliyin yaxın perspektivdə yeni mərhələyə daxil olacağı gözlənilir. Çünki Ermənistanın “3+3” formatına daxil olması Paşinyan hökumətinin Qərblə Rusiya arasında manevr imkanlarını azaldıb. Ermənistan Avropaya inteqrasiya etmək üçün Paşinyanın dediyi kimi, Qərbə açılan pəncərəni, yəni Türkiyə ilə sərhədləri açmalıdır. Buna isə Azərbaycanla sülh sazişi imzalanmadan nail ola bilməz. Yəni Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır. Rəsmi İrəvanın kommunikasiyaların açılmasını ləngitmək cəhdləri Rusiyanın Ermənistana təzyiqlərinin artmasına səbəb ola bilər. Bu baxımdan, Fransanın maraqları naminə Rusiya və Türkiyə ilə qarşıdurmaya getmək Ermənistan üçün əlavə problem yaratmış olar.

Politoloq Tofiq Abbasov Cebhe.info-ya bildirib ki, namizədlərin Ermənistana səfəri Fransadakı seçkilərin nəticələrinə ciddi təsir göstərməyəcək. Bu, daha çox siyasi spekulyasiya məqsədi daşıyır:

“Fransa prezidentliyə namizəd öz seçki kampaniyasını Ermənistandan başlayırsa, bu onun qeyri-ciddi adam olduğunu göstərir. Çünki seçki prosesində ilk addım tutarlı, inamlı olmalıdır və rezonans doğurmalıdır. Əgər onlar Ermənistanı şişirdilmiş şəkildə gündəmə gətirmək istəyirlərsə, bununla bağlı öz planlarını qururlarsa, deməli, siyasi spekulyasiya edirlər. Fransa çalışır ki, Ermənistan Frankafoniya klubunun üzvü olsun.

Halbuki, erməni dili fransız dilinə yaxın deyil. Erməni dili Avropa dilləri ailəsinə daxil olsa da, farnsız dili ilə heç bir əlaqəsi yoxdur. Bu bəhanə ilə də onlara şərait yaratmağa çalışırlar. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Fransa xalqında və dövlətində Cənubi Qafqazda baş verən proseslərlə bağlı kifayət qədər məlumat var. Azərbaycan Prezidenti də müharibə dövründə “France 24”-ə müsahibəsində bütün həssas məqamları danışdı və münaqişənin gerçək səbəbini izah etdi. Beynəlxalq ictimaiyyətin irəli sürdüyü tələblər əsasında bu məsələ yekunlaşdı. Ermənistanın başqa dövlətin sərhədlərini pozmasının qarşısı alındı”.

O bildirib ki, Azərbaycana qarşı heç bir iddia irəli sürə bilməzlər:

“Əgər Fransa hakimiyyəti görmürsə, bu, onun problemidir. Onlar Ermənistana himayədarlıq edə, kömək edə bilərlər, amma Azərbaycan onların qarşısında gözü kölgəli deyil. Biz Makronun nə qədər canfəşanlıq etdiyini gördük. İndi də bəzi prezidentliyə namizədlər onun yolunu davam etdirir və siyasi divident qazanmağa çalışır. Mən inanmıram ki, Ermənistan səfəri onlara seçkilərdə qələbə qazanmaq imkanı yaradacaq. Bu, sadəcə olaraq, manipulyativ və spekulyativ gedişdir. Onlar bir şeyi anlamalıdır ki, Ermənistana dəyər verirlərsə, ona düz yol göstərməlidirlər. Ermənistanı başa salmalıdırlar ki, sən bu bölgədə yeganə ölkəsən ki, oyundan kənar vəziyyətdə qalmısan. Regional inteqrasiya proseslərinə qoşul, qonşularla əlaqələri bərpa et. Biz Ermənistanın sərhədləri açmaq üçün Türkiyəyə necə yalvardığını görürük. Müharibənin nəticələri, Azərbaycanın istifadə etdiyi taktika və strategiya ermənilərdə yararsızlıq kompleksi yaradıb. Ona görə də bizə qarşı hələlik təxribatları davam etdirirlər”.

Ekpert hesab edir ki, Fransa Prezidenti seçilmək üçün namizədlərin Ermənistana gəlməsi mənasız addımdır. Çünki ermənilər Fransadakı seçkilərin nəticəsinə təsir göstərmək gücündə deyil:

“Fransanın 80 milyon əhalisi var. 500 min nəfərə yaxın erməninin səsi heç nəyi dəyişməyəcək. Bu, şişirdilmiş kartdır”.

Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.